ABŞ-da azərbaycanlılar üçün səyyar konsulluq xidməti olacaq

ABŞ-da azərbaycanlılar üçün səyyar konsulluq xidməti olacaq
  20 Sentyabr 2021    Oxunub:682
Amerika Azərbaycanlılarının Koordinasiya Şurası (AAKŞ) İdarə Heyəti üzvlərinin təşəbbüsü ilə ölkəmizin ABŞ-a yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim ilə videogörüş keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Azvision.az -a bildiriblər ki, tədbirdə Azərbaycan–Nyu-York Assosiasiyasının rəhbəri Ercan Yerdələnli, Amerika-Azərbaycan Qadınlar Cəmiyyətinin rəhbəri Münəvvər Vahabova, Milli Musiqi və Qlobal Mədəniyyət Mərkəzinin rəhbəri Nərgiz Əliyarlı, Amerika-Azərbaycan İnteqrasiya Mərkəzinin rəhbəri Samir Novruzov, Azərbaycan Dostluq Təşkilatının rəhbəri Adika İqbal, Yuta-Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Hüseynova, Florida Azərbaycan İcmasının rəhbəri Esmira Bayramova, Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev, komitənin əməkdaşları, Azərbaycanın ABŞ-dakı səfirliyinin nümayəndələri iştirak ediblər.

Görüş iştirakçıları yeni səfirə ABŞ-dakı fəaliyyətində uğurlar arzulayıb, ölkələrimiz arasında strateji əməkdaşlığın möhkəmlənməsinə öz töhfəsini verəcəyinə əminliklərini ifadə ediblər.

AAKŞ təmsilçiləri ilə görüşdən məmnun olduğunu və buna görə onlara təşəkkürünü bildirən səfir gələcək planlarından danışıb. Qeyd edib ki, səfirlik bütün məsələlərdə həmvətənlərimizə dəstək olmağa hazırdır. Yaxın gələcəkdə azərbaycanlıların daha sıx məskunlaşdığı bir sıra ştat və şəhərlərdə səyyar konsulluq xidmətinin fəaliyyətə başlayacağı, problemlərin yaşadıqları şəhərlərdə həllini tapacağı diqqətə çatdırılıb.

Tədbirdə müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib.

Azvision.az



Teqlər: ABŞ  





Xəbər lenti