Müharibənin 26-cı günü: Azərbaycan çirkin rejimin belini qırır

   Müharibənin 26-cı günü: Azərbaycan çirkin rejimin belini qırır
  22 Oktyabr 2021    Oxunub:1088
2020-ci il oktyabrın 22-də Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoçu qəbul edən Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad olunmuş ərazilərimizdə düşmənin törətdiyi vəhşiliklərin miqyasını açıqlayaraq, hələ də bəzilərinin təcavüzkara hərbi-siyasi dəstək verdiyini diqqətə çatdırdı. Dövlət başçısımız bütün bunlara baxmayaraq bu çirkin rejimin belini qırdığımızı və qıracağımızı vurğuladı.
Vətən Müharibəsinin 26-cı günü gecə saatlarında Azərbaycan Prezidenti İlham Əliyevin öz “Twitter” səhifəsində

Müzəffər Azərbaycan Ordusu Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfədinli, Aşağı Rəfədinli, Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstalıbəyli, Dərzili kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!

Müzəffər Azərbaycan Ordusu Zəngilan rayonunun Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndlərini və Ağbənd qəsəbəsini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!

yazılarını yerləşdirərək Silahlı Qüvvələrimizin növbəti uğurları münasibətilə xalqımızu təbrik etməsi həqiqətən də düşmənin belinin qırıldığının bariz nümunəsi idi.
Ağbənd qəsəbəsinin azad olunması isə Azərbaycan-İran sərhədinin tam nəzarətə götürülməsini təmin etdi.

Həmin gün cəbhənin Xocavənd istiqamətində Ermənistan silahlı qüvvələri 155-ci artilleriya alayının D-20 batareyasının şəxsi heyəti arasında çoxlu sayda yaralanan oldu. Hadrut qəsəbəsindən şimalda yerləşən düşmənin artilleriya bölmələrinə yeni gətirilmiş könüllülər atəş mövqelərini tərk edərək qaçdılar.

Ağdərə istiqamətində yerləşən 5-ci dağatıcı alayın müdafiə sahəsinə endirilən artilleriya zərbələri nəticəsində düşmən xeyli itki verdi. Alayın 3-cü taborunun komandiri Robert Hambartsumyan itkin düşdü, taborun qərargah rəisi isə məhv edildi. Yeraltı sığınacağın sıradan çıxarılması nəticəsində düşmənin şəxsi heyət arasında xeyli itki oldu.

Bundan başqa, 543-cü alayın müdafiə sahəsində düşmən xeyli canlı qüvvə itirdi. Alay komandiri yaralandı, onun müavini, tabor komandiri Araik Hovakimyan, onun müavinləri, minaatan batareyası və bölüyünün komandirləri məhv edildi. 1-ci taborun bir bölüyünün şəxsi heyəti isə döyüşə girməkdən boyun qaçırdı.

Ermənistan müdafiə nazirliyi hərbi əməliyyatlar başlanan vaxtdan məhv edilən 928 erməni hərbçisinin adının müəyyənləşdiyini açıqladı. Halbuki, erməni hərbi birləşmələrində şəxsi heyət arasında itkilərin ən azı iki dəfə çox olduğu heç kimdə şübhə doğurmurdu. Bu baxımdan, Ermənistan müdafiə nazirliyinin rəsmi nümayəndəsi Artsun Ovanisyanın
-Hazırda yük könüllülərin üzərinə düşmür. Amma könüllülərə ehtiyac yaranıb. Hazırda əsas ağırlıq “nizami ordu”nun üzərindədir. Amma könüllülər çoxalsa, uğurlar daha çox olar, -ifadəsi heç də təsadüfi deyildi.

