Təxribatın qarşısını alan Azərbaycan polisi Ermənistanda gündəm oldu

   Təxribatın qarşısını alan Azərbaycan polisi Ermənistanda gündəm oldu
  18 Sentyabr 2021    Oxunub:2075
Ötən gün Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən 21 kilometr zolağına nəzarət edən Azərbaycan polisinin fəaliyyəti ilə bağlı yeni görüntülər yayıldı. Polislərimiz erməni maşınlarından birində təxribata cəhd edildiyi, keçmiş qondarma rejimə aid “bayrağı”n avtobusa yapışdırıldığını seziblər.
Azvision.az xəbər verir ki, yayılan görüntülərdə polislərimiz kağız parçasını avtobusun üzərindən qoparması əks olunub. Onlar Qarabağın Azərbaycana aid olduğunu və bu mövzuda heç bir təxribatın cavabsız qalmayacağını da göstəriblər.
Qısa zamanda sosial şəbəkələrdə trendə çevrilən video Ermənistanda rezonans doğurub, polis postunda hər şeyin belə xırda detallara qədər incələnməsi isə ictimaiyyət arasında qorxu yaradıb. Sadə ermənilərlə yanaşı siyasətçilər, ictimai fəallar bundan sonra öz hüquq-mühafizə orqanlarının yox, Azərbaycan polisinin dediyi ilə oturub-duracaqlarından qorxduqlarını aşkar şəkildə etiraf edirlər.
Ermənilərin tanınmış teatr xadimi Mher Mkrtçyan görünütülər barədə danışaraq deyib ki, qoy bu videoya generalları, “qırımızı beretlilər”, hər iki əlində silah tutub atəş açan müdafiə naziri baxsın.



Deputat Naira Zohrabyan isə polisin üzərində təxribatçı bir “bayraq” şəkli ilə hərəkət edən avtobusu saxlamasını və bu qanunsuzluğu aradan qaldırmasını bir kənara qoyaraq anormal fikirlər səsləndirib. O avtobusda olan yeniyetmələrin bu yoxlamalardan qorxmasından narahat olduğunu deyib. Görünür erməni deputat “anlamır” ki, əslində təxribatçılar qondarma “bayrağı” ora yapışdıranda uşaqların taleyini və ya hansısa stress keçirəcəklərini əvvəlcədən düşünməli idi...

Digər deputat, "Hayastan" fraksiyasından olan Artur Qazinyan Azərbaycanın bütün sferalarda diqtə edən tərəf olmasından gileylənib. O, da bu təxribatçı addımı-"bayraq" məsələsini qabartmayaraq guya yeniyetmələrin qeydinə qaldığını göstərməyə çalışıb. Qazinyan ölkə rəhbərliyinin sayəsində rəzil duruma düşdüklərini, uşaqların isə polis yoxlamasından qorxduğunu deyib.

"Artıq maşınlarımızda hərbi bıçaqla "Artsax"a (Qarabağda qurulmuş keçmiş qondarma rejim-red.) aid bayrağı təmizləyirlər. Və bütün bunlara paralel olaraq "qürurlu insanlar" müstəqilliklə bağlı rəngarəng bayramları səbirsizliklə gözləyir, buna hazırlaşırlar".



"Vətən" Partiyasının yetkilisi Babken Arutyunyan isə təxribatın qarşısını alan Azərbaycan polisi ilə bağlı yayılan görüntülərdən üzüldüyünü gizlətməyib. O, bu duruma görə hakimiyyətlə yanaşı xalqı da qınayıb.

"Bu aşağılanmağa qarşı kim çıxmalıdır? Hakimiyyəti tamamilə ələ keçirmək və müxalifətə qarşı repressiya tətbiq etmək üçün "polad" mandat aldınız. Gedin düşmənlə də mübarizə aparın. Hakimiyyət, hökumət sizsiniz, biz yox! Nikolizmə səs verənlər, nə ilə fəxr edirlər?"

Sosial mediada ümumən nəqliyyat proseslərinin Ermənistanın əleyhinə cərəyan etməsinə dair təhlillər çoxalıb. Saytlar, məşhur erməni "Telegram" və "Facebook" səhifələri pessimist notlara köklənərək artıq Gorus-Qafan yolunda istədikləri kimi hərəkət edə bilməyəcəklərini yazırlar.

