"Zəfər" düşərgəsinin son günü - FOTOLAR

"Zəfər" düşərgəsinin son günü -  FOTOLAR
  31 İyul 2021    Oxunub:3901
İyulun 25-dən Təhsil Nazirliyi və "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Vətən müharibəsində qazanılan zəfərdə payı olan şəhidlərin yadigar qoyduğu övladları üçün Qubada maraqlı, rəngarəng yay tətili təşkil edilib. Quba STEAM Mərkəzində 74 şəhid balası üçün “Zəfər” düşərgəsi salınıb.
Azvision.az -ın əməkdaşı düşərgənin fəaliyyəti, uşaqlara hansı biliklərin öyrədilməsi, onların əyləncələri ilə tanış olmaq üçün Quba STEAM Mərkəzində olub. Azərbaycan Gənc Müəllimləri Assosasiyasının sədri Rüfət Əsədzadə bildirib ki, burada müxtəlif yaş qrupunda olan 74 uşaq 8-9 və 10 nəfərlik qruplarda birləşib. Düşərgə 2 alt qrupa bölünüb. Birinci və ikinci alt düşərgələrin hər birində 4 kiçik qrup fəaliyyət göstərir. Hər qrupda rəhbər və onun köməkçiləri uşaqlarla iş qurur.


R.Əsədzadə qeyd edib ki, hər gün 8 əsas mövzu üzrə hər biri 90 dəqiqəlik təlimlər keçirilib: “3D dizayn, mikrobit, kodlaşdırma, həmçinin kapoero, dağçılıq, aykido, xilasedicilik, ilk tibbi yardım, kinoloq və çölçülük üzrə təlimlərə qatılan uşaqlar həyati bilik və bacarıqları əldə ediblər. “Edərək öyrənmək” prinsipi ilə qurulan bu təlimlərə məktəblilər böyük maraq göstəriblər. Onların öyrənməsi ilə yanaşı, əyləncəsinə də xüsusi diqqət yetirilib. Hər gün Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin əməkdaşlarının iştirakı ilə uşaqların axşam proqramı hazırlanır. Rəqs, musiqi, şən və hazırcavablar klubu qurulur, axşam əyləncəsi başlayır.


Düşərgə proqramı hazırlanarkən uşaqların 4 istiqamətdə inkişafı – psixoloji, fizioloji, intelektual və sosial inkişafları nəzərə alınıb. Həmin istiqamətlərin təkmilləşdirilməsi üçün fəaliyyətlər icra olunub”.

Müsahibimiz bildirib ki, proqramın əsas hissəsi STEAM təlimləri üzərində qurulub. Uşaqlar 3D dizaynı tərtib edib, layihələrini 3D printerlərdə çap edib, kiçik mühəndislər olaraq layihələr işləyib hazırlayıblar. Mikrobitdə kodlaşdırma və alqoritmlər üzərindən əmrlər verir, onu praktiki olaraq reallaşdırıblar: “İlk gün uşaqların adaptasiyası olması vaxt alırdı, lakin növbəti günlərdə fəaliyyətlərə artıq aktiv qoşulurdular. Uşaqlar əsasən oynamaq istəyir və bizim də təlimlərin əsası oyunlar üzərində qurulub. Şagirdlərə belə ekstrim hallar yaşadırıq ki, onların xoşbəxtliyini təmin edək.


Yeni gələndə bir qədər özlərinə qapanıq idi. Lakin düşərgənin sonunda hər biri aktivləşdi və artıq öz fikirlərini bölüşürdülər. Bəzilərinin gələcəkdə ixtisas seçimlərində dəyişiklik oldu. Təlimlərdə uşaqların robotexnika və dron mühəndisliyinə daha böyük maraq olduğunu aşkarlanıb. Onlardan bir neçəsi seçilib və növbəti illərdə həmin uşaqların “Texnofest” festivalına hazırlanması üçün müraciət olunacaq”.


Düşərgədə gəzinti zamanı uşaqların hər bir fəaliyyət istiqaməti üzrə canfəşanlıqla çalışdıqlarının şahidi olduq. İstər çölçülükdə çadrların tez zamanda qurulması, istər itlərlə axtarış əməliyyatlarında iştirak, istər dağdan eniş əməliyyatları, istərsə də robot və dronlarınların idarə olunmasında onlar peşəkarlıq nümayiş etdirirdilər.


Şəhid mayor Rəhim Hüseynovun övladı Hikmət Hüseynli 6 günlük Zəfər düşərgəsində günlərinin çox əyləncəli keçdiyini deyib: “Burada STEAM, kompüterlər barədə çox məlumat aldım. Öyrənməklə yanaşı, biz çox yerlərdə gəzdik, əyləndik. Düşərgədə çoxlu dostlar qazandım, ünsiyyətimiz formalaşdı. Ümid edirəm ki, dostluğumuz bundan sonra da davam edəcək”.


Aprel döyüşləri şəhidi polkovnik Vüqar Yusifovun qızı Aytən Yusifzadə 6 gün düşərgədə günlərinin maraqlı keçdiyini, öyrənməklə yanaşı əyləndiyini, Qubanı gəzdiyini, tarixi yerlərini gördüyünü deyib.

“Dostlarımla birgə əyləncəli vaxt keçirdik. Təlimlər zamanı ilkin tibbi yardımı, 3D dizaynı, Ebrunu sənətini öyrəndik, bilik yarışması keçirdik. Ən çox marağım Ebru sənətinə oldu”.


Şəhid polkovinik leytenant Anar Əliyevin qızı Nigar Əliyeva Zəfər düşərgəsində çox biliklər qazandığını deyib. O, əylənməklə yanaşı, öyrənməyin maraqlı olduğunu, biliklə yanaşı, çoxlu dostlarlar qazandığını qeyd edib.


“Zəfər” düşərgəsinin son günü olsa da şagirdlər hər bir təlimdə canfəşanlıqla iştirak edirdi. Daha sonra düşərgənin bağlanış mərasimi keçirildi. Mərasim Dövlət himninin səsləndirilməsi və Vətən müharibəsi şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.


Çıxış edən Azərbaycan Gənc Müəllimlər Assosiyasının (AGMA) rəhbəri Rüfət Əsədzadə və "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova iştirakçıların düşərgə çərçivəsində faydalı biliklərə yiyələndiklərini vurğulayıblar və onlara uğurlar arzulayıblar.
Daha sonra Bakı Dövlət Sirkinin bədii heyətinin uşaqlar üçün əyləncəli proqramı oldu. Sonda isə uşaqlara konsert təşkil edilmişdi.

Aytən Zəhra
Azvision.az

Digər şəkillər üçün fotolentə baxın:

Qalereya




Teqlər: Zəfər-düşərgəsi  





Xəbər lenti