Döyüş meydanlarında daddığı acı məğlubiyyətlərin qarşılığında Ermənistan ənənəvi qaydada hərbi əməliyyatların getdiyi zonadan 10 və hətta 100 kilometrlərlə uzaqda yerləşən ərazilərimizə ballistik raketlərlə zərbələr endirdi. Müharibənin 26-cı günü səhər saatlarında Ermənistanın Qafan və Cermuk bölgələrindən Siyəzən rayonu istiqamətində 3 raket, Qəbələ rayonu istiqamətində 2 raket və Kürdəmir rayonu istiqamətində 1 raket atıldı. Xoşbəxtlikdən tələfat olmadı. Hərbi bölmələrimiz isə səhər saatlarında Naxçıvan Muxtar Respublikasının Sədərək və Şərur rayonları istiqamətində uçuş keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus daha bir taktiki PUA-sını məhv etdillər.

Həmin gün ABŞ-ın NATO-dakı səfiri Key Beyli Hatçison çox maraqlı bəyanatla çıxış etdi: “Bu problem 30 ildir ki, uzanır. ABŞ-ın, Rusiyanın və Fransanın həmsədrləri olduğu Minsk qrupu münaqişəni ilkin mərhələyə, yəni Azərbaycanın suveren sərhədləri çərçivəsinə qaytarmaq istəyir ki, erməni əhali də həmin sərhədlər çərçivəsində mövcud ola bilər. Bunu həll etmək mümkündür və o halda münaqişə başa çatacaq”.

Məhz belə mövqe Azərbaycan Prezidenti İlham Əliyevin həm müharibədən əvvəl, həm də müharibə ərzində verdiyi çoxsaylı müsahibələrdə öz əksini dəfələrlə tapıb. Dövlət başçısı Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsi də özündə bu yanaşamanı ehtiva edirdi. Azərbaycan Prezidenti həmin müsahibədə eyni zamanda Qarabağ bölgəsində yaşayan ermənilərə xüsusi statusun verilməsi barədə sauıqlayanlara “soyuq duş” effekti verən xəbərdarlıq ünvanladı

- Öz müqəddəratını təyinetmənin müxtəlif növləri var, icmaların müxtəlif növləri var. Məsələn, mədəni muxtariyyət ola bilər. Biz Avropanın inkişaf etmiş ölkələrində bu nümunələri görürük ki, insanların öz bələdiyyələrində, öz icmalarında müəyyən hüquqları var. Azərbaycanın istənilən yerində olduğu kimi, əlbəttə, Azərbaycanda yaşayan ermənilərin də bu formada təmasları ola bilər. Lakin biz heç vaxt Azərbaycan ərazisində ikinci Ermənistan dövlətinin yaradılmasına icazə verməyəcəyik. Bundan söhbət gedə bilməz. Bir sözlə, referendum olmayacaq, heç vaxt, -İlham Əliyev qətiyyətlə vurğuladı.



Hərbi əməliyyatların dayandırılması və sülh danışıqlarının başlaması barədə verilən suala da Azərbaycan Prezidentinin cavabı konkret oldu
“Biz indi birinci olaraq ərazilərin boşaldılması və sonra danışıqların başlanılması ilə bağlı ilkin şərti irəli sürmürük. Biz hazırda Ermənistan tərəfindən, bu zorakılığa və dinc əhaliyə qarşı hərbi cinayətlərin törədilməsinə görə məsul olan şəxsdən, şəxsən baş nazirdən tələb edirik ki, o, Ermənistanın işğal olunmuş əraziləri boşaldacağını desin. Bundan sonra əlbəttə ki, münaqişənin nizamlanması döyüş meydanından danışıqlar masasına keçəcəkdir”, - deyə dövlətimizin başçısı bildirdi.

Amma hələ də taleyin çarxını geri fırlamaq xülyası ilə yaşayan Ermənistan hakimiyyəti, daha çox isə onun xarici havadarları heç cür tam fiaskoya uğradıqlarını etiraf etmək istəmirdilər.

Azərbaycan xalqı isə Birinci vitse-prezident Mehriban Əliyevanın dediyi kimi Prezident İlham Əliyev başda olmaqla Azərbaycan xalqı yeni tarix, bizim birgə qələbələrimizin tarixini yazmaqda davam edirdi.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Müharibə   Zəfər  





Xəbər lenti