Ər-Riyad İrəvanla diplomatik münasibətlər qurmağa hazırlaşır?

Ər-Riyad İrəvanla diplomatik münasibətlər qurmağa hazırlaşır?
  27 Oktyabr 2021    Oxunub:1770
Ermənistan prezidenti Armen Sərkisyanın Səudiyyə Ərəbistanına səfəri maraq doğurub. Çünki Səudiyyə Ərəbistanı ilə Ermənistan arasında diplomatik münasibətlər yoxdur.
Ər-Riyad Azərbaycan torpaqlarının işğalına görə Türkiyə və Pakistan kimi Ermənistanla diplomatik münasibətlər qurmaqdan imtina etmişdi. Rəsmi Bakı hər zaman buna görə Ər-Riyada minnətdar olub. Bəs nə oldu ki, Səudiyyə Ərəbistanının hakim ailəsi qəfil Ermənistan prezidentini Ər-Riyada dəvət etmək qərarına gəldi? Belə çıxırmı ki, Səudiyyə Ərəbistanı da bəzi ölkələr kimi Azərbaycan-Türkiyə hərbi ittifaqından narahatdır?

Məsələni AzVision.az -a şərh edən politoloq Elxan Şahinoğlu deyir ki, şahzadə Məhəmməd ibn Salman vəliəhd olduqdan sonra da Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasındakı münasibətlərdə problem olmayıb. Ancaq Məhəmməd ibn Salmanın Türkiyə ilə münasibətlərində problemləri var. Mümkündür ki, Salman Türkiyə kimi Ankaranın strateji müttəfiqi olan Azərbaycana da eyni gözlə baxır.



Erməni saytları prezident Armen Sərkisyanın Səudiyyə Ərəbistanına ilk rəsmi səfərini iki ölkə arasındakı münasibətlərdə dönüş kimi qiymətləndirirlər. Armen Sarkisyanı Ər-Riyadın hava limanında xarici işlər naziri Adel əl-Cubeyr qarşılayıb. Bu günə qədər Ermənistanın heç bir rəsmisi Ər-Riyada səfər etməmişdi. Ermənistan müstəqilliyini qazandlqdan bu yana Səudiyyə Ərəbistanı ilə sıx münasibətlər qurmağa çalışıb, ancaq hər dəfə Ər-Riyaddan rədd cavabı alıb. Bu dəfə isə müsbət cavab gəldi.

Əlbəttə, Azərbaycan heç bir ölkənin daxili işlərinə qarışmır. Mümkündür ki, Azərbaycan İkinci Qarabağ müharibəsində qələbə qazandıqdan sonra Səudiyyə Ərəbistanın hakimiyyətində düşünüblər ki, əgər Azərbaycan işğal faktına son qoyubsa, onda Ər-Riyadın İrəvanla münasibətlər qurmasına heç bir əngəl qalmayıb. Ancaq əgər Ankara və İslamabad Qarabağ probleminin həllinə rəğmən, Ermənistanla münasibətlərin normallaşması məsələsində hələ addım atmayıblarsa və bu prosesi Ermənistanın Azərbaycanla imzalayacağı sülh sazişi ilə əlaqələndirirlərsə, Ər-Ruyad fərqli hərəkətə etməyə qərar verib. Bu Səudiyyə Ərəbistanın daxili işidir. Ancaq hər halda rəsmi Bakı diplomatik kanallarla Ər-Riyadın Cənubi Qafqaz siyasəti hansı şəkildə korrektə etdiyini öyrənə bilər.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ər-Riyad   Ermənistan  





Xəbər lenti