"Sizinlə keçirdiyim iki il həmişəlik yaddaşımda qalacaq" - Səfir

 "Sizinlə keçirdiyim iki il həmişəlik yaddaşımda qalacaq" -  Səfir
  26 Oktyabr 2021    Oxunub :320
"Azərbaycandakı diplomatik missiyam oktyabrın sonunda başa çatır və yoladüşmə ərəfəsində hisslərimi ifadə etmək, vidalaşmaq üçün uyğun söz tapmaq mənim üçün çətindir. Sizinlə keçirdiyim iki il həmişəlik yaddaşımda və ürəyimdə qalacaq".
AzVision.az xəbər verir ki, bunu Əlcəzairin ölkəmizdəki səfiri xanım Səlimə Abdelhak müraciətində deyib.

Xanım diplomat qeyd edib ki, o, Əlcəzair hakimiyyətinin 2015-ci ildən artıq Bakıda fəaliyyət göstərməyə başlayan diplomatik nümayəndəliyinin səviyyəsini yüksəltmək, ölkələrimiz və xalqlarımız arasında münasibətləri daha da gücləndirməsi üçün Azərbaycanda səfirlik açmaq məqsədilə təyin olunub və qarşıya qoyulan məqsədə çatılıb.

Onun sözlərinə görə, hazırda Əlcəzair səfirliyi Azərbaycanda akkreditə olunmuş 72 diplomatik nümayəndəlikdən biridir.

"Məni COVID-19 pandemiyasının yaratdığı məhdudiyyətləri aşmağa həvəsləndirən bu "odlar diyarında" ölkəmin ilk səfiri olmaq imtiyazına sahib oldum. Bakının keyfiyyətli infrastrukturu qərargah və iqamətgah seçimini asanlaşdırdı. Buna görə də, şəhidlərinin müqavimət və qurbanlıq simvolu olan Əlcəzair bayrağını dalğalandırmaq üçün Bakının məşhur bulvarını və Xəzərin gözəl buxtasını seçdim. Koronavirusla bağlı məhdudiyyətlərə baxmayaraq, səfirlik dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyi ilə bağlı bir sıra tədbirlər, müsahibələr və vidio-konfrans keçirib", - səfir vurğulayıb.

Əlavə edib ki, Azərbaycan ədəbiyyatının bu böyük siması onu filosof, mütəfəkkir, uzaqgörən və bu gün beynəlxalq humanitar hüquq adlandırdığımız hər şeyin atası sayılan Əmir Abdelkaderi xatırlamağa ruhlandırıb: "Mən sizin ölkənizi və xalqınızı tanıdım, aşkar etdim ki, bizim çoxlu ortaq cəhətlərimiz var. Bunlar xüsusən də suverenliyimizə, müstəqilliyimizə və ərazi bütövlüyümüzə bağlılığımız, sülh və inkişafa can atmağımızdır. İqtisadiyyatımızın şaxələndirilməsi və onun karbohidrogenlərdən asılılığının azaldılması ilə bağlı eyni vəzifəmiz var. Təbii sərvətlərimizə və xalqlarımızın əzmkarlığına arxalanaraq çağırışların öhdəsindən gəlmək üçün böyük potensialımızın fərqindəyik. Əməkdaşlıq potensialını araşdırdım və bir neçə sahədə onların saysız-hesabsız olduğunu müəyyən etdim. Əlcəzair və Bakıda bəzi proqramlara start verilib, təyinatlar olub. Bütün bunlar mənim xələfimin də gündəmində olacaq. Missiyam zamanı mənə göstərdiyiniz səmimi qarşılama və hərtərəfli köməyiniz olmasaydı, missiyamı yerinə yetirməkdə çətinlik çəkərdim. Qurumlar və dövlət səlahiyyətliləri, eyni zamanda bütün xalq və vətəndaş cəmiyyəti qapılarını üzümə açdılar".

O deyib ki, əlcəzairli, müqavimətli və mübariz millətin vətəndaşı, xüsusilə də bir xanım olaraq mənə çox böyük hörmət göstərildi: "Mən onların çoxşaxəli, müəyyən aspektlərdə Azərbaycan mədəniyyətinə çox yaxın olan mədəniyyətimizə maraq göstərmələrini xüsusi qiymətləndirdim. Ölkəmi bütün ölçüləri ilə: tarixi, mədəni, iqtisadi və bilik dünyası ilə tanımaq üçün birbaşa əlaqəyə üstünlük verən və onun köşələrinə çıxış imkanı verən mətbuata təşəkkürümü bildirirəm. ADA, Xəzər, UFAZ Universiteti və digər beyin mərkəzləri, o cümlədən Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, Müqayisəli Ədəbiyyat Assosiasiyası və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin və digərlərinin rəhbərləri mənimlə görüş keçirərək, fikir və məlumat mübadiləsi apardılar. Bu, çoxşaxəli təmaslar mənə qardaş və qonaqpərvər xalqı dərindən tanımağı öyrətdi, onların tarixində böyük bir anı yaşamaq şərəfinə nail oldum".

Xanım səfir əlavə edib ki, o, şəxsi yükləri arasında Azərbaycanın rəngləri ilə dolu virtual çemodan da aparır: "Siyasi, sosial, iqtisadi və mədəni əlaqələrimizi daha da dərinləşdirmək üçün öz kiçik əməyimi sərf etdiyimə inanaraq Bakıdan ayrılıram. Zaman keçdikcə dövlət başçılarımızın xüsusi səyləri, hökumətlərimizin və xalqlarımızın birgə əməkləri nəticəsində əlaqələrimiz daha da güclənəcək".

Pərvanə Sultanova
AzVision.az

Teqlər: Əlcəzair   Səfir   Azərbaycan  







Xəbər lenti