ABŞ-ın Ermənistandakı səfiri Azərbaycanla sərhəddə

 ABŞ-ın Ermənistandakı səfiri Azərbaycanla sərhəddə
  27 İyul 2021    Oxunub:1837
ABŞ-ın Ermənistandakı səfiri Lin Treysi bu ölkənin Müdafiə Nazirliyinin nümayəndələrinin müşayəti ilə Azərbaycanla sərhəddə Qeqarkunik bölgəsinə səfər edib.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.

Korpus komandiri general-mayor Arayik Arutyunyan səfirə Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət barədə məlumat verib. Bundan sonra amerikalı diplomat sərhədin Yuxarı Şorj yaxınlığındakı hissəsində olub.

Səfir Treysi ABŞ-ın Ermənistan-Azərbaycan sərhədindəki hadisələrdən narahatlığını bir daha ifadə edərək, Birləşmiş Ştatların demarkasiya vəziyyətində güc tətbiqini qəbul etmədiyini vurğulayıb.

O, ABŞ-ın ATƏT-in Minsk qrupunun həmsədri olaraq Dağlıq Qarabağ münaqişəsinin davamlı, qalıcı siyasi həllinə nail olmaq üçün bütün tərəflərlə işləməyə sadiq olduğunu söyləyib. Eyni zamanda, Treysinin sözlərinə görə, ABŞ ATƏT-in Minsk qrupu çərçivəsində tərəflərin ən qısa zamanda danışıqlara qayıtmasını istəyir.

Xatırladaq ki, son günlər Ermənistan Azərbaycanla sərhəddə atəşkəsi dəfələrlə pozub. İyulun 23-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki mövqelərindən Azərbaycan Ordusunun Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsindəki mövqelərini atəşə tutub. Qarşı tərəfdən açılan snayper atəşi nəticəsində hərbi qulluqçumuz gizir Yaqublu Fərman Telman oğlu şəhid olub.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: ABŞ-səfiri   Sərhəd   Ermənistan  





Xəbər lenti