Səlim Müslümov 324 nəfəri işdən çıxardı

Səlim Müslümov 324 nəfəri işdən çıxardı
  17 Mart 2014    Oxunub:1329
Sosial müdafiə sahəsində aparılan islahatların cari vəziyyəti və qarşıda duran vəzifələr müzakirə olunub.


Martın 17-də Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun sədrliyi və nazirliyin rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzlərinin (ƏSMM) direktorları, digər məsul şəxslərinin iştirakı ilə respublikada sosial müdafiə sahəsində aparılan islahat tədbirlərinin cari vəziyyəti və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, iclasda S.Müslümov möhtərəm Prezident cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, son vaxtlarda nazirliyin fəaliyyət sahələrində şəffaflığın təmin olunması və müasir tələblərə uyğun iş mexanizmlərinin qurulması məqsədilə aparılan islahat tədbirlərindən söz açıb. “Nazirliyin fəaliyyətində daha geniş əhali kontingenti ilə ünsiyyətin olduğu mühüm iş sahələrindən biri də ünvanlı dövlət sosial yardımı proqramının icrasıdır. Digər tərəfdən, heç kimə sirr deyil ki, bu proqramın icrasında yol verilən ədalətsizlik halları, ünvanlı yardımların ünvanlılıq prinsipi üzrə deyil, müəyyən “şərtlər” əsasında təyinatının az qala artıq adi hala çevrilməsi təbii olaraq cəmiyyətdə narazılıqlarla qarşılanırdı. Ona görə də bu sahədə mövcud olmuş ciddi nöqsanların aradan qaldırılması və ünvanlı yardımların təyinatı prosesinin şəffaflaşdırılması bizim üçün əsas vəzifələrdən biri olmuşdur”.

Bu məqsədlə ciddi kadr islahatlarının aparıldığını deyən S.Müslümov son 4 ayda öz vəzifəsini yarıtmaz şəkildə yerinə yetirən və fəaliyyəti vətəndaşlarda yalnız mənfi rəy doğurmuş 277 əməkdaşın, o cümlədən 47 mərkəz direktorunun vəzifəsindən azad edildiyini bildirib. “Yardımların təyinatı prosesinə məsul olan, o cümlədən bu prosesdə vətəndaşlarla birbaşa ünsiyyətdə olan kadr korpusunun sağlam mənəviyyatlı, layiqli kadrlardan təşkil olunması istiqamətində işlər aparılır. Eyni zamanda, yardım alanların siyahıları həm nazirliyin saytında, həm də ƏSMM-lərin inzibati binalarındakı müvafiq lövhələrdə cəmiyyətə açıqlanıb. Vətəndaşlar tərəfindən bu siyahılarda adları olan, lakin əslində dövlətdən yardım almağa ehtiyacı olmayan şəxslər barədə nazirliyə daxil olan hər bir müraciət ciddi araşdırılır. Araşdırmalar nəticəsində bir sıra ƏSMM-ləri tərəfindən ünvanlılıq prinsipinə əməl olunmadan yardım təyinatlarının həyata keçirildiyi aşkar edilib və bununla əlaqədar dərhal inzibati tədbirlər görülüb”.

Aparılan işlərin müsbət nəticələrinin olduğunu, vətəndaşlardan şikayət xarakterli müraciətlərin sayının dəfələrlə azaldığını bildirən S.Müslümov bunun kifayət etmədiyini, bu sahənin bir nəfər vətəndaşda belə haqlı narazılıq yaratmaması üçün müvafiq tədbirlərin davam etdiriləcəyini vurğulayıb. ”İnzibati tədbirlərlə yanaşı, yardımın təyinatı prosedurlarının yenidən formalaşdırılmaqla təkmilləşdirilməsi, bu sahədə məmur-vətəndaş kontaktının neqativ hallara şərait yaradan hal kimi aradan qaldırılması və şəffaf bir sistemin qurulması üçün mütərəqqi beynəlxalq təcrübədən istifadə olunmaqla institisional dəyişikliklərin tətbiqi təmin olunacaq”. S.Müslümov ünvanlı sosial yardım üçün müraciət və təyinat prosedurunun tam avtomatlaşdırılması, bu islahatın dəqiq konturlarının və avtomatlaşdırmanın texniki sxeminin, təşkilati detallarının müəyyən edilməsi işlərinin aparıldığını bildirib.

