Amerika milyarderləri yeni informasiya cəbhəsi açırlar

   Amerika milyarderləri yeni informasiya cəbhəsi açırlar
  27 Oktyabr 2021    Oxunub:1501
Corc Soros və Rid Hoffman da daxil olmaqla, amerikalı miyarderlər “dezinformasiya ilə mübarizə” üçün yeni media şirkəti təsis edirlər. “Axios” agentliyinin məlumatına görə, onların yaradacaqları ictimai korporasiya bu layihə ilə yanaşı yeni media şirkətlərini də maliyyələşdirəcək.
AzVision.az xəbər verir ki, “Good Information Inc” adlandırılan bu korporasiya faktlara əsaslanan informasiyanı dəstəkləyən şirkətləri maliyyələşdirəcək və onların miqyasını genişləndirəcək. Qurum öz missiyası çərçivəsində yerli xəbər kanallarına da sərmayə qoymağı planlaşdırır.

Qrupa keçmiş strateq-demokrat, əvvəllər proqressiv “ACRONYM” qeyri-kommersiya təşkilatının rəhbəri olmuş xanım Tara Makqouen başçılıq edəcək.

T. Makqouen bildirib ki, Rid Hoffmanın çoxmilyonlu ilkin sərmayəsi əsasında “Good Information”un işə salınması təşəbbüsünə sərmayədarlar Ken və Cen Dudalar, Corc Soros və “Incite Ventures” qoşulublar.

- Biz sərmayədarlarımız haqqında informasiyanı ona görə açıqlayırıq ki, inamsızlıq atmosferində şəffaflığın həqiqətən də çox vacib olduğunu düşünürük,- Tara Makqouen qeyd edib.

“Good Information Inc” dezinformasiya böhranının öhdəsindən gələ biləcək yeni şirkətlərə, təşəbbüslərə və qərarlara sərmayə yatıracaq. Bu yeni yaradılacaq və artıq fəaliyyət göstərən xəbər agentliklərinin məlumatlarını yayan mövcud şirkətlərin də maliyyələşdirilməsini nəzərdə tuta bilər.

“Qrupun bütün siyasi spektr üzrə təşkilatlara da sərmayə qoyacağı istisna olunmur. Amma, onların redaksiya standartlarının faktlara əsaslanan məlumatı dəstəkləməsi şərtilə. Çünki bizim yaşadığımız informasiya böhranı siyasətdən də böyük bir məfhumdur”,- xanım Makqouen vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Soros   informasiya  





Xəbər lenti