Gorus-Qafan yolunda yanacaqdoldurma məntəqəsi tikilir - VİDEO

   Gorus-Qafan yolunda yanacaqdoldurma məntəqəsi tikilir -    VİDEO
  26 Noyabr 2021    Oxunub:3060
SOCAR Gorus-Qafan yolunda yeni yanacaqdoldurma məntəqəsi tikir. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov AzVision.az -a açıqlamasında “SOCAR PETROLEUM” QSC-nin Qubadlı rayonunda, Gorus-Qafan yolunun üzərində, “SOCAR” brendli yeni yanacaqdoldurma məntəqəsinin (YDM) istifadəyə verilməsini təsdiqləyib.
O bildirib ki, böyük zəfərin ardından işğaldan azad edilmiş Qarabağ bölgəsində fasiləsiz quruculuq işləri həyata keçirilir:

“Beləliklə “SOCAR” brendi ilə fəaliyyət göstərən YDM-lərin sayı 41-ə çatdırıldı. Qarabağ bölgəsində isə “SOCAR”yanacaqdoldurma məntəqələrinin sayı üçə çatdı. YDM özünə xidmət üsulu ilə fəaliyyət göstərəcək. Belə ki, müştərilər YDM-də quraşdırılmış xüsusi ödəniş terminalı vasitəsilə ödəməni həyata keçirdikdən sonra özləri yanacaqpaylayıcı kalonkadan yanacaq təminatlarını ödəyə biləcəklər".



İ.Əhmədov qeyd edib ki, yeni istifadəyə verilmiş YDM-də üç yanacaqpaylayıcı kalonka quraşdırılıb:

"Beləliklə bu yanacaqdoldurma məntəqəsində “A-95-PREMİUM, “A-92” markalı benzin və “Dizel” tipli yanacaq məhsullarının satışı həyata keçiriləcək. Bununla da 4 kiçik və bir iritutumlu avtonəqliyyat vasitələrinin yanacaqla təmin edilməsi üçün şərait yaradılıb".

İ.Əhmədov bildirib ki, SOCAR daha əvvəl Şuşada və Ağdam rayonunda modul tipli YDM-ləri açmışdı. Sonuncu istismara verilən YDM isə Qubadlı rayonu, Eyvazlı kəndinin ərazisində yerləşir.

Qeyd edək ki, “SOCAR PETROLEUM” QSC 41 yanacaqdoldurma məntəqəsi və 11 neft terminalından ibarət neft məhsullarının topdan satışı şəbəkəsinə sahibdir. Sıxılmış təbii qazın (CNG) mühərrik yanacağı kimi tətbiq olunmasında lider olan “SOCAR PETROLEUM” QSC-nin bu tip yanacağın istehsalı və satışı üçün terminalı fəaliyyət göstərir. “SOCAR PETROLEUM” QSC-nin fəaliyyətinin prioritet istiqamətləri təhlükəsizlik, yanacaq satışının dəqiqliyi və xidmət rahatlığına xüsusi diqqət yetirərək müştərilərin ehtiyaclarını təmin etməkdir.

Aytən Zəhra
AzVision.az



Teqlər: Qarabağ   SOCAR  





Xəbər lenti