Türkiyə - Ermənistan dialoqunun şərtləri nədir? - Ekspert açıqladı

   Türkiyə - Ermənistan dialoqunun şərtləri nədir? -    Ekspert açıqladı
  21 Sentyabr 2021    Oxunub:1210
"Ermənistanla Türkiyə arasında danışıqların başlanması üçün qarşı tərəfin bir sıra addımlar atması vacibdir. İrəvan bundan əvvəlki razılaşmaları tanıdığını, Türkiyənin sərhədlərini qəbul etdiyini açıqlamalıdır".
Bunu Azvision.az - a açıqlamasnda Ankara İlldırım Bəyazid Universitetinin müəllimi, Ankara Rus Araşdırmaları İnstitutunun prezidenti, professor, Dr. Saleh Yılmaz deyib.

Onun sözlərinə görə, Ermənistan Şərqi Anadolunu Qərbi Ermənistan hesab etməklə, dolayı yolla bu bölgəyə iddia edir.

"Türkiyənin Ermənistanla dialoq aparması üçün İrəvan iki ölkə arasındakı sərhədi və Türkiyənin ərazi bütövlüyünü açıq şəkildə tanımalı, soyqırım iddialarını siyasətdən uzaq tutaraq, bunun tarixçilər və digər mütəxəssislər tərəfindən araşdırılmalı olduğunu söyləməli, Naxçıvan dəhlizini açmaq üçün işlərə başlamalıdır. Türkiyənin mövcud sərhədlərini və ərazi bütövlüyünü tanımayan bir ölkə ilə diplomatik əlaqələr qurmaq real olmayacaq", - politoloq deyib.

Əlavə edib ki, Ermənistanın Türkiyə ilə münasibət qurmaq istəyində Azərbaycanın tələblərini təxirə salmaq planı ola bilər: "Amma Ermənistan həqiqətən səmimidirsə, əvvəlcə Türkiyə ilə imzalanan müqavilələrə sadiq qalacağını bəyan edərək işə başlamalıdır. Türkiyə ilə əlaqələr istəyirsə, Qarabağa dair 10 noyabr üçtərəfli razılaşmanın müddəalarına riayət etmək üçün də addımlar atmalıdır".

S.Yılmaza görə, Ermənistan dərhal diplomatik əlaqələr qurmaq və sərhədi açmaq istəyir, amma sonra bir əsr əvvələ gedərək qondarma erməni soyqırımı və s. problemlərə yenidən baxılmasını tələb edərək qazanc götürmək istəyir".

"Ermənistan ilə olan problemlərin Türkiyənin güzəştə getməsi ilə həll edilə biləcəyinə inanan erməni siyasətçilər xəyal qurmağı dayandırmalıdır.

Ermənistanın baş naziri Nikol Paşinyan son çarə olaraq "Türkiyə ilə barışmalıyıq. Ermənistanla Türkiyə arasında diplomatik əlaqələrin olmaması, sərhədlərin bağlanması regional sabitliyə təsir edir" deyib. Onun bu sözləri əslində düşdükləri çətin vəziyyətin fərqində olduqlarının göstəricisidir. Ermənistan dünyaya açılmaq, iqtisadiyyatını yaxşılaşdırmaq və firavan yaşamaq istəyirsə, Türkiyə və Azərbaycan qarşısında üzərinə düşən vəzifələri yerinə yetirmək üçün addımlar atmalıdır".

Türkiyəli ekspert hesab edir ki, Ermənistan indiki vəziyyətdə Naxçıvan dəhlizinin açılmasına mane olarsa, Azərbaycanın da Laçın dəhlizini bağlama ehtimalı yüksəkdir: "Belə olan təqdirdə, yeni müharibə mümkündür ki, nəticədə Ermənistan hazırda əlində olanların çoxunu itirəcək. Azərbaycanın 30 il işğalda qalan ərazilərinə görə təzminat tələbi var. Bundan başqa, Türkiyə minlərlə minanın xəritəsini təqdim etməməklə pis niyyətli davranış sərgiliyən Ermənistanla şərtsiz görüşməyəcək".

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Türkiyə   Ermənistan   Dialoq  





Xəbər lenti