Magistrlara şad xəbər

Magistrlara şad xəbər
  17 Mart 2014    Oxunub:885
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən “Magistr” xüsusi buraxılışının 3-cü sayı nəşr edilib.

TQDK-nın mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, jurnalda ali təhsil müəssisələrinin magistraturalarının bütün ixtisaslaşmalarına qəbul proqramları təqdim olunub. Hər bir bakalavr bu jurnalı əldə etdikdən sonra ilk növbədə "Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli" ilə diqqətlə tanış olmalıdır. Bakalavrlar bu cədvəl əsasında bitirdikləri bakalavr ixtisasına uyğun olan magistratura ixtisaslaşmaları ilə tanış ola, müvafiq qəbul proqramının nömrəsini və ixtisaslaşmaların seçimi üçün tələb olunan minimal balı öyrənə bilərlər. Hər bir bakalavr qəbul imtahanının I mərhələsindəki nəticəsindən asılı olaraq onun seçmək hüququ olan ixtisaslaşmaların arasından öz istəyinə uyğun olanları seçməli və cədvəldə göstərilən müvafiq proqram əsasında imtahanın ikinci mərhələsinə hazırlaşmalıdır.

Bu ildən başlayaraq magistraturaya qəbulda ixtisasından asılı olmayaraq bütün bakalavrlara jurnalistika üzrə ixtisaslaşmaları seçmək imkanı vermək qərara alınıb. Odur ki, cari ildə magistraturaya qəbul imtahanının I mərhələsində humanitar və sosial ixtisaslar qrupuna aid olan müsabiqə şərtlərini ödəyən bütün bakalavrlar jurnalistika üzrə 44 №-li proqramı da seçə bilərlər. Bunun üçün bakalavrlar TQDK tərəfindən müəyyən edilən müddətdə internetdə müvafiq sorğu anketini dolduracaq, daha sonra TQDK tərəfindən təşkil olunacaq müsabiqə komissiyası tərəfindən keçirilən müsahibədə iştirak edəcəklər. Müsahibədən müvəffəqiyyətlə keçənlər jurnalistika ixtisaslaşması üzrə olan proqramı seçərək imtahanda iştirak edəcəklər. Həmin imtahanda onlar təqdim olunacaq mövzu üzrə yazı işini yerinə yetirəcəklər. Nəticələri müsabiqə şərtini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılacaqlar.

Qeyd edək ki, magistraturaya proqram seçimi, ixtisaslaşma seçimi haqqında elan, qəbul aparılan ixtisaslaşmaların siyahısı və digər zəruri məlumatlar "Magistr" xüsusi buraxılışının növbəti sayında dərc ediləcək. Xatırladırıq ki, 2014/2015-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul qaydaları “Magistr” xüsusi buraxılışının 2014-cü il tarixli 1-ci sayında, qəbul elanı isə 2-ci sayında dərc edilib. Təqdim olunan bu materiallar bakalavrlara magistraturaya qəbul imtahanına səmərəli hazırlaşmaqda yardım etmək məqsədi daşıyır.

AzVision.az


Teqlər:





Xəbər lenti