Dəniz müharibəsi qızışır: Rəisi İsraillə dil tapacaqmı?

  Dəniz müharibəsi qızışır:  Rəisi İsraillə dil tapacaqmı?
  04 Avqust 2021    Oxunub:1628
İranla İsrail arasında dənizlərdə yaranan qeyri-rəsmi müharibə davam edir. İsrail İranı iyulun 30-da onun ticarət gəmisinə hücum etməkdə ittiham edib. Hücum pilotsuz uçuş aparatı ilə həyata keçirilib.
Əslində hücuma məruz qalan “Mercer Street” adlı gəmi Liberiya bayrağı altında üzür və Yaponiyaya məxsusdur. Ancaq gəminin idarəetməsi İsrailin “Zodiac Maritime” şirkətinə məxsusdur. Bu, il başlayandan İsrail şirkətlərinə məxsus 5-ci gəmiyə hücum əməliyyatıdır.

Qeyd edək ki, gəmiyə hücum zamanı gəmidə xidmət edən Böyük Britaniyanın və Rumıniyanın vətəndaşları həlak olublar. Buna görə də İranın bu iki ölkədəki səfirləri Böyük Britaniyanın və Rumıniyanın Xarici İşlər Nazirliklərinə çağrılıblar. Tehran isə ittihamları rədd edib.

Məsələni Azvision.az –a şərh edən politoloq Elxan Şahinoğlu deyib ki, iki ölkə arasında bu cür hərbi təzyiq halları tez-tez baş verir. Məsələn İsrail İranın və Tehrana bağlı “Hizbullah” təşkilatının Suriyadakı mövqelərini zaman-zaman bombalayır:

Gəmi qalmaqalı böyüyür: ABŞ İrana kollektiv cavab hazırlayır
“Digər tərəfdən İsrail İranın Suriyaya neft daşıyan tankerlərini də hədəf alır. Ümumiyyətlə İsrail də İranın Suriyaya istiqamtlənən gəmilərini rahat buraxmır. Böyük ehtimalla Tehran İsrailə qarşı cavab aksiyası həyata keçirib. İsrail və ABŞ arasında mövcud durumla bağlı məsləhətləşmələr başlayıb. Yayılan xəbərlərə görə, Vaşinqton İsrailə İranın mövqelərinə qarşı hücum əməliyyatları həyata keçirməyə yaşıl işıq yandırıb.

Dəniz müharibəsi İranda mühafizəkar İbrahim Rəisinin hakimiyyətə gəldiyi dövrə təsadüf edib. Həsən Ruhanidən fərqli olaraq İbrahim Rəisi və İslam Keşikçilər Korpusu İsraillə mübarizədə sərt addımlar atmağa hazırdır. İranda bir neçə il ərzində nüvə alimlərinin qətlə yetirilməsində də İsrail izi axtarılır. Tehranda bunun intiqamı haqqında düşünürlər”.



Elxan Şahinoğlu deyir ki, İran-İsrail qarşıdurmasının inkişafı beynəlxalq aləmə və bölgəyə yeni gərginlik vəd edir. Cənub qonşumuz bir tərəfdən yenidən böyük dövlətlərlə “nüvə sazişi” imzalamaq istəyir, digər tərəfdən isə İsraillə növbəti qarşıdurmaya hazırlaşır. Bu gedişat Vaşinqtonun Tehranla “nüvə sazişi” imzalamasını ləngidə bilər. Ağ Evin hazırki sahibi Co Bayden Donald Trampdan fərqli olaraq nüvə anlaşmasına hazır görünürdü. Ancaq İranın İsrailə məxsus gəmiləri hədəf alarkən Bayden üçün Tehranla razılaşmaya hazır olması çətindir. Baydenin daxili müxalifətin təzyiqi ilə üzləşəcəyi də gözləniləndir.

“Yeni prezident İbrahim Rəisi seçim qarşısındadır. O ya “nüvə sazişinə” üstünlük verərək ölkəsinə qarşı iqtisadi sanksiyaların yumşaldılmasına çalışmalı, ya da İslam Keşikçiləri Korpusunun İsrailə qarşı “intiqam” əməliyyatlarına dəstək verərək nüvə anlaşmasını risqə atmalıdır.

İran-İsrail qarşıdurması Azərbaycanın maraqlarına cavab vermir. Ölkəmiz İran və İsraillə tərəfdaşlığını davam etdirmək, hər iki dövlətlə müxtəlif layihələr reallaşdırmaq istəyir. Rəsmi Bakı İsraildə ticarət və turizm nümayəndəliyi açıb və nümayəndəliyin yaxın müddətdə Azərbaycanın bu ölkədə səfirliyinə çevriləcəyi istisna deyil. Azərbaycan-İsrail münasibətlərinin üçüncü dövlətlərə qarşı yönəlmədiyi dəfələrlə vurğulansa da, bu əməkdaşlıq İranda fərqli reaksiyalar doğurur. Halbuki, bunun üçün əsas yoxdur”.

Tural Tağıyev
Azvision.az



Teqlər:   İran   Suriya   Müharibə  





Xəbər lenti