“Gorus-Qafan dövlətlərarası avtomobil yolunun Azərbaycanın nəzarətinə keçən hissəsində qalmaqallar güclənir. Əgər buradan istifadə edən İran avtomobillərinin saxlanması ilə bağlı məsələ gömrük rüsumuna dair idisə, indi ermənilərə məxsus avtomobillərin də postda dayandırılması halları baş verir ki, bu da tamam fərqli problemdən qaynaqlanır "-,sosial şəbəkələrdəki mövzuya dair təhlillərdə qeyd edilir.

Prosesləri analiz edən erməni müəlliflər iddia edirlər ki, İran maşınları-xarici nəqliyyat vasitələrinə bağlı məsələlər məlum üçtərəfli müqavilədə qeyd edilməmişdi. Həmin yoldan erməni maşınları üçün isə maneəsiz istifadə zəmanəti verilib.

Amma məsələyə birtərəfli yanaşan müəllif unudur ki, Azərbaycan polisinin xidmət etdiyi postdan keçən zaman istənilən qanunsuz davranış cavabsız qala bilməz. Fərqi yoxdur bu iqtisadi məsələdir, ya siyasi təxribat.

“İndi Azərbaycan polisi yolun bu hissəsinə avtomobil "dress-kod"u tətbiq edir və bu postdan keçən erməni avtomobillərinin hansı standartlara cavab verməli olduğuna qərar verirlər. Daha doğrusu belə bir hüququna malik olduqlarını göstərirlər".

Maraqlıdır ki, mövzu ilə bağlı payalaşımlarda daha çox İrəvanda oturanlar, ölkə rəhbərliyi günahkar sayılır. Yəni siyasi iradənin olmaması Ermənistanı hər cürə aşağılanmaya aparacaq. Digər bir paylaşımda isə problemin kökünün ölkədaxili siyasi fikir ayrılıqlarında olduğu göstərilir

-Vacib məqamlara fikir verməmək artıq internetin erməni seqmenti üçün adi bir haldır. Artıq bir neçə gündür ki, il yarım əvvəl heç kimi narahat etməyən yük maşınları mövzusu haqqında müzakirələr gedir. Belə bir situasiyada parlamentin sədri Alen Simonyanın fikirlərinə diqqət yetirənlər də az olmadı. O, plenar iclasda Ombudsman Arman Tatoyanın Azərbaycanda saxlanılan ermənilərə “işgəncələrin verilməsi”nə dair hesabatdakı məlumatlarının uydurulduğunu bildirdi. Ermənistan parlamentini təmsil edən şəxsin dövlətin real problemlərinə bu qədər kar olması diqqəti çəkir. Arman Tatoyan parlament nümayəndələrinin unutduqları məhbuslarımıza diqqəti cəlb etməyə çalışır, məlumat toplayır və bir sənəd dərc edir. Alen Simonyan isə sadəcə hüquq müdafiəçisinin işini gözdən salır və ermənilərin maraqlarını qorumaq əvəzinə, tamamilə fərqli mövqe tutur. Siyasi elita olmaq dövlət işinə uğur gətirməkdir. Yunanıstanda istirahət etmək və ikinci dərəcəli seriallara çəkilmək deyil. Bu həm də problemlərdən danışan və bunları həll edən ilk insan olmaq, vətəndaşların qayğısına qalmaq deməkdir.

Yazıda o da vurğulanır ki, parlament nümayəndəsinin məhbuslarla bağlı məlumatlara fikir verməməsi ağlasığmaz bir davranışdır. Belə davranışa nə siyasi, nə də mənəvi cəhətdən haqq qazandırmaq olmaz.

- Ümumi laqeydlik və səriştəsizlik bizi elə bir duruma gətirib çıxardı ki, indi öz "ərazimizdə" azərbaycanlılar keçid məntəqəsi qurdular, uşaqları aparan avtomobilləri yoxlayıb, "Artsax"(Keçmiş qondarma rejim-red.) "bayrağını" qoparırlar.

Həqiqətən də sosial şəbəkələrin erməni seqmentini analiz etdikdə burada ölkədə xaosun hökm sürməsinə dair müxtəlif səpkili paylaşımlara rast gəlirsən. Son nəqliyyat qalmaqalı, Azərbaycan polisinin qanunsuzluğun və təxribatın qarşısını zamanında alması isə bu siyasi xaosu daha da artırıb. Görünən odur ki, indi Ermənistanda siyasi gündəmi Azərbaycan təyin edir...

Tural Tağıyev
Azvision.az



Teqlər: Təxribat   Ermənistan   Azərbaycan-Polisi  





Xəbər lenti