Fransa səfiri Avstraliyanın hərəkətini xəyanət adlandırıb

   Fransa səfiri Avstraliyanın hərəkətini xəyanət adlandırıb
  18 Sentyabr 2021    Oxunub:1098
Bir gün əvvəl məsləhətləşmələr üçün geri çağırılan Fransanın Avstraliyadakı səfiri Jan-Pyer Tebo rəsmi Kanberranın dizel sualtı qayıqlarının inşasına razılıq verməməsini xəyanət adlandırıb.
Azvision.az xəbər verir ki, bu barədə səfir “The Sydney Morning Herald”a müsahibəsində deyib.

"Bizim çox etibarlı məlumatlarımız var. Yəni bütün bunlar (AUKUS üçtərəfli tərəfdaşlığının qurulmasından sonra Fransa ilə müqavilənin pozulması) 18 ay müddətində hazırlanıb. Bu o deməkdir ki, bizi qəsdən 18 ay kənarda saxlayaraq bu cinayəti hazırladılar. Əgər xəyanətin hazırlanması barədə mövcud məlumatlar doğrudursa və təkzib olunmayıbsa, bu ciddi bir etimad pozuntusudur və çox pis bir siqnaldır", - səfir əlavə edib.

Tebo Avstraliyanın müdafiə naziri Peter Dattonun mətbuatda razılaşmanın pozulması barədə xəbərlərdən sonra fransalı həmkarı ilə əlaqə yaratdığını, buna qədər isə Avstraliya, Britaniya və ABŞ-ın alyans yaratmalarına dair plan hazırladıqları barədə heç bir xəbərdarlıq olmadığını söyləyib.

"Biz Avstraliyaya ikitərəfli əməkdaşlığımızı əhəmiyyətli dərəcədə dərinləşdirmək üçün yeni bir yol açdığımızı düşünərək daha iddialı məqsəd və layihələri nəzərdən keçirməyi təklif etdik, ancaq bundan 15 gün sonra kürəyimizdən bıçaq zərbəsi aldıq. Aydındır ki, belə bir qərar əvvəlcədən məsləhətləşmədən sonra elan edilib. Yalnız bir telefon zəngi deyil, real məsləhətləşmə əsasında bu qərar verilib. Bu, etibarın pozulması deməkdir", - diplomat vurğulayıb.

Onun sözlərinə görə, səfirlik işçiləri avstraliyalılardan hökumətlərinin hərəkətlərinə görə üzrxahlıq ifadə edən minlərlə zəng və mesaj alıblar.

Düşündük ki, Avstraliya və Fransa dostdur, bir-birimizin arxasındayıq. Təəssüf ki, bunun əksini gördük", - fransalı səfir deyib.

Qeyd edək ki, Britaniyanın baş naziri Boris Conson, ABŞ prezidenti Co Bayden və Avstraliyanın baş naziri Skott Morrison bu həftə yeni AUKUS müdafiə və təhlükəsizlik ortaqlığı elan edərək, Fransanın “Naval Group” şirkəti ilə sualtı qayıq müqaviləsindən çıxdıqlarını açıqlayıblar.

Xatırladaq ki, “Əsrin Müqaviləsi” adlandırılan 90 milyard dollarlıq (56 milyard avro) sözügedən sövdələşmə “Barracuda” tipli 12 hücum sualtı qayığının istehsalını nəzərdə tuturdu. Hərbi-siyasi tərəfdaşlıq çərçivəsində atom sualtı gəmilərinin inşasına kömək etməklə bağlı ABŞ və Böyük Britaniya ilə razılığa gələn Avstraliya analoji “Naval Group” müqaviləsini tərk edib. Bu arada Fransanın xarici işlər naziri Le Drian Avstraliyanın qərarını “arxadan vurulan zərbə” adlandırıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Fransa   Avstraliya  





Xəbər lenti