"Mənfi ssenariyə hazır olmalıyıq" - Qazaxıstanlı deputat (Müsahibə)

 "Mənfi ssenariyə hazır olmalıyıq" -  Qazaxıstanlı deputat (Müsahibə)
  22 Oktyabr 2021    Oxunub:1187
"Bu yaxınlarda MDB dövlət başçılarının görüşündə Qazaxıstan prezidenti Qasımjomart Tokayev bildirdi ki, dünya ictimaiyyəti Əfqanıstanda humanitar fəlakətə yol verməməlidir. Söhbət hər şeydən öncə çox çətin sosial-iqtisadi vəziyyətdə olan əfqan xalqından gedir. Qazaxıstan əfqan xalqının siyasi sarsıntılardan əziyyət çəkməməsi üçün əlverişli sosial-siyasi şərait yaradılmasına çalışır. Qazaxıstan nümayəndə heyətinin Əfqanıstana səfəri də bununla bağlı idi". Bu sözləri AzVision.az-a müsahibəsində Qazaxıstan Parlamentinin deputatı, tanınmış politoloq Erlan Sairov deyib.
Onun fikrincə, bu gün Orta Asiyadakı hərbi-siyasi situasiya Əfqanıstandakı daxili proseslərdən asılıdır. Əgər taliblər balansı, ölkə daxilində siyasi tarazlığı qoruya, digər siyasi partiyalar və hərəkatlarla stabil münasibətlər yarada bilsələr, onda ölkədaxili proses sabitləşər, başqa ölkələrə heç bir hərbi-dini sızmalar da olmaz. Ancaq mənfi ssenari də mümkündür:

- Əgər taliblər iqtisadi, ticari, həmçinin siyasi sahəyə nəzarəti qoruyub saxlaya bilməsələr, o zaman Mərkəzi Asiya ölkələrinə birbaşa müdaxilə təhlükəsi var. Biz Əfqanıstanda ən qorxunc hərbi güc olan “İslam dövləti”nin mövcudluğu faktını unuda bilmərik. Bu gün Əfqanıstanda “İslam dövləti” ilə “Taliban” arasında gərgin mübarizə gedir və çox şey bu mübarizənin nəticəsindən asılıdır. Əgər taliblər İŞİD ilə mübarizə apara və onun neqativ təsirini aradan qaldıra bilsələr, onda vəziyyət sabitləşər. Bununla belə, Mərkəzi Asiya ölkələri və MDB dövlətləri mənfi ssenariyə də hazır olmalıdırlar.
Mərkəzi Asiya dövlətləri – Özbəkistan, Qırğızıstan, Qazaxıstan öz ölkələri daxilində siyasi sabitlik tərəfdarıdırlar. Bu gün həqiqətən Əfqanıstandan təhlükə var, həm də təkcə hərbi müdaxilə deyil, dini ekstremizm şəklində. Əfqanıstan həm də bizim ölkələrə qonşudur, odur ki, istənilən halda humanitar-sosial əlaqələr qurmalıyıq ki, müəyyən münasibətləri qoruyaq və eyni zamanda, Əfqanıstan daxilində sabit zona yaratmağa cəhd edək. Bu səbəbdən Mərkəzi Asiya dövlətləri işlərini elə qurmağa çalışırlar ki, Əfqanıstan daxilindəki proseslər xaosa çevrilməsin və yaranmış böhranın sülh yoluyla həlli üçün əlverişli şərait yaransın.

- İcazə verin, Azərbaycan-Qazaxıstan münasibətlərinə keçək. Hazırkı ikitərəfli münasibətləri necə qiymətləndirirsiniz? Bu əlaqələr bu gün necə inkişaf edir? Hansı sahələrdə potensial var?
- Qazaxıstan şirkətləri azad olunmuş Azərbaycan ərazilərində aparılan bərpa işlərində iştirakda maraqlıdırlar. Müvafiq şərait olsa, düşünürəm ki, Qazaxıstanın iş sektoru təkcə bərpa prosesində deyil, ümumiyyətlə Azərbaycanda işləyə bilər. Bu gün Qazaxıstanda rəqəmsal texnologiya inkişaf edir, bizim internet-bankinqin keyfiyyəti çox yaxşıdır. Biz kənd təsərrüfatı sahəsində birgə layihələr yarada bilərik, nəqliyyat koridoru ilə bağlı zəngin potensialımız var. Məsələn, Azərbaycanla Naxçıvan arasındakı dəhliz açılsa, Çindən Avropaya, Avropadan da Çinə çox yaxşı nəqliyyat qovşağı yaratmaq olar. Bu qovşaqla mallar Aktaudan Bakıya, oradan da Türkiyəyə gedər. Düşünürəm ki, ölkələrimizin iş adamları bu məsələlər üzərində işləyəcəklər. Biz dərin münasibətlər qurmaq istəyirik. Humanitar əlaqələrdə də maraqlıyıq, Qazaxıstan ziyalıları Azərbaycanda, Azərbaycan ziyalıları da Qazaxıstanda forumlar keçirə bilərlər. Təhsil sahəsində elə layihələr həyata keçirə bilərik ki, gələcək nəsil ümumi köklərimiz və ümumi gələcəyimiz olduğunu anlasın.

- Əməkdaşlığımızın hansı sferalarda daha perspektivli olduğunu düşünürsünüz? Hansı sahələrdə hələ də reallaşdırılmamış potensialımız var?
- Qazaxıstan və Azərbaycan qohum ölkələrdir, bizim ümumi türk köklərimiz var və tariximiz bir-birinə yaxındır. Odur ki, sosial-iqtisadi, humanitar və mədəni əlaqələrimizi artırmalıyıq. Bu gün iqtisadi əlaqələrimizin çox güclü olduğunu deyə bilmərik: Ticarət dövriyyəmiz 140 milyon dollardır. Ölkələrimizin iqtisadi potensialını nəzərə alsaq, bu çox azdır. Ona görə də düşünürəm ki, münasibətlərimizi genişləndirməli, inteqrasiya dərəcəsini artırmalı, rəqəmsal texnologiyalar, rəqəmləşdirmə, kənd təsərrüfatı sahələrində müştərək milli layihələr yaratmalıyıq. Bu potensialımızın yüksək olduğunu düşünürəm, onu genişləndirməli və ölkələrimizin qarşılıqlı faydası üçün istifadə etməliyik.

Cavad Muradov
Nadir Quliyev

AzVision.az


Teqlər: Qazaxıstan   Azərbaycan  





Xəbər lenti