Yeni intensiv meyvə bağları, dağ kombaynları, taxıl biçini - Quba-Qusar səfərinin təfərrüatları

 Yeni intensiv meyvə bağları, dağ kombaynları, taxıl biçini -  Quba-Qusar səfərinin təfərrüatları
  27 İyul 2021    Oxunub:1859
Yay-payız aylarında fermerlərin yüksək məhsuldarlıq əldə etməsi, ölkənin daxili bazarının yerli məhsullarla təmin olunması, eyni zamanda onların ixrac edilməsi bu gün kənd təsərrüfatının önündə duran ən mühüm məsələlərdəndir.
Azvision.az -ın əməkdaşı bu sahədə aparılan işlər, yeni intensiv meyvə bağlarında istifadə olunan müasir texnikalar, bu il biçinə çıxarılmış yeni nəsil dağ kombaynları və digər innovativ texnologiyalarla tanış olmaq üçün Kənd Təsərrüfatı nazirliyinin tabeli qurumu olan “Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin təşkil etdiyi mediaturda iştirak edib.

Quba və Qusar rayonlarına təşkil edilmiş səfərdə “Aqroservis” və “Prior Leasing” açıq səhmdar cəmiyyətinin bu il fermerlərə təqdim etdikləri ən müasir texnikalar nümayiş edilib.

“Aqroservis” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aytəkin Məmmədova bildirib ki, bu il Səhmdar Cəmiyyətə məxsus 700 kombayn biçinə çıxarılıb. Onun sözlərinə görə, növbəlilik prinsipi ilə aparılan biçin prosesi əkin sahələrinin 40%-ni əhatə edib.
“Biçində tətbiq edilən yeni innovativ metodlar sayəsində məhsul biçini ən qısa zamanda həyata keçirilir. GPS izləmə sistemi ilə mərkəzləşdirilmiş dislokasiyaya əsasən biçinə nəzarət gücləndirilib, operativ və şəffaf biçin sistemi təmin edilib. Dağlıq və çətin relyefli sahələrin biçini üçün MDB məkanında ilk dəfə New Holland TC 5.90 Hillside dağ kombaynları sahələrə çıxarılıb. Bu kombaynlar tam innovativ işləmə mexanizmi ilə biçində operativlik yaradır. Kombaynın xeyderinin en götürümünün uzunluğu, bunkerin həcminin çox olması, 32 dərəcə hündürlükdə, 38 dərəcə maililikdə və 25 % rütubətdə biçin apara bilir. Çətin relyefli sahələrdə biçin aparan bu kombaynların sayəsində əkin təyinatlı olub, lakin əkilməyən sahələrin yenidən əkinə cəlb edilməsinə şərait yaranacaq. Bu ildən bu kombaynlar Lerik, Yardımlı, Cəlilabad, Şəmkir, Tovuz, Gədəbəy, Şəki, Qusar, Xızı rayonlarında dağlıq sahələrdə biçin aparır. Bu gün bu sahə ölkəmizdə biçilən sonuncu taxıl sahəsidir”.



Qurum sözçüsü qeyd edib ki, bu gün kənd təsərrüfatı texnikası bazarının liberallaşdırılması nəticəsində fermer və sahibkarlar istədikləri təchizatçıdan özlərinə lazım olan texnikanı seçərək, Kənd Təsərrüfatı nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) vasitəsilə təqdim edilən 40% dövlət güzəştindən faydalanaraq, istər nağd, istər güzəştli kredit, istərsə də lizinq yolu ilə əldə edə bilir.

“Liberallaşmadan ötən müddət ərzində (2019-cu ildən indiyədək) fermerlər AKİA xətti ilə verilən dövlət güzəştindən faydalanaraq Prior Leasing ASC-dən 3290 ədəd texnika əldə edib .

“Aqroservis” bu il ölkədə ilk dəfə təqdim etdiyi “ AgroUber” platformasında mexanizatorların qeydiyyatına başlayıb və Səhmdar Cəmiyyətin 380 mexanizatoru artıq qeydiyyatdan keçib. “Aqroservis” ASC tərəfindən aqrar sahədə tətbiq edilən innovativ yeniliklərdən biri də gübrələmədə yeni texnologiyanın tətbiqidir. ASC fermerlərə aqrodronlar vasitəsilə dərmanlama və gübrələmə təklif edib. Aqrodronlar ilk öncə sahəni monitorinq edir, xəstəlik və ziyanverici sirayətləmə arealını skan edir. Skan olunan ərazi isə operativ şəkildə dərmanlanır. Aqrodronlarla dərmanlama və gübrələmə əsasən texnikaların girə bilmədiyi sahələrin, xəstəlik aşkarlanan sahələrin dərmanlanmasını həyata keçirir”.



Səfər zamanı yaxın gələcəkdə yerli istehsal hesabına Azərbaycana xaricdən ting idxalının qarşısının alınacağı da deyilib .

Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru İlham Qaraqurbanlı bildirib ki, kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatının prioritet sahələrindəndir və bu sektorun inkişafına ölkəmizdə böyük dəstək göstərilir.
“Qloballaşan dünyada hər hansı bir sahəni innovasiyalarsız təsəvvür etmək mümkün deyil. Kənd təsərrüfatı sektorunda da nailiyyətlərin əldə olunması məqsədilə innovativ texnologiyalardan geniş istifadə etmək qarşıya qoyulan əsas məqsədlərdəndir. Aqrar sahədə innovasiyaların tətbiqi gəncləri səfərbər etməyə imkan verən vacib vasitələrdən biridir. Gənclərin innovasiyalara meyilli olması onları bu sektorla maraqlanmağa sövq edir”.

Jurnalistlərə məlumat verilib ki, institutda yaradılan biotexnologiya laboratoriyası ölkəmizdə meyvəçiliyin inkişafı üçün mühüm əhəmiyyətə malikdir. Laboratoriyadakı iqlim otağında mikroklonal çoxaltma üsulu tətbiq edilməklə müxtəlif bitkilər yetişdirilir.



“Bu üsulla sortun xüsusiyyətlərini özündə daşıyan eyni bitkilərin alınması mümkündür. Azərbaycanda il ərzində, ümumilikdə, 5 milyon ədəd tumlu və çəyirdəkli meyvə tinglərinə ehtiyac var ki, bunun da böyük hissəsi xaricdən gətirilir”.

Biotexnologiyalar laboratoriyasının müdiri Sevil Süleymanova deyib ki, bitkilərin mikroklonal üsulla çoxaldılması 4 əsas mərhələdən ibarətdir. “Birinci mərhələdə sort mənsubiyyəti təsdiq olunan bitkilərdən eksplantlar alınır. Sonra həmin materiallar laboratoriyada sterilizə edilir. Mikroklonal çoxalmanın birinci mərhələsi laminar bokslarda həyata keçirilir. Tam sterilizasiya olunan tumurcuqlar xüsusi şüşə qablarda iqlim otağına yerləşdirilir.
21 gündən sonra bitki hissəciklərində ilk cücərtilər nəzərə çarpmağa başlayır. Həmin cücərtilər çoxaltma qida mühitlərinə köçürülür. Təkrar çoxaltma nəticəsində lazım olan sayda bitki əldə edilir. Həmin bitkilər isə köklənmə mərhələsinə qədəm qoyur.

Köklənmə mərhələsində bitkilər fərqli qida mühitində bəslənilir. Bu mühitlərdə hər bir bitkinin özünə uyğun fərqli mikroelementləri mövcuddur. Xüsusi şəraitdə və temperaturda saxlanılan cücərtilər 20 gündən sonra köklən atmağa başlayır. Kökləri 1,5-2 santimetrə çatdıqdan sonra bitkilər üçüncü adaptasiya mərhələsinə hazır sayılır. Əldə olunan bir tumurcuqdan biotexnologiya laboratoriyasında 105-107 yeni bitki əldə etmək mümkündür. Adaptasiya dövrünü başa vuran sağlam və virusa davamlı bitkilər sahələrə köçürülür".



Bildirilib ki, artıq bu sahədə bir sıra uğurlar əldə edilib. Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda yaradılan biotexnologiya laboratoriyasında Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu ilə əməkdaşlıq çərçivəsində yerli üzüm sortlarının əkin materialları hazırlanır.

“Vaxtilə dünyada şöhrət qazanan yüksək keyfiyyətli məhsulların, markalı şərabların istehsal olunduğu Azərbaycanın nadir üzüm sortları mütəxəssislər tərəfindən laboratoriya şəraitində mikroklonal üsulla çoxaldılır. Həmin bitkilər adaptasiya mərhələsindədir. Laboratoriyada hazırlanan sağlam, virusdan azad əkin materialları daha sonra üzüm tingləri istehsal olunan modern tingçilik sahəsinə köçürüləcək. Bundan əlavə ölkəmizin 3 regionunda institutun dəstəyi ilə özəl tingçilik müaəssiələri fəaliyyətə başlayıb.

İnstitutda yeni biotexnologiya laboratoriyası yaradıldıqdan sonra qarşıya qoyulan məqsəd ilk 3 il ərzində illik ting istehsalını 2 milyon ədədə çatdırmaqdır. Bu da xaricdən ting idxalının qarşısını böyük ölçüdə alacaq”.



Jurnalistlər həmçinin Azərbaycanda ilk dəfə müasir texnologiyaların tətbiq olunduğu “Ağıllı bağ"la da tanış olublar. 15 hektar sahədə salınan meyvə bağına cəmi 3 nəfər nəzarət edir. Bu bağda aqrotexniki qulluq işləri telefon və ya kompüter vasitəsilə uzaqdan idarə olunur.

Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun “Ağıllı bağ” layihəsi çərçivəsində salınan meyvə bağının becərilməsi tamamilə avtomatlaşdırılıb, kompüter idarəetməsi tətbiq olunur.
Qarışıq meyvə bağında alma, armud, heyva, şaftalı və gilas olmaqla, ümumilikdə 23 min meyvə ağacı becərilir. Bu bağda avtomatlaşdırılmış suvarma və gübrələmə sistemləri quraşdırılıb. Ən böyük yeniliklərdən biri də odur ki, su mənbəyi