Ermənistan-Türkiyə dialoqu nə dərəcədə realdır?

   Ermənistan-Türkiyə dialoqu nə dərəcədə realdır?
  20 Sentyabr 2021    Oxunub:5272
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının toplantısında iştirak etmək üçün Nyu-Yorka səfərdən öncə keçirilən mətbuat konfransında bir sıra vacib açıqlamalar verib.
Azvision.az xəbər verir ki, Ermənistan -Türkiyə münasibətlərinə toxunan Türkiyə liderinin sözlərinə görə, əgər Nikol Paşinyan onunla görüşmək istəyirsə, İrəvanın müsbət addımlar atması lazımdır.

- Biz görüşlərə qapalı deyilik. Ancaq bunun üçün Ermənistanın müsbət addımlar atması şərtdir. Görüş baş tutarsa, Türkiyə də diplomatik əlaqələrərə başlayar.

Türkiyə lideri Azərbaycan - Ermənistan münasibətlərindəki çətinliyin Zəngəzur koridorunun açılması ilə aşılacağına ümid etdiyini dilə gətirib.

"Paşinyan mənimlə görüşmək istəyirsə..." - Ərdoğan şərtləri açıqladı
Mütəxəssislər Türkiyə Prezidentinin ABŞ səfərindən öncə Ermənistanla dialoqun perspektivləri haqqında fikirlər səsləndirməsini Ankaranın qarşı tərəfə mühüm mesajlar verməsi kimi qiymətləndirirlər. Onun görüş üçün müəyyən şərtlər qoyması isə başa düşüləndir. Çünki hazırda top Ermənistan tərəfindədir. İrəvanın necə oynayacağı baş nazir Nikol Paşinyandan asılıdır.

Artıq qarşı tərəf Türkiyə Prezidentinin məlum mesajlarına reaksiya verib. Ermənistanda belə düşünürlər ki, Türkiyə ilə dialoqun bərpası mümkündür.



Ermənistan baş nazirinin mətbuat katibi Mane Gevorqyan “Armenpres”ə verdiyi açıqlamada ölkəsinin yüksək səviyyəli görüşlərə hazır olduğunu gizlətməyib:

- Hazırda Ermənistan və Türkiyə rəsmiləri arasında heç bir əlaqə olmayıb, amma rəsmi İrəvan buna hazırdır". Paşinyanın mətbuat katibi vurğulayıb ki, "səmərəli iş olarsa, Ermənistan yüksək səviyyədə görüşlərə hazır olacaq.

Ərdoğanın Zəngəzur dəhlizinin açılıb-açılmamasının siyasi məsələ olması ilə bağlı fikirlərinə gəldikdə isə, Gevorgyan Paşinyanın dəfələrlə bu mövzuda danışdığını idida edib. Onun sözlərinə görə, Ermənistan 9 noyabr və 11 yanvar üçtərəfli bəyanatlarında yer alan razılaşmaların ciddi şəkildə yerinə yetirilməsinə böyük əhəmiyyət daşıyır.

- Kommunikasiyaların açılması bölgədə uzunmüddətli sülh və sabitliyin qurulması, regionda düşmənçilik atmosferinin aradan qaldırılması üçün müstəsna əhəmiyyətə malikdir. Ermənistan bu istiqamətdə hərəkət etmək və nəticələr əldə etmək əzmindədir.



Xatırladaq ki, Ermənistan hökumətinin qarşıdakı 5 ili nəzərdə tutulan proqramında da ölkənin Türkiyə ilə münasibətlərin normallaşdırılması üçün səy göstərməyə hazır olduğuna dair bir bənd var. Sənədə əsasən bu, bölgədə sabitliyə, təhlükəsizliyə iqtisadiyyatın inkişafına cavab verəcək.
Proqramda o da qeyd olunur ki, tərəflər qarşılıqlı etimad mühiti yaratmaq və tədricən normal münasibətlər qurmaq üçün "heç bir şərt olmadan irəliləyərək" birlikdə çalışmalıdırlar.

Amma İrəvan hələ ki, nəinki hökumətin məlum proqramında nəzərdə tutulan məsələləri gündəmə daşıyır, Zəngəzur məsələsini bir qədər də uzatmağa çalışır. İlin əvvəlindən sərhəddə xeyli təxribatlara imza atan Ermənistan rəhbərliyi kommunikasiyaların açılmasında maraqlı olmadıqlarını dəfələrlə nümayiş etdiriblər. Türkiyə liderinin dialoq üçün qarşı tərəfin müsbət addımlarda maraqlı olması barədə fikri isə başa düşüləndir. Çünki İrəvan həqiqəqtən də münasibətlərin düzəlməsi üçün cəhdlər göstərmir.

Tural Tağıyev
Azvision.az



Teqlər:   Türkiyə   Ermənistan   Kommunikasiya  





Xəbər lenti