SOCAR qazın qiymətinin dəyişməsinin səbəblərini açıqlayıb
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr departamentinin rəis müavini İbrahim Əhmədov bildirib.
SOCAR Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr departamentinin rəis müavini İbrahim Əhmədov qeyd edib ki, hazırda dünyada qazın qiymətləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 10 dəfələrlə artıb: “Belə olan halda “Azərkontrakt”-ın da artıq başqa şirkətlərdən aldığı qazın qiyməti və ona sərf edilən xərc də müəyyən qədər artıb”.
Qeyd edək ki, Azərbaycanda əhali qrupu üçün qazın 1200 m3-dək (1200 m3 daxil olmaqla) tarifi 100 manatdan 120 manata qaldırılıb. Qazın 1200 m3-2500 m3-dək və 2500 m3-dən tarifi isə dəyişməyib. Müvafiq olaraq tariflər 200 və 250 manat olaraq qalıb. Qərar 1 noyabr 2021-ci il tarixdə qüvvəyə minir
Hazırda 1.000 kub metr təbii qazın hasilat və istehlakçıya çatdırılma xərci hazırda 174 manat təşkil edir. İl ərzində 1.200 kubmetr qaz istehlak edənlər abonentlərin 51%-ni təşkil edir. Hazırda əhali qrupuna aid abonentlərə təbii qazdan 1.200 kubmetrədək istifadə etdiyi halda qazın 1.000 kubmetri 100 manata (58,82 ABŞ dolları), illik qaz istehlakı 1.200 kubmetrdən çox olan əhali üçün 200 manata (117,65 ABŞ dolları), illik 2.500 kubmetrdən çox təbii qaz istehlak edən abunəçilər üçün isə 250 manata (147,06 ABŞ dolları) satılır. Beləliklə, təbii qazın hasilatı və əhaliyə çatdırılmasına xərclənən vəsait təbii qazın satışından əldə olunan vəsaitdən xeyli dərəcədə aşağıdır və qaz təchizatı fəaliyyəti zərərlə nəticələnir. Həmin məbləğ dövlət büdcəsi hesabına qarşılanır.
Azərbaycanda təbii qazın qiymətləri əksər region və bütün Avropa ölkələri ilə müqayisədə isə ucuzdur. 2021-ci ildə 1 kub metr təbii qazın tarifi əhali üzrə Azərbaycanda yuxarı hədd 25 qəpik, Türkiyədə 36 qəpik, Ukraynada 87 qəpik, Gürcüstanda 29 qəpik, Belarusda 34 qəpik olub.
AzVision.az
Teqlər: SOCAR Qaz-Qiymətləri