Müharibənin 20-ci günü: “Şuşasız bizim işimiz yarımçıq olar”

   Müharibənin 20-ci günü:  “Şuşasız bizim işimiz yarımçıq olar”
  16 Oktyabr 2021    Oxunub :645
2020-ci il oktyabrın 16-da Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində “Şuşasız bizim işimiz yarımçıq olar” deməklə Azərbaycan Prezidenti İlham Əliyev həm cəmiyyətimizə, həm Ermənistana, həm də düşmənin havadarlarına ciddi mesaj ünvanladı: torpaqlarımız tam azad olunmayana qədər haqq müahribəmizi davam etdirəcəyik.

Müharibənin 20-ci günü axşam saatlarında Azərbaycan Prezidenti özünün rəsmi “Twitter” səhifəsində daha 3 kəndimizin düşmən tapdağından azad olunduğunu yazdı:

“Rəşadətli Azərbaycan Ordusu tərəfindən Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndləri işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”.



Bu açıqlamaya qədər isə gün ərzində düşmən cəbhənin Ağdərə-Ağdam və Füzuli, habelə işğaldan azad edilmiş Cəbrayıl və Hadrut istiqamətlərində yerləşən bölmələrimizin mövqelərini, cəbhə xəttinə yaxın kəndləri raket, artilleriya və minaatanlardan atəşə tutdu.

Azərbaycan Silahlı Qüvvələrinin cavabları nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 1 ədəd BM-21 “Qrad” YARS, 5 ədəd D-30 haubitsa topu, 2 ədəd ZSU-23-4 “Şilka” özüyeriyən zenit qurğusu və döyüş sursatı ilə yüklənmiş 8 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarıldı.

Düşmənin 9-cu motoatıcı alayının müdafiə zolağında artilleriya batareyası məhv edildi, alay komandirinin müavini yaralandı. Şəxsi heyəti arasında xeyli sayda ölən və yaralananların olduğu 5-ci dağatıcı alayın bölmələrində isə ərzaq və döyüş sursatının çatmadığı bilindi. Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının müdafiə zolağında hərbi qulluqçular və ehtiyatdan çağırılmış hərbi vəzifəlilər arasında kütləvi şəkildə fərarilik halları yaşandı. Bunun qarşısını almağa çalışan Ermənistan rəhbərliyi Gorus və Turşsu yaşayış məntəqələrinin avtomobil yollarında hərbi polisin komendant postlarını qurdu.

Həmin gün Ermənistan tərəfi daha 29 hərbçisinin öldürüldüyünü və beləliklə canlı qüvvə itkisinin 651-ə çatdığını açıqladı. Azərbaycan Ordusunun həmin gün məhv etdiyi işğalçılar arasında Ermənistan parlamentinin eks-deputatı “Çiçəklənən Ermənistan” partiyasının üzvü Rüstəm Qasparyanın oğlu və Dağlıq Qarabağdakı separatçı qurumun “baş prokuroru” Karen Qriqoryan da var idi. Oğlu ilə bərabər cəbəhyə yollanmış sabiq deputat Rüstəm Qasparyan isə ağır yaralandı.

Azərbaycan Ordusunun uğurlarına yüksək qiymət verən rusiyalı hərbi ekspert, “Natsionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko:

-Azərbaycan Ordusu işğal olunmuş ərazilərin azad edilməsi ilə bağlı anti-terror əməliyyatları zamanı 21-ci əsrdə müharibə aparılmasının nümunəsini göstərir. Döyüş əməliyyatlarında müasir silahların, PUA-ların, yüksək dəqiqlikli texnologiyaların istifadəsi aparıcı ölkələrinin baş qərargahları tərəfindən öyrənilir, -dedi.

Bundan bir gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın “RİA Novosti” agentliyinə müsahibəsində eyni suallara cavabları bir tərəfdə müasir və güclü Azərbaycanın liderinin, digər tərəfdə öz ölkəsini fəlakətə sürükləyən yalançı, avantürist və savadsız baş nazirin dayandığını nümayiş etdirdi. Bu reallıq strateji düşüncəyə malik Ali Baş Komandanın rəhbərlik etdiyi Azərbaycan Ordusunun uğurlarının məntiqi təsdiqi idi.



Fasiləsiz zərbələr alan erməni tərəfi ənənəvi qaydada dinc əhalini və mülki obyektləri atəşə tutmaqda davam etdi. Oktyabrın 16-sı səhər saatlarından başlayaraq, Ermənistanın hərbi bölmələri Goranboy, Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazilərini atəşə tutdular.
Bir çox hallarda parakəndə şəkildə geri çəkilən erməni silahlı birləşmələri təxribat məqsədilə İran ərazisinə də raketlər atmağa başladılar.

İsrailin Azərbaycanı dəstəkləməsini və hərbi-texniki sahədə əməkdaşlığını həzm edə bilməyən erməni millətçiləri İrəvanın mərkəzində “Kentron” adlandırılan ərazidəki yəhudilərin Holokost soyqırımı abidəsinə hücum edərək onu qırmızı rəngə boyadılar. Təhqir etdikləri abidənin şəkillərini sosial şəbəkələrdə paylaşan erməni etnofundamentalisləri yəhudiləri “sizin də qanınız töküləcək” ifadəsi ilə hədələdilər.

Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində Ermənistanın bu cinayətlərini, xüsusilə də Tərtərdə dəfn mərasimi iştirakçılarını hədəfə almasını erməni faşizminin növbəti təzahürü kimi qiymətləndirən Azərbaycan Prezidenti bizim bütün qisasları yalnız döyüş meydanında aldığımızı və bundan sonra da alacağımızı vurğuladı.

Həmin müsahibədə xalqımızın azadlıq müharibəsi apardığını və bu yoldan dönməyəcəyini deyən İlham Əliyev məhz bu amalın daşıycısı olmuş Heydər Əliyevin siyasətini davam etdirdiyini bildirdi.

“Mən hər zaman çalışmışam ki, atamın yoluna sadiq olum. 2003-cü ildə ilk dəfə Azərbaycan xalqı mənə etimad göstərəndə seçkilərdən əvvəl demişdim ki, əgər siz mənə bu inamı, etimadı göstərsəniz, Heydər Əliyev siyasətinə sadiq olacağam, bütün istiqamətlər üzrə onun yolu ilə gedəcəyəm. Şadam ki, sözümə sadiq oldum, sözümü tutdum. Bu gün Azərbaycanın sürətli və uğurlu inkişafı, beynəlxalq müstəvidə böyük hörmətə malik olması, ölkə daxilində sosial, iqtisadi və digər problemlərin həlli, böyük layihələrin həyata keçirilməsi, əlbəttə ki, Heydər Əliyev yolunun davamıdır. Təbii ki, dünya dəyişir. Dünyadakı güclər nisbəti də dəyişir. Bugünkü dünya 2003-cü ildəki dünya ilə əlbəttə ki, müqayisə edilə bilməz. Ancaq bizim strateji hədəflərimiz dəyişməz olaraq qalır. O da müstəqilliyi möhkəmləndirmək, müstəqil siyasətə sadiq olmaq, heç vaxt heç kimdən asılı olmamaq, heç kimin qarşısında baş əyməmək, öz qürurumuzu saxlamaq, qorumaq və ərazi bütövlüyümüzü bərpa etməkdir. Yəni, qısa desəm, atamın vəsiyyəti bundan ibarətdir”, - Azərbaycan Prezidenti vurğuladı.

Bu isə artıq yalnız Prezident, Ali Baş Komandan və vətəndaş yox, həm də atasının əziz xatirəsi qarşısında öz borcunu yerinə yetirmiş bir oğulun etirafı idi!

Sahil İsgəndərov
AzVision.az

Teqlər: Müharibə   Zəfər  







Xəbər lenti