Masallı “ASAN Həyat” kompleksi – 5 il
Fəaliyyət dövrü ərzində vətəndaşlara səyyar formada da xidmət göstərilib. Səyyar xidmətlərdən bu bölgədə 167 mindən çox vətəndaş yararlanıb.
“Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq “ASAN xidmət” mərkəzlərində fəaliyyətə başladığı ilk gündən ictimai və sosial məsuliyyəti artıran könüllülük fəaliyyəti həyata keçirilir. Masallı regional “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən 596 könüllüyə, Səyyar “ASAN xidmətdə fəaliyyət göstərən 369 könüllüyə sertifikatlar verilib.
Hazırda Səyyar ASAN xidmət həmin bölgədə - Lənkəran şəhərində fəaliyyətini davam etdirir. Səyyar şəkildə göstərilən xidmətlərə funksional yardımçı xidmətlər, həmçinin Ədliyyə, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlikləri, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim olunan xidmətlər aiddir.
Masallı “ABAD” mərkəzi tərəfindən regionda qida məhsulları sahəsində çalışan “ABAD”çılara onların rəqabətədayanıqlı istehsala yönləndirilməsi üçün müasir standartlara cavab verən istehsal avadanlıqları ilə təchiz olunmuş monoblok - konteynerlər təqdim edilib. Bu günə qədər Masallıda 10 ailəyə istehsal konteynerləri verilib. Konteynerlərdə bu məhsullar istehsal edilir: pendir, sosiska, kolbasa, tərəvəz konservləri, tərəvəz turşuları, mürəbbə, cem, çay.
Arıçılıqla məşğul olan 3 ailənin bal məhsulunun brenləşdirilməsi və qablaşdırılması “ABAD” tərəfindən həyata keçirilir. Təqdim edilmiş bu istehsal sahələri üzrə məhsulların hər biri “ABAD” satış mərkəzlərində və “BRAVO” şəbəkələrində yerlərini alıb.
2018-ci ildən etibarən “ABAD” Masallı “ASAN Həyat” Kompleksinin daxilində ödənişsiz xalçaçılıq kursları təşkil edir. Burada həm xalçaçılıq dərsləri keçirilir, həm də bu sənətə yiyələnən əsasən evdar xanımların toxuduqları xalçaların satışı təşkil edilir. Eyni zamanda, ötən ildən etibarən kompleksin ərazisində “ABAD”ın etnobutiki də fəaliyyətə başlayıb. Burada “ABAD”çıların əl işləri və bəzi qida məhsulları təqdim olunur.
Azvision.az