Yanındayıq, Türkiyəm! - Azərbaycandan Türkiyəyə qardaş köməyi

      Yanındayıq, Türkiyəm! -    Azərbaycandan Türkiyəyə qardaş köməyi
  30 İyul 2021    Oxunub:4267
Anomal istilərlə müşaiyət olunan 2021-ci ilin yayı bir çox ölkələrdə ciddi problemlər yaradıb. Quraqlığın yol açdığı su qıtlığı başda kənd təsərrüfatı olmaqla iqtisadiyyatın bir çox sahələrinə ciddi ziyan vurdu. İstilərin ekoloji fəsadları isə hələ hesablanmayıb.
Bu problemlərin başında meşə yanğınları gəlir. Dünyanın əksər ölkələri hazırda bu bəla ilə mübarizə aparır. Amerika qitəsindən tutmuş Avropaya, Rusiyaya qədər milyonlarla hektar meşə əraziləri aylardır yanmaqda davam edir. 2021-ci ilin isti yayının ən çox zərər vurduğu ölkələrdən biri də qardaş Türkiyədir. Su qıtlığı ilə yanaşı bu il Türkiyədə meşə yanğınlarının sayı və miqyası da əvvəlkilərdən çox oldu.

Pandemiya ilə əlaqədar tətbiq olunan karantin rejiminin ləğvindən sonra turistlərin axınına məruz qalan qardaş ölkəni sayı böyük sürətlə artan meşə yanğınları ağuşuna aldı. Əsasən ölkənin Aralıq dəniz sahillərindəki vilayətlərdə qeydə alınan meşə yanğınları meyvə bağlarını, əkin sahələrini də əhatə edərək, yaşayış mıntəqələrinə yaxınlaşmağa başlayıb. Türkiyənin ən əsas kurortlarının Aralıq dənizi sahillərində yerləşdiyini nəzərə alsaq, yanğınların qarşısının tez bir zamanda alınmayacağı təqdirdə ölkəyə hansı zərərlər vuracağını təsəvvür etmək o qədər də çətin deyil. Yanğının yayıldığı ərazinin xəritəsinə baxanda yanğınlarla mübarizədə daxili imkanların yetərsiz olduğu artıq aydın görünür.

Bütün beynəlxalq platformalarda həmişə bir-birini dəstəkləyən, istənilən məsələdə həmişə bir-birinə dayaq duran iki qardaş ölkə olan Azərbaycan və Türkiyənin problemləri də eynidir. Bütün təbii fəlakətlər, onların nəticələrinin aradan qaldırılması zamanı həmişə çiyin-çiyinə olan ölkəlırimiz bu dəfə də bir-birini tək qoymadılar. Bu gün Azərbaycan Prezidenti qardaş ölkənin rəhbərinə yanğınlar zamanı həyatını itirən vətəndaşlara görə başsağlığı verdi. Birinci vitse-prezident də Türkiyəyə mənəvi dəstək işarəsi olaraq paylaşım etdi. Azərbaycan Fövqəladə hallar nazirliyinə meşə yanğınları ilə mübarizə aparmaq üçün mobil qrup, lazımı texnika göndərilməsi barədə tapşırıq verildi. FHN-dən yayılan məlumada artıq 500 nəfərdən ibarət şəxsi heyətin, yanğınsöndürən helikopterlərin, həmçinin digər lazımi avadanlıq və ləvazimatların ən qısa zamanda qardaş Türkiyəyə yola salınacağı bildirildi.

Bu addım ölkələrimiz arasındakı münasibətlərin ruhuna uyğunluğu ilə yanaşı bir qardaşın çətin vəziyyətə düşən qardaşının köməyinə çatması kimi qiymətləndirilməlidir və bu belədir. Azərbaycanın Türkiyəyə və ya Türkiyənin dar gündə Azərbaycana etdiyi yardım bir protokol, etiket deyil, qardaşın qardaşa etdiyi kömək, yardımdır. Çünki hazırda bütün Azərbaycan cəmiyyəti və dövləti Türkiyəni bürüyən dəhşətli yanğınları öz qəlbində hiss edir və əlindən gələn bütün vasitələrlə qardaş ölkəyə dəstək verir. Sosial şəbəkələrin Azərbaycan seqmentində Türkiyəyə dəstək əlaməti olaraq əksər istifadəçilər baş şəkillərini Türkiyə bayrağı və xəritəsi ilə bəzəyiblər. Bu bizə Vətən müharibəsi zamanı türk istifadəçilərin paylaşımlarını xatırlatdı. Deməli, həm Türkiyə, həm də Azərbaycan bir-birinə yadım etməyi özlərinə qardaş borcu, vəzifə hesab edirlər.

Şahin Ömər
Azvision.az




Teqlər: Türkiyə   Yanğın   Yardım  





Xəbər lenti