Sarkisyan ifşa olundu: Aprel döyüşlərində Baden-Badendə dincəlirmiş

      Sarkisyan ifşa olundu:   Aprel döyüşlərində Baden-Badendə dincəlirmiş
  16 Sentyabr 2021    Oxunub:1482
Tanınmış erməni ictimai xadim, "İKM" proqramının koordinatoru Daniyel İohanisyan eks-prezident və hərbi cinayətkar Serj Sarkisyanla bağlı sensasion faktlar aşkarlayıb. Azvision.az xəbər verir ki, erməni mediasında gündəmə çevrilən bu faktlar Aprel döyüşlərinə aiddir.
Məlum olub ki, Serj Sarkisyan əslində özünün təbliğ etdiyi kimi Aprel döyüşlərində "qəhrəman komandan" olmayıb, əksinə, döyüşlərin qızğın vaxtında xaricdə istirahətindən qalmayıb. Sən demə, Sarkisyan Aprel döyüşlərinin son günündə Baden-Badendə olub.

"O, Baden-Badendə olarkən hələ də cəbhə bölgəsində tank və toplardan istifadə olunurmuş, atəşkəsin perspektivi isə bəlli deyilmiş", - İohanisyan iddia edib.

Erməni ictimai xadim qeyd edib ki, Serj Sarkisyanın niyyəti ayın 6-da Berlinə səfər etmək olsa da, eks-prezident bunun əvəzində ayın 5-i Baden-Badenə uçub:

"Beləcə, o bir gecə "istirahət edib" və sonra Berlinə uçub. Məsələyə maddi tərəfdən yanaşdıqda isə Serj Sarkisyanın bizim vergilərimiz hesabına Baden-Badenə 16 dəfə səyahət etdiyini görərik. Sarkisyan bura yalnız tətil üçün getmirmiş. Bu faktları cinayət işi açılması tələbi ilə aidiyyəti qurumlara göndərəcəyik ", - Daniel İohanisyan söyləyib.

Yeni aşkara çıxan bu faktlar sosial mediada sensasiya kimi qarşılanıb. Çünki hələ də erməni cəmiyyətində Sarkisyandan müharibədə xalqın yanında olması, daim ordunu düşünməsi kimi "qəhrəman" obraz yaradanlar var.

Narazılıqların artdığını görən hərbi cinayətkarın vəkili Amram Makinyan isə "Hraparak"a açıqlama verərək, bunu dezinformasiya adlandırıb. O, Serj Sarkisyanın aprelin 5-də Baden-Badendə gecələmədiyini bəyan edib.

Tural Tağıyev
Azvision.az



Teqlər: Sarkisyan   Ermənistan   Aprel-döyüşləri  





Xəbər lenti