ƏSMM-lərində vətəndaşların müraciətlərinə diqqət və həssaslıqla yanaşılmaması, süründürməçilik hallarına hələ də rast gəlindiyini qeyd edən S.Müslümov vətəndaşlarla görüşlər zamanı onların xeylisinin məhz belə hallardan narazılıq etdiklərini diqqətə çatdırıb. “Bəzən çox sadə bir məsələ ilə bağlı vətəndaş ƏSMM-lərdən izahat ala bilmir və bundan ötrü neçə-neçə instansiyaya müraciət ünvanlamalı olur. Mərkəzlərin əməkdaşları bilməlidirlər ki, onlar hər bir müraciət edən şəxsi dinləməyə, ona müraciəti ilə bağlı sadə şəkildə izah verməyə borcludurlar. Bu borcu unudan əməkdaşlara heç bir dövlət orqanında yer ola bilməz”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev son 4 ayda aparılmış təhlil və araşdırmaların nəticələri barədə məlumat verib. Qeyd olunub ki, 2012-ci ilin müvafiq ayları ilə müqayisədə 2013-cü ildə ünvanlı sosial yardım təyin olunmuş ailələrin sayı subyektiv səbəblərdən 5,5 faiz artmışdır. Lakin şəffaflığın təmin edilməsi, neqativ halların aradan qaldırılması və nəzarət mexanizminin gücləndirilməsi sahəsində aparılmış məqsədyönlü işlər nəticəsində 2014-cü ilin ilk iki ayında 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə ünvanlı yardım təyin olunmuş ailələrin sayı 10,9 faiz azalmışdır.

Ünvanlı sosial yardım alanların adlı siyahısı cəmiyyətə açıqlandıqdan sonra KİV ilə əhaliyə edilən müraciətlərdən sonra gözlənilən müvafiq məlumatlar daxil olmaqdadır. Daxil olmuş məlumatlar əsasında Ağdam, Ağcabədi, Lerik, Saatlı, İmişli rayon ƏSMM-ləri tərəfindən ünvanlı sosial yardım təyinatında yol verilmiş nöqsanlar araşdırılaraq ciddi tədbirlər görülmüşdür. Bununla bağlı olaraq, artıq ödənilmiş vəsaitin bərpa etdirilməsi təmin olunmaqla, həmin mərkəzlərin məsul şəxsləri barədə ciddi intizam tədbirləri görülmüş, o cümlədən hər iki mərkəzin direktorları vəzifələrindən azad edilmişdir.

Bildirilib ki, əhaliyə xidmət səviyyəsinin yaxşılaşdırılması və şəffaflığın təmin olunması istiqimətində aparılan işlərin müsbət nəticəsi kimi, müvafiq dövrdə Dövlət Sosial Təminat Xidmətinə “142-Qaynar xətt” vasitəsilə 1728 vətəndaş müraciəti olmuşdur ki, bu da əvvəlki dövrlə müqayisədə 438 müraciət azdır.

İclasda fəaliyyətində ciddi nöqsanlara yol verdiklərinə görə Beyləqan rayon ƏSMM-nin direktoru vəzifəsindən azad edilib, iki rayonun ƏSMM-lərinin direktorlarına töhmət verilib, həmçinin ayrı-ayrı mərkəzlərin vəzifələrini düzgün şəkildə yerinə yetirməyən əməkdaşları barədə intizam tədbirlərinin görülməsi, sosial müdafiə sisteminin təkmilləşdirilməsi, ünvanlı yardım sisteminin avtomatlaşdırılması, əhaliyə xidmətin keyfiyyətcə yaxşılaşdırılması ilə bağlı müvafiq tapşırıqlar verilib.


Teqlər:  





Xəbər lenti