Seyran Ohanyanın ermənisayaq narazılığı

   Seyran Ohanyanın ermənisayaq narazılığı
  27 Oktyabr 2021    Oxunub:1528
“Parlamentdə “Azərbaycanla Ermənistan arasındakı təmas xəttində vəziyyət və sərhədlərin demarkasiyası” mövzusunda keçirilən qapalı müzakirələrdə biz çox suala cavab almadıq”.
AzVision.az erməni mediasına istinadən bildirir ki, Ermənistanın sabiq müdafiə naziri, parlamentdəki “Ermənistan” fraksiyasının rəhbəri Seyran Ohanyan jurnalistlərə belə açıqlama veirb. O, KİV-lə söhbətində müzakirələrdən bir neçə nəticə çıxardığını deyib.

-Əvvəla, biz müzakirələrə ölkənin birinci siyasi şəxslərini, yəni siyasi, strateji, hərbi-siyasi, habelə hüquqi bazaya malik olan qurumların birinci şəxslərini dəvət etmişdik. Amma müzakirə zamanı biz çox suallara cavab ala bilmədik.

İkincisi, müharibə bitdikdən sonra erməni qoşunlarının öz mövqelərindən, xüsusilə də Sünikdə və Geqarkunikdə geri çəkilməsinə heç bir səbəb yox idi. Biz belə nəticəyə gəldik ki, bu şifahi razılaşma əsasında edilib. Qoy bu razılaşmanın kiminlə olduğunu bizim cəmiyyətə desinlər.

Üçüncüsü, keçmiş Sovet İttifaqı dövründə Ermənistanla Azərbaycan arasında mövcud olan təmas xəttindəki vacib strateji məntəqələrin, yolların və yüksəkliklərin tutulması barədə heç bir qərar qəbul edilməmişdi. Yəni cəld şəkildə mükələfiyyət aparmaq, qərar qəbul etmək, mövqeləri möhkəmlətmək lazım idi. Amma hər şey əksinə edildi. Məsələn, Sünik vilayətindəki özünümüdafiə dəstələrinə mövqelərdən geri çəkilmək tapşırığı verildi. Bunu nəzərə alaraq, biz ilk növbədə Müdafiə nazirliyi ilə Milli Təhlükəsizlik xidmətinin sərhəd qoşunları arasında qarşılıqlı əlaqənin səviyyəsini, zərurət yarananda onların bir-birini əvəzləyə bilməsi imkanını gücləndirməliyik. Əlbəttə ki, digər məqam əslində heç bir əsas, əmr və hüquqi baza olmadan bu gün Azərbaycanın məcburiyyəti altında sərhədlərin demarkasiyasının aparılmasıdır,-Ohanyan bildirib.

Ermənistanın sabiq müdafiə nazirinin dediyinə görə, azərbaycanlıların Ermənistan ərazisinə (?!) niyə daxil olması, günahkarın kimliyinin müəyyənləşdirilməsi, həmin adamların məsuliyyətə cəlb edilib-edilməməsi və mövqelərin bərpası üçün hansı addımların atılması ilə bağlı heç bir təhlil aparılmayıb.

- Azərbaycan və Türkiyənin ritorikası isə Ermənistanın sülh müqaviləsini bağlamasına və Azərbaycanın ərazi bütövlüyünü tanımasına aparır. Bu bizdə narahatlıq yaradır, -Seyran Ohanyan vurğulayıb.

Mövcud reallıqla heç cür barışmaq istəməyən keçmiş müdafiə nairi bütün bunların və 2020-ci il noyabrın 9-da qəbul edilmiş bəyanat kimi halların gündəmə gəlməsinin qarşısının alınması üçün müqavimət hərəkatının yaradılmasına əmin olduğunu deyib.

Aprel döyüşlərinin məğlub müdafiə naziri və hərbi texnika adı altında Ermənistan ordusu üçün yararsız silah-sursat almaqla milyon dollarlarla vəsaiti mənimsəmiş general kimi tarixə düşən Seyran Ohanyan yəqin ki, “müqavimət” hərəkatının rəhbəri kimi özünü görür.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Ermənistan   Ohanyan  





Xəbər lenti