Toylarla bağlı sorğunun nəticələri açıqlandı

Toylarla bağlı sorğunun nəticələri açıqlandı
  02 Avqust 2021    Oxunub:981
22 iyun 2021-ci il tarixdə Nazirlər Kabineti yanında Operativ Qərargah şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsinə icazə verilməsi haqqında qərar qəbul edib. Rəyi öyrənilənlərin əksəriyyətinin şənliklərin keçirilməsinə qoyulan qadağanın aradan qaldırılması qərarına münasibəti əsasən müsbətdir (69.0%).Yalnız 13.0% bu qərarla razı deyil.
Azvision.az xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi sorğunun nəticələrində qeyd edilib. Hesabata əsasən, bu qərara münasibət regionlar üzrə fərqlənir.

“Belə ki, Bakı, Abşeron və Gəncə-Daşkəsən, Qazax-Tovuzda respondentlərin ən azı 85.0%-i sözügedən qərarı dəstəklədiyi halda, bu göstərici Şəki-Zaqatalada 68.0%, Lənkəran-Astarada isə 73.0% təşkil edib.

Toyların keçirilməsi şərtlərinə dair mövcud qaydalardan respondentlərin 36.0%-i “tam razı”, 35%-i isə “əsasən razı” olduğunu bildirib. Əhalinin əsaslı hissəsinin bu qərara müsbət münasibətini bir neçə amillə açıqlamaq olar – həmin qaydaların toy təşkilatçıları və iştirakçıların sağlamlıqlarının qorunmasına xidmət etməsi, toylarla əlaqəli olan adət-ənənələrin qoruyub-saxlanılmasına imkan verməsi və ailələrin qurulmasındakı əngəllərdən biri olan karantin məhdudiyyətinin qüvvədən düşməsi. Respondentlərin təxminən yarısı (48.0%) həmin mərasimlərdə iştirak zamanı COVID-19-a yoluxmaqdan heç qorxmur".

Məlumatda bildirilib ki, qadınların 62.0%-i, kişilərin 38.0%-i müxtəlif dərəcələrdə qorxur. Yaş artdıqca qorxu nisbətən artır:

“Maraqlıdır ki, hər dörd nəfərdən biri dəvət edildiyi təqdirdə toyda iştirak etməyəcəyini bildirib ki, bunun da əsas səbəbi kimi COVID-19-a yoluxmaq qorxusu qarşıya çıxır (47.0%). Təxminən 12.0% respondent maddi amil səbəbindən toyda iştirak etmək istəmədiyini deyib. Dəvət edildiyi təqdirdə toyda iştirak etməyəcəyini bildirənlər daha çox təqaüdçülər arasında yayılıb (40.0%). Toyda iştirak etmək ehtimalının aşağı olduğunu deyən respondentlərin 17.0%-i, ehtimalın heç olmadığını deyən respondentlərin isə təxminən yarısı virusa yoluxmaqdan çox və ya qismən qorxur. Mərasimlərdə virusa yoluxmaqdan heç qorxmadığını deyənlərin 62.6%-i toyda iştirak etmək ehtimalının olduqca yüksək olduğunu deyib. Ümumiyyətlə, yoluxma qorxusu ilə dəvət edildiyi təqdirdə toyda iştirak etmək ehtimalı arasında tərs mütənasib korrelyasiya mövcuddur – qorxu artdıqca iştirak ehtimalı azalır.

Toy və yas mərasimlərinin keçirilməsinə qoyulan qadağaların qüvvədə olduğu dövrdə tez-tez müzakirə edilən məsələlərdən biri də mərasimlərin keçirilməsi bərpa olunduğu təqdirdə həmin tədbirlərin fərqli üslubda keçirilib-keçirilməyəcəyi idi. Rəyi öyrənilənlər arasında bu məsələyə dair fikir ayrılığı müşahidə edilib. Belə ki, 36% və 37% respondent müvafiq olaraq toyların və yasların məhz əvvəlki qaydada keçiriləcəyi, 45% və 55% respondent isə daha sadə təşkil ediləcəyi qənaətini bölüşür".



Aytən Zəhra
Azvision.az




Teqlər: Toy   Sorğu  





Xəbər lenti