Aİ Şurasının rəhbəri Qarabağdakı bərpa işləri barədə məlumatlandırılıb

Aİ Şurasının rəhbəri Qarabağdakı bərpa işləri barədə məlumatlandırılıb
  27 Oktyabr 2021    Oxunub:1099
Azərbaycan Respublikasının Avropa İttifaqı (Aİ) yanında nümayəndəliyinin rəhbəri səfir Vaqif Sadıqov etimadnaməsini Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelə təqdim edib.
AzVision.az xəbər verir ki, söhbət zamanı Şarl Mişel səfiri bu vəzifəyə təyin olunması münasibətilə təbrik edib, ona Azərbaycan və Aİ arasında münasibətlərin daha da möhkəmləndirilməsi istiqamətindəki gələcək fəaliyyətində uğurlar arzulayıb.

Səfir Vaqif Sadıqov Şarl Mişelə Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını və xoş arzularını çatdırıb. O, Avropa İttifaqı Şurasının Prezidentinin ötən ilin iyulunda Azərbaycana səfərinin ikitərəfli münasibətlərin möhkəmləndirilməsi və regional məsələlər üzrə dialoqun gücləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.

Görüşdə Şərq Tərəfdaşlığının 2020-ci ildən sonrakı prioritetləri, İqtisadi və Sərmayə Planının icrası ilə bağlı fikir mübadiləsi aparılıb. Səfir qarşıdan gələn Şərq Tərəfdaşlığı sammitindən Azərbaycanın gözləntiləri barədə Aİ Şurasının Prezidentinə məlumat verib.

Səfir V.Sadıqov Azərbaycan və Aİ arasında yeni saziş üzrə danışıqların tezliklə bərpasına ümid etdiyini bildirib və açıq qalmış məsələlərin qarşılıqlı kompromislər əsasında həlli üçün Azərbaycanın güclü siyasi iradəsinin olduğunu qeyd edib.

Səfir Cənub Qaz Dəhlizinin ərsəyə gəlməsində Aİ ilə uğurlu əməkdaşlığı və Azərbaycandan təbii qazın daha geniş Avropa coğrafiyasına çatdırılması potensialını vurğulayıb.

Vaqif Sadıqov Prezident Şarl Mişele regionda müharibə sonrası hadisələr, o cümlədən Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan genişmiqyaslı yenidənqurma və bərpa işləri barədə məlumat verib. O, Azərbaycan Prezidentinin bəyanatını xatırladaraq ölkəsinin Aİ-yə etibarlı tərəfdaş kimi baxdığını vurğulayıb. Səfir Aİ-nin regionda sülh quruculuğu səylərini dəstəkləmək istəyini alqışlayıb.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel onun səmimi salamlarını, xoş arzularını və minnətdarlığını Prezident İlham Əliyevə çatdırmağı səfirdən xahiş edib. Şarl Mişel Prezident İlham Əliyevin qarşıdan gələn Şərq Tərəfdaşlığı sammitində iştirakına ümidvar olduğunu bildirib.

AzVision.az



Teqlər: Avropa-İttifaqı   Azərbaycan  





Xəbər lenti