Əfqanıstanı səfalətdən kim qurtaracaq?

 Əfqanıstanı səfalətdən kim qurtaracaq?
  21 Sentyabr 2021    Oxunub:812
Ötən həftə Tacikistanın paytaxtı Düşənbədə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammitində əsas mövzu Əfqanıstan idi. Təşkilata üzv ölkələrin əksəriyyəti Əfqanıstandakı olaylardan narahatdır. Ümumi rəy belədir ki, Əfqanıstan əhalisi daha da kasıblayacaq və qış ayları yaxınlaşdıqca ərzaq qıtlığı yaşanacaq.
Sammitə onlayn formada qatılan Rusiya prezidenti Vladimir Putin Əfqanıstandakı duruma görə yenə Amerikanı ittiham etdi. Putinin çıxışından bu nəticə çıxdı ki, Əfqanıstana müdaxilə edən, onu bugünkü duruma sürükləyən ölkə olan ABŞ hazırkı duruma görə məsuliyyət daşıyır. Ona görə də əfqanları maliyyə, ərzaq və digər məhsullarla Vaşinqton təchiz etməlidir.
Məsələni Azvision.az–a şərh edən politoloq Elxan Şahinoğlu deyir ki, rəsmi Pekinin də mövqeyi Moskva ilə eynidir. Düşənbədəki sammitdə iştirak edən Çinin xarici işlər naziri Van İ Putinin sözlərini təkrarlayıb:

“Əfqanıstanın bərpası və bu ölkəyə iqtisadi, humanitar yardımın məsuliyyəti Amerikanın üzərindədir”.

- Bununla həm Rusiya, həm də Çin rəsmiləri Amerikaya demək istəyirlər ki, “Əfqanıstanı dağıtdığın kimi onu yenidən qurmalısan”. Çinin xarici işlər naziri Amerikanın silahlı qüvvələrinin Əfqanıstanı qəfil tərk etməsini bu ölkədə yeni problemlərə yol açdığını vurğuladı- “Əfqanıstanda yeni siyasi sistem formalaşmayıb, etnik və dini münaqişələrə mürəkkəb xarakterə malikdir, lokal toqquşmalar ehtimalı artıb, bir sözlə gələcək qeyri-müəyyəndir”.



Rusiya və Çin Vaşinqtonun Əfqanıstan siyasətinin tənqid etməklə Amerikaya qarşı yeni təzyiq aləti əldə edib. Belə bir sual yaranır: Amerika məsuliyyətdən yayınarsa və Əfqanıstanın iqtisadi-sosial problemlərinin həllində kömək etməsə, Moskva ilə Pekinin mövqeyi necə olacaq?

Vaşinqton Əfqanıstanda hakimiyyətin Talibana keçməsinə mane olmasa da, bu qruplaşmanı tanımağa və əlaqələrini genişləndirməyə tələsmir. Ancaq mümkündür ki, Amerika Əfqanıstana humanitar yüklərin çatdırılması istiqamətində fəaliyyətini bərpa etsin. Kreml isə ona tabe olan rejimlərə dəstək verir. Misal üçün Rusiya Bəşər Əsəd rejiminin ayaqda qalması üçün Suriyaya illərdir humanitar yardım göstərir. Əfqan xalqının taleyi Kremli çox da narahat etmir. Moskva üçün önəmli olan Əfqanıstanın radikallaşmasının və bu ölkədən terrorun Mərkəzi Asiyaya mümkün keçidinin qarşısını almaqdır. Kreml buna əmin olmadıqca Əfqanıstana humanitar yük daşımaqla bağlı qərar verməyəcək.


Politoloq deyir ki, Kremldən fərqli olaraq Pekin Əfqanıstana müəyyən həcmdə humanitar yardım edə bilər. Ancaq Pekin bu yardımın qarşılığında Talibana iki tələbini təkrarlayacaq.

- Birincisi, Taliban Çin şirkətlərinə Əfqanıstanın zəngin yataqlarında çalışmasına şərait yaratmalı, çinli işçilərin təhlükəsizliyinə təminat verməlidir. İkincisi, Taliban Çinin bölgədəki maraqlarını nəzərə almalı, radikal uyğurların Əfqanıstandakı fəaliyyətlərini əngəlləməlidir.
Taliban Əfqanıstanı aclıqdan və səfalətdən qurtarmaq üçün Çinin hər iki şərtini qəbul etməyə hazır görünür. Ancaq bunun özü Talibana və Əfqanıstana daha böyük problem yaradacaq. Əfqanıstanın Çinə borcu artacaq. Çin eyni siyasəti Mərkəzi Asiya və Afrikada həyata keçirir. Mərkəzi Asiya və Afrika ölkələrinin Çinə borcları artdıqca siyasi baxımdan da Pekindən asılılıqları artır.

Tural Tağıyev
Azvision.az


Teqlər: Əfqanıstan   Çin   Rusiya   ABŞ  





Xəbər lenti