“Regional sabitlik üçün nəqliyyat xətlərinin yaradılması önəmlidir " - Ərdoğan

   “Regional sabitlik üçün nəqliyyat xətlərinin yaradılması önəmlidir " -     Ərdoğan
  27 Oktyabr 2021    Oxunub:1274
"Füzuli Beynəlxalq Hava Limanı təkcə Azərbaycan üçün deyil, ümumilikdə Qafqaz bölgəsində kommunikasiya baxımından müəyyən üstünlüklər yaradacaq”.
AzVision.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan səfərdən qayıdarkən təyyarədə jurnalistlərə deyib.

Tikintisi qısa vaxtda, 8 aya başa çatan Füzuli Beynəlxalq Hava Limanının Prezident İlham Əliyevlə birlikdə açılışını etdiklərini xatırladan Ərdoğan, bununla da mühüm hava nəqliyyatı marşrutunun həyata keçirildiyini bildirib.

“Azərbaycanın iradəsinin təzahürü olan bu önəmli nəqliyyat mərkəzinin fəaliyyətə başlamasında əməyi olan hər kəsi təbrik edirəm. Bölgənin inkişaf prioriteti olan bu liman çox qısa müddətdə tamamlandı”, - Türkiyə lideri deyib.

Magistral yolların tikintisi ilə bağlı da işlərlə tanış olduqlarını söyləyən Ərdoğan, yeni yolların təməlqoyma mərasimində iştirak etdiyini bildirib: "Şirkətlərimizin bölgədə həyata keçirdiyi yol tikintisi ilə bağlı rəsmilərimizdən və əməkdaşlarımızdan məlumat aldıq. Türkiyə olaraq regional sülh və sabitliyin yaradılmasında nəqliyyat xətlərinin əhəmiyyətini hər zaman vurğulamışıq. Türkiyə şirkətləri infrastruktur quruculuğunda ciddi işlər görüblər. Füzuli hava limanında 12 türk şirkəti azərbaycanlı qardaşları ilə birgə çalışıb və bunu qısa müddətdə yekunlaşdırıblar. İndi iki hava limanının tikintisi davam edir. Onların tez bir zamanda, bir il ərzində başa çatdırılması planlaşdırılır”.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Azərbaycan   Türkiyə  





Xəbər lenti