Terrorçu "tibb bacısı", yoxsa Azərbaycana qarşı döyüşən amerikalı muzdlu?!

    Terrorçu "tibb bacısı", yoxsa Azərbaycana qarşı döyüşən amerikalı muzdlu?!
  26 Oktyabr 2021    Oxunub:2287
İkinci Qarabağ müharibəsi zamanı Ermənistan ordusu döyüşlərə xeyli sayda muzdlu - xarici ölkələrin vətəndaşlarını cəlb etmişdi. Həmin muzdluların bir qismini ordumuz məhv etdi. Əsir düşənlər də oldu. Məsələn, yayda Yasamal Rayon Məhkəməsinin livanlı Eulcekcian Viken Abrahama 20 il həbs kəsməsini xatırlatmaq olar.
İrəvan isə muzdlu terrorçuların xidmətindən yararlanmadığını iddia edir. Maraqlıdır ki, bir çox hallarda elə erməni mediasının özü rəsmi İrəvanı ifşa edir. Buna misal olaraq Qarabağ müharibəsində Ermənistan ordusunun tərkibində döyüşmüş amerikalı muzdlu terrorçulardan birinin müsahibəsini göstərmək olar. Ermənistanın “səxavət xurcun”u o qədər geniş olub ki, ABŞ vətəndaşı hətta müharibədən sonra da İrəvanda qalmağa qərar verib.

Qarabağda döyüşən livanlı muzdluya 20 il həbs verildi - YENİLƏNİB
Məqalədə deyilir ki, erməni əsilli 40 yaşlı amerikalı ötən ilin oktyabrında İrəvana gələrək, dərhal cəbhəyə yollanıb. AzVision.az müsahibən maraqlı hissələri təqdim edir:

- Ceyms (Ad dəyişdirilib - red.) Amerikada doğulub və təqaüdə çıxmazdan əvvəl uzun illər yanğınsöndürən kimi çalışıb. Valideynləri və qardaşı hazırda ABŞ-da yaşayır. Ceymslə İrəvanda kirayə qaldığı mənzildə görüşdük. Onun yanında 44 günlük müharibə zamanı komandiri olmuş 35 yaşında bir nəfər də var idi. Döyüş yoldaşları komandirə “Keri” deyirlər ( tərcümədə "dayı" - red. ).

Komandir deyir ki, Ceyms onlara oktyabr ayında Taqavardda qoşulub. Təəccüblənirmiş ki, nə üçün bu amerikalını cəbhəyə buraxıblar. Amerika vətəndaşı isə məhz xüsusi tabora qoşulmaq üçün okeanın o tayından uçaraq Azərbaycan torpaqlarına gəlməyini aşkar şəkildə etiraf edib.

- Təsəvvür edirdim ki, nə vaxtsa Qarabağda yenidən müharibə başlayacaq. Həmin vaxt döyüş meydanında cibimdə daşıdığım ABŞ pasportu ilə bağlı problemlər yarana bilər. Ermənistan ordusunun necə işləməsi barədə daha aydın təsəvvürə malik olmaq istəyirdim və bu səbəbdən VOMA-nın (məqsədi ehtiyatda olan əsgərlərin, çağırışçıların və könüllülərin döyüş hazırlığı olan "hərbi-vətənpərvərlik" təşkilatı - red.) toplanışına qatılmaq üçün on günlük Ermənistana gəlməyi planlaşdırdım. "Təsadüfən" sentyabrın 27-də İrəvana aviabilet almağa qərar verdim və sonra bildim ki, hər şey indi başlayır,- muzdlu döyüşçü uydurduğu nağılı jurnalistə danışıb.

Amerika vətəndaşı yaxşı motosiklet sürdüyünü deyərək, hər gün həyatını riskə atdığını söyləyib: "Ölüm mənim üçün qorxulu deyil. Bilirdim ki, beynim bütün bu illər ərzində yanğında işlədiyi kimi döyüşdə də işləyəcək. Ermənistana gələndə məni "tibb bacısı" kimi Qarabağa göndərdilər".
Komandiri isə Ceymsin sözünü kəsərək deyib ki, “Ancaq o gələn kimi dərhal əlinə avtomat götürdü”.
Müsahibədə həmçinin Ceymsin Taqavard və Qırmızı Bazarda VOMA-nın yaratdığı qruplaşmaların tərkibində döyüşdüyü xüsusi olaraq vurğulanır.

Qeyd edək ki, Ermənistanın ikinci Qarabağ müharibəsində Azərbaycana qarşı döyüşlərə muzdlu və terrorçu dəstələr cəlb etməsi heç kimə sirr deyil. Azərbaycan bununla bağlı xeyli sayda təkzibolunmaz faktları aşkara çıxara bilib.


Müharibədən sonra ermənilər özləri də beynəlxalq konvensiyalara zidd əməllərini etiraf edir, Qarabağa Rusiya, Fransa, Livan, ABŞ və digər ölkələrdən xarici vətəndaşların gətirildiyini, onları muzdlu kimi döyüşlərə cəlb etdiklərini gizlətmirlər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Muzdlu   ABŞ   Ermənistan   Qarabağ  





Xəbər lenti