AXCP-də növbəti istefa dalğası: Bu dəfə səbəb nədir?

  04 Avqust 2021    Oxunub :763
AXCP-də növbəti istefa dalğası:  Bu dəfə səbəb nədir?
Radikal siyasi mövqeyi ilə seçilən Azərbaycan Xalq Cəbhəsi Partiyasında (AXCP) növbəti “yarpaq tökümü” başlayıb. Azvision.az xəbər verir ki, partiya sədri Əli Kərimliyə yaxınlığı ilə seçilən və AXCP-nin ən aktiv fəallarından sayılan Fatimə Hüseynova partiyadan istefa verib.
Bəllidir ki, Əli Kərimlinin rəhbərlik etdiyi partiyada fərqli fikir söyləyənlər hər zaman ya təzyiqlərə məruz qalıblar, ya da istefa verməyə məcbur olublar. İndiki halda da daha bir cəbhəçi fəalın partiya sıralarından uzaqlaşması bu uğursuz siyasi təşkilatda işlərin yaxşı getməməsindən xəbər verdi.

Partiyada bu istefa xəbərinin gizli saxlanması və ictimaiyyətə açıqlanmaması qərarlaşdırılsa da, mümkün olmayıb. Əslində burada təəccüblü heç nə yoxdur. O mənada ki, bu, partiyada ilk istefa xəbəri deyil. Çox güman, sonuncu da olmayacaq.

Çünki, son zamanlar AXCP-nin daxilində yeni və ciddi narazılıq baş qaldırıb. Hələlik adları gizli saxlanılan daha bir neçə nəfərin istefa verdiyi barədə məlumatlar var. Uzun illərdir, AXCP-ni şəxsi şirkəti kimi idarə edən Əli Kərimli partiya daxilində anormal mühit formalaşdırıb. Belə bir siyasi ab-havadan, gənclərə və fəallara qarşı təzyiqlarin artmasından narazı olanlar partiya biletini tullamaq məcburiyyətində qalırlar.
İstefa verənlərin daha bir arqumenti də partiyanın faktiki olaraq cəmiyyət arasında nüfuzdan düşməsidir. Bundan başqa, funksionerlərin və sıravi üzvlərin Əli Kərimlinin bir sıra qərarları ilə razılaşmaması kimi məsələlər də azsaylı üzvlərin AXCP-dən üz döndərməsinə səbəb olur.

Partiya sədrinə qarşı irəli sürülən ittihamların əsas mahiyyəti ondan ibarətdir ki, yalnız Azərbaycanın dövlətçilik maraqlarına zidd davranmır, həm də qardaş ölkə Türkiyə əleyhinə kampaniyalarda da rol alır. Çünki Türkiyənin qardaş ölkə olması və Vətən müharibəsində Azərbaycana böyük dəstək verməsi fonunda cəbhəçilərin bu səpkili təbliğatı faktiki olaraq ermənilərin, yunanların, kürd separatçılarının və Türkiyəyə qarşı ardıcıl mübarizə aparan Qərb dairələrinin sevincli iddiaları ilə üst-üstə düşür. Bu isə Azərbaycan cəmiyyəti tərəfindən birmənalı şəkildə mənfi qarşılanır və partiyanın nüfuzuna böyük zərbə vurur.

Doğrudan da, bir partiya sədrinin daim Azərbaycanın yanında olmuş ölkəyə -Türkiyəyə qarşı fəaliyyətlərdə yer alması, Qərbin diktəsi ilə oturub-durması təkcə özünün deyil, ümumilikdə təmsil etdiyi partiyanın intiharına bərabərdir. Partiyanın nüfüzuna bundan böyük zərər vurmaq olmazdı ki, bunu da Əli Kərimli bacarıb. Əslində isə partiyanın olmayan nüfuzuna zərbə dəyir. Zatən hər kəsə bəllidir ki, AXCP uzun illər həm radikal mövqeyinə, həm də Əli Kərimlinin diktator fəaliyyətinə görə Azərbaycan cəmiyyətində zərrə qədər də hörmət qazana bilməyib.

O ki qaldı partiya ilə bağlı ən son istefa xəbərinə, hazırda bunu fərqli istiqamətə yozurlar. Bir neçə gün bundan əvvəl F.Hüseynovanın anasının xəstəliyi ilə əlaqədar yardım istəməsi barədə sosial şəbəkələrdə məlumat getmişdi. Onun bu məsələ ilə bağlı AXCP sədri Əli Kərimliyə də müraciət etdiyi, lakin heç bir köməklik göstərilmədiyi bildirilir. Hazırda F.Hüseynovanın istefasının bu məsələ ilə əlaqələndirilməsinə cəhdlər olunsa da, məsələ daha qəlizdir və AXCP sədrinin Türkiyənin əleyhinə verdiyi təlimatların bunda az rolu olmayıb.
Proseslərin gedişi AXCP-də narazılığın daha da artacağını və yeni istefalar olacağını deməyə əsas verir. Bu isə onu göstərir ki, Əli Kərimlinin idarəçiliyi dövründə dəfələrlə parçalanan AXCP növbəti parçalanma dövrünü yaşayır və bundan sonra partiyanın aqibəti kifayət qədər qaranlıq görünür.
Beləliklə, istər istefa xəbərləri, istərsə də partiyada bu cür neqativ hadisələrin ört-basdır edilməsinə olan cəhdlər AXCP-nin əsl simasını bir daha cəmiyyətə nümayiş etdirmiş oldu.

Tural Tağıyev
Azvision.az

Teqlər: AXCP  






Xəbər lenti