Şəhid əsgərimiz dəfn edildi - FOTOLAR

Şəhid əsgərimiz dəfn edildi - FOTOLAR
  18 Mart 2014    Oxunub:910
Cəbhə xəttində şəhid olmuş əsgər Həsənov Elvin Çingiz oğlu Sumqayıt şəhərində dəfn olunub.
AzVision.az-a bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, dəfn mərasimində Müdafiə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Sumqayıt Şəhər İcra Hakimiyyəti, şəhidin təhsil aldığı məktəbin kollektivi və hərbi hissənin nümayəndələri, o cümlədən şəhər ictimaiyyəti və müxtəlif təşkilatların rəhbər şəxsləri iştirak ediblər.

Şəhidin yaşadığı mənzilin eyvanından Azərbaycanın Dövlət Bayrağı asılıb, binanın qarşısında isə vida mərasimi təşkil edilib.

Mərasimində çıxış edən Müdafiə Nazirliyinin zabiti polkovnik Abdulla Qurbani müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə ölümündən sonra təltif edildiyi "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalını şəhidin anası Mətanət Əliqızına təqdim edib.

Şəhidin babası Əli Məmmədov çıxış edərək, yeganə oğlan nəvəsinin torpaqlarımızın müdafiəsi zamanı şəhid olmasından qürur duyduğunu, dəfn mərasiminin yüksək səviyyədə təşkilinə görə ölkə başçısına və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib.

Mərasim başa çatdıqdan sonra Şəhidin cənazəsi fəxri qarovulun və izdihamın müşayiəti ilə Sumqayıt şəhərinin Şəhidlər Xiyabanına aparılıb. Şəhid əsgəri ehtiram ənənələrinə uyğun olaraq yaylım atəşləri altında son mənzilə yola salınıb. Tabut üzərindəki üçrəngli Dövlət Bayrağı əbədi xatirə saxlanılması üçün şəhidin ailəsinə təqdim edilib.

Qalereya




Teqlər:





Xəbər lenti