Üçtərəfli görüş sülhü yaxınlaşdırırmı?- ŞƏRH

         Üçtərəfli görüş sülhü yaxınlaşdırırmı?-   ŞƏRH
  23 Oktyabr 2021    Oxunub:1076
Rusiyanın “RİA Novosti” noyabrın ilk ongünlüyündə Kremldə Rusiya, Azərbaycan və Ermənistan arasında üçtərəfli görüşün keçiriləcəyini bildirib. Xəbərdə görüşün noyabrın 8-i və ya 9-da keçirilə biləcəyi vurğulanıb.
Bu o deməkdir ki, Kreml görüşün İkinci Qarabağ müharibəsinin bitməsinin bir ilinin tamamında keçirməyi planlaşdırır.

Məsələni AzVision.az –a şərh edən politoloq Elxan Şahinoğlu deyir ki, Moskvanın görüş üçün bu tarixə üstünlük verməsi təsadüfi deyil. Bununla Kreml həm ətraf aləmə mesaj göndərir ki, “proses Kremlin nəzarətindədir”, həm də demək istəyir ki, “məsələni həll edə biləcək tək ölkə Rusiyadır”.

- Təsadüfi deyil ki, Rusiya prezidenti Vladimir Putin bir neçə gün əvvəl “Valday” diskussiya klubunun iclasında Azərbaycanla Ermənistan arasındakı sərhəd probleminin həllində vasitəçi ola biləcək yeganə ölkənin Rusiyanın olduğunu vurğulayıb. Kreml sahibi bunu belə əsaslandırıb ki, keçmiş sovet respublikalarının sərhədlərini müəyyənləşdirən xəritələr Moskvadadır. Digər tərəfdən müharibənin bitməsindən sonra Azərbaycan, Rusiya və Ermənistanın baş nazirlərinin müavinləri səviyyəsində keçirilən bir neçə üçtərəfli görüşün bu mərhələsini məntiqi sonluğa yaxınlaşdırmaq lazımdır.

“RİA Novosti” agentliyinin yayımladığı xəbərdə liderlərin növbəti görüşündə iki maddəli sənədin imzalanacağı bildirilib.

Moskva görüşündə üçtərəfli bəyanat qəbul ediləcək - KİV
Birinci maddə Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası və demarkasiyasına aid olacaq. Xəbərdə yazılıb ki, “bu mürəkkəb prosesdir və tərəflər Rusiyanın vasitəçiliyi ilə özləri üçün məsələnin həlli ilə bağlı "yol xəritəsini" müəyyən edəcəklər”.

İkinci sənəd bölgədə nəqliyyat kommunikasiyalarının açılmasına dair olacaq. Xəbərdə bu məsələnin hələ ötən ilin noyabrında üç ölkənin liderləri tərəfindən qəbul olunmuş bəyanatda öz əksini tapdığı xatırlanıb.



Ekspert deyir ki, “RİA Novosti” Rusiya hökumətinə bağlı informasiya agentliyidir. Ona görə də liderlərin noyabrın 8-i və ya 9-da görüşəcəyi ehtimalı yüksəkdir.

- Azərbaycan Prezidenti hər iki sənədi imzalamağa hazırdır. Sərhədlərin müəyyənləşməsi və kommunikasiya xətlərinin açılması Azərbaycanın maraqlarına uyğundur. Buna artıq Ermənistanın baş naziri Nikol Paşinyan da etiraz etmir. O son açıqlamasında Naxçıvanla Azərbaycanın materik hissəsini birləşdirən nəqliyyat yollarının açılması mümkünlüyünü bildirib. Yəni Paşinyan erməni cəmiyyətini buna hazırlayıb. Rusiya prezidenti Vladimir Putin də Naxçıvana uzanan kommunikasiya xətlərinin açılması zərurətini “Valday`dakı müzakirələrdə səsləndirib.

Buna baxmayaraq, “RİA Novosti”nin yaydığı xəbərdə Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması barədə heç nə yoxdur. Paşinyan buna hələ hazır deyil. Ancaq əgər sərhədlərin müəyyənləşməsi məqsədilə danışıqlar başlayacaqsa və kommunikasiya xətləri açılacaqsa, növbəti addım iki dövlətin bir-birlərinin ərazi bütövlüklərini tanıyan sülh sazişini imzalaması olacaq.

Maraqlıdır ki, Vladimir Putin “Valday”dakı çıxışında belə bir fikir də işlədib: “Söhbət Qarabağda rusiyalı sülhməramlıların müddətinin uzadılmasından getmir...” Başqa sözlə Putin bu məsələdə israrlı deyil. Bizə də elə bu lazımdır. Bəlkə elə ona görədir ki, Qarabağ separatçılarının lideri Araik Arutyunyan ətrafındakılara deyib ki, onlardan tərksilah olunmağı tələb edirlər...

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Paşinyan   Azərbaycan   Görüş   Putin   İlham-Əliyev  





Xəbər lenti