Evdar qadınlar və təqaüdçülər peyvənd vurdurmaq istəmir - SORĞU

  02 Avqust 2021    Oxunub :485
Evdar qadınlar və təqaüdçülər peyvənd vurdurmaq istəmir -  SORĞU
Sosial Tədqiqatlar Mərkəzi əhalinin vaksinasiya və COVID-19 Pasportunun (İmmunitet sertifikatının) tələb edilməsinə dair ictimai rəyi öyrənib. COVID-19 pasportu haqqında sorğuda iştirak edənlərdən 57.0%-i ən azı bir doza vaksin qəbul edib.
Azvision.az xəbər verir ki, bu barədə STM-in keçirdiyi sorğunun nəticələrində qeyd edilib.

“Müqayisə üçün deyək ki, 2021-ci ilin aprelin 25-dən mayın 18-dək olan dövrdə keçirilmiş sorğuda iştirak edənlərin 30.6%-i artıq vaksin dozası qəbul etdiyini bildirmişdi. Vaksin olunmayan 43.0% repondentin vaksin olunmamaqla bağlı ifadə etdiyi səbəblər isə müxtəlifdir. Diqqət çəkən məqam odur ki, əhəmiyyətli sayda – 28.0% respondent heç bir halda vaksin olunmayacağını bildirib. Təqaüdçülərin təxminən 40.0%-i, evdar qadınların isə 31.0%-i heç bir halda vaksin olunmayacağını deyib. 19.0% respondent isə yalnız məcburiyyət əsasında vaksin olunmağa razılıq verəcəyini deyib. Daha dəqiq, həmin respondentlər vaksinasiyanın ölkə miqyasında icbari olacağı təqdirdə doza qəbul edəcəklərini bildirib. 18-35 yaş aralığında olanlar arasında vaksinə mənfi münasibət yaşlılara nisbətdə daha çoxdur. Gəncə-Daşkəsən, Qazax-Tovuz, Lənkəran və Qarabağ regionlarında heç bir halda vaksin olunmayacağını deyənlər bəzi bölgələrə nisbətdə 2 dəfə çoxdur".



STM-in hesabatında vaksinlərə “soyuq” münasibətin xarici ölkələrdə hansı səviyyədə olması da qeyd edilib:

“2021-ci ilin yul ayında paralel olaraq bir neçə ölkədə aparılmış sorğuya nəzər yetirsək, göstəricinin ölkələr üzrə kəskin fərqləndiyini görə bilərik. Əgər Britaniya, Cənubi Koreya və Yaponiyada 7.0% respondent heç bir halda vaksin olunmayacağını bildiribsə, analoji göstərici ABŞ-da 19.0%, Rusiyada isə 28.0% təşkil edib. 2021-ci ilin iyun ayında Türkiyədə həyata keçirilən sorğuda isə bu göstərici 16.0% təşkil edib. 2021-ci ilin əvvəlində aparılmış araşdırmada isə Gürcüstan əhalisinin yarısının vaksin qəbul etməmək niyyəti olduğu müəyyən edilib.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarına əsasən 2021-ci il iyulun 1-dən etibarən COVID-19 pasport tələbi tətbiq olunan məkanlarda çalışan işçi heyətin (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) azı 80 faizinin COVID-19 pasportuna malik olması mütləqdir.

Bununla yanaşı, sorğunun keçirildiyi müddətdəki qanunvericiliyə əsasən, ölkəmizdə idman zalları istisna olmaqla, heç bir xidmətin istifadəsində vətəndaşlardan COVID-19 pasportu tələb edilmirdi. Haşiəyə çıxaraq bildirmək lazımdır ki, 2021-ci il 1 sentyabr tarixindən etibarən: ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan yaşı 18-dən yuxarı olan, eləcə də, yaşı 18-dən yuxarı olan bütün şəxslər bir sıra qapalı məkanlarda göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə bilərlər.

Bəs əhali hansı hallarda xidmətlərin istifadəsində vətəndaşdan korona pasportunun tələb edilməsini məqbul hesab edir? Sorğuda iştirak edənlərin üçdə bir hissəsi (34.0%) məhz elə idman zallarından istifadədə COVID-19 pasportunun tələb edilməsini adekvat hesab edir. Analoji göstərici ölkə xaricinə səyahət etmək üçün 57.0% təşkil edib. 28.0% respondent isə pasportun heç bir halda tələb edilməsini adekvat hesab etmir. Bu fikir işləməyən respondentlər (38.0%) arasında nisbətən daha geniş yayılıb. COVID-19 pasportunun tətbiqinə dair qlobal miqyasda münasibətə gəlincə isə, 28 ölkədə 15.000 respondent arasında aparılmış sorğuya əsasən , təxminən 75.0% respondent pasportun xarici səyahətdə tələb edilməsini məqbul hesab edir. 68.0% isə kütləvi tədbirlərin təşkil edildiyi məkanlara buraxılışda pasportun tələb edilməsini adekvat qəbul edir".

Aytən Zəhra
Azvision.az

Teqlər: Vaksinasiya   Sorğu  







Xəbər lenti