Ermənisayağı "müstəqillik": 30 illik suverenliyin sonu çatıb?

   Ermənisayağı "müstəqillik":   30 illik suverenliyin sonu çatıb?
  21 Sentyabr 2021    Oxunub:918
Ermənistan sentyabrın 21-i adı üstündə olan müstəqilliyinin 30 -cu ildönümünü qeyd edir. Rusiyadan hərbi-iqtisadi və siyasi cəhətdən böyük ölçüdə asılı olan İrəvan 1991 -ci ilin bu günü ölkədə referendum keçirdi. Referendum iştirakçılarının əksəriyyəti (99%) müstəqil dövlət quruculuğunun lehinə çıxdılar. İki gün sonra -23 sentyabr 1991 -ci ildə isə Ermənistan Ali Soveti respublikanın SSRİ -dən ayrıldığını təsdiqlədi.
Referendumdan bir il əvvəl, 1990 -cı il avqustun 23 -də Ermənistan SSR Ali Sovetinin iclasında istiqlal bəyannaməsini oxuyan Erməni Milli Konqres Partiyası sədrinin müavini Aram Manukyan bu gün yerli medianın diqqətində olub. O mətbuata verdiyi açıqlamada bəyannaməsini oxuduğu iqstiqlaliyyətlərinin təhlükə altında olduğunu söyləyib. Azvision.az xəbər verir ki, hazırkı ictimai-siyasi proseslərdən gileylənən erməni siyasətçi ölkəsinin taleyi ilə bağlı bir sıra maraqlı fikirlər səsləndirib.

- Hər bir dövlət və xalq üçün dövlətçilik rifahın ən vacib amilidir. Bir millətin normal inkişafı, qərar verməsi və öz taleyini təyin edə bilməsi üçün yeganə mühit budur. Eyni zamanda, dövlətçilik çox mürəkkəb, çoxşaxəli bir fenomendir və insanların taleyi üçün ağır bir məsuliyyət yüküdür. Deməliyəm ki, müstəqilliyin şəfəqində bir çox şeylər bizə romantik və inanılmaz görünürdü. Eyforiya var idi, deyirdilər imperiyanı tərk etdik, indi özümüz öz taleyimizi idarə edəcəyik. Ancaq tədricən çətinliklərin, müəyyən çağırış və təhdidlərin miqyası haqqında bir fikir formalaşırdı. Həm də onlarla mübarizə aparmasan, bir gün bu müstəqilliyi itirəcəkdik.

"İnqilaba qədər müstəqillik gününü qeyd etməyək deməmişdik"- Artur Sakunç
Erməni siyasətçi həyəcan təbili çalaraq deyib edib ki, bu gün Ermənistan bu 30 il ərzində əldə edilən hər şeyi itirmək ərəfəsindədir. Onun fikrincə, suverenlik üçün daxili sabitlik, sabit demokratiyaya, xaricdən gələn təhlükəyə qarşı "immunitetə", xarici dünya ilə doğru dildə danışma qabiliyyətinə sahib olmaq vacibdir.
Ancaq bu gün Ermənistanda baş verənlər erməni siyasətçiləri üzür, onların əvvəlki "mübarizələri"nin bəhrələrini məhv edir,



- Öz ölkəmizdə şəxsi qərarlarımızı vermək hüququmuzu, illər ərzində qurulan təhlükəsizlik sistemini əldən veririk. Biz suveren olmaq imkanlarımızı- beynəlxalq təşkilatlardakı suveren statusumuzu itiririk. Vətəndaşlarımızın inamını da itiririk. Onlar daha hakimiyyətə inanmırlar, bundan məyus olaraq nəticədə "ayaqları ilə səs verirlər", yəni uzaqlaşırlar.

İctimai laqeydlik təhlükəlidir. Çünki insanlar mübarizə aparmaq istəmir, vətəndaş cəmiyyəti isə solub sönməyə başlayır.
Bu mənfi proseslər, bir çox cəhətdən 44 günlük müharibədə məğlubiyyətin- torpaq, insan və iqtisadi itkilərin nəticəsidir.

Manukyan qəmli notlarda yekunlaşdırdığı müsahibısində onu da vurğulayıb ki, ölkənin əvvəlki tək canlanmağa nə vaxt başlayacağını söyləmək çətindir.

-Dünya tarixində dövlətlərin müharibələrdə ağır məğlubiyyətlər aldıqdan sonra yenidən dirçəlməsi üçün özlərində güc tapmadı hallar çoxdur. Ancaq bütün belə hallarda bu ölkələrin arxasında başqa dövlətlərdən güclü dəstək var idi, böyük investisiyalar qoyulurdu və s. Ermənistana gəldikdə isə, tez bir zamanda bərpa olmaq şansı son dərəcə azdır. Nikol Paşinyanın yenidən seçilməsi dirçəliş ümidlərini tamamilə məhv etdi. Bu şəraitdə bizə texnokratik bir hökumət lazım idi. Siyasi güclər isə "taym-aut" götürməli idilər, vəziyyət sabitləşməli idi. Hökumətin isə beləcə imkanları yaranacaqdı ki, heç bir səs -küy olmadan dövləti tədricən bərpa etməyi bacarsın, xarici tərəfdaşlarla əlaqələr qursun, vəziyyəti təhlil etsin, hara getmək lazım olduğunu anlasın. Amma bu gün parlamentdə gördüklərimiz bu bərpaya ümidləri azaldır.

Manukyan əmindir ki, bu gün parlamentdə təmsil olunan hər üç qüvvə ölkənin müstəqilliyinə qarşı işləyir. Dövlətin mənafeləri, təhlükəsizliyi və sərhədlərin toxunulmazlığı onlar üçün mütləq dəyər deyil və yeni parlamentin son iki aylıq işi bunu sübut etdi.

Buna baxmayaraq Manukyan deyir ki, bu bayram qeyd olunmalıdır.
Əslində isə Ermənistanın 30 il ərzində müstəqil dövlət kimi formalaşmadığı Manukyana və digər siyasətçilərin özünə də yaxşı bəllidir. Sərhədlərinin bir qismini xarici ölkənin ordusuna həvalə edən, Fransa, ABŞ və digər ölkələrdəki siyasi qüvvələr, diaspor maraqları ilə idarə olunan, qonşu ölkələrin torpaqlarında gözü olan, faşist ideyaları təbliğ edən bir dövlət heç vaxt suveren ola bilməz! Bu gün məğlub Ermənistanda müstəqillik günü isə formal olaraq qeyd ediləcək.

Tural Tağıyev
Azvision.az



Teqlər:   Ermənistan   Müstəqillik   Parlament   Paşinyan  





Xəbər lenti