Qalada “Dəmir Yumruq” abidəsi açılıb

  21 Sentyabr 2021    Oxunub :464
   Qalada “Dəmir Yumruq” abidəsi açılıb
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən Azvision.az -a verilən məlumata görə, Vətən müharibəsində əldə olunmuş qələbəyə, möhtəşəm zəfər tariximizə həsr olunan və Qarabağda gedən hərbi əməliyyatların simvoluna çevrilən “Dəmir yumruq” abidəsinin müəllifi həvəskar heykəltəraş, Vətən müharibəsi iştirakçısı Elvin Manafovdur.
“İçərişəhər” Muzey Mərkəzinin tabeliyində fəaliyyət göstərən Qala Dövlət Tarix Etnoqrafiya Qoruğunun muzeylər kompleksi ərazisində Vətən müharibəsinin birinci ildönümü münasibətilə “Dəmir yumruq” abidəsinin açılış mərasimi keçirilib.

E.Manafov “Vətən müharibəsi iştirakçısı” və “Kəlbəcərin azad olunması uğrunda” medalları ilə təltif olunub. Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinin azad olunması uğrunda Vətən müharibəsində iştirak edib, aparılan döyüş əməliyyatlarının uğurlu nəticəsindən ruhlanaraq, böyük Zəfərdən ilham alaraq “Dəmir yumruq” abidəsini hazırlayıb. Xromla üzlənmiş dəmirdən hazırlanmış abidənin alt hissəsində “Qarabağ Azərbaycandır!” şüarı yazılıb və Ordumuzun zəfər simvolu – olan Xarıbülbül həkk edilib.

Azərbaycan Ordusunun apardığı uğurlu döyüş əməliyyatlarının simvoluna çevrilmiş “Dəmir yumruq” abidəsi, əsrlər boyu xalqımızın işğalçılara qarşı necə mübariz olduğunu təsdiq edən bir nümunədir. "Dəmir yumruq" həm də 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan xalqının və müzəffər Ordunun Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında birliyin, möhkəmliyin ümumxalq devizinə çevrilib.

Belə bir abidənin məhz Qala Qoruğu ərazisində ucaldılması muzeyə gələn ziyarətçilərdə, xüsusilə gənc nəsildə tariximizin öyrənilməsində və vətənpərvərlik ruhunun aşılanmasında xüsusi əhəmiyyət daşıyır.

Azvision.az

Teqlər: Abidə   Dəmir-Yumruq  







Xəbər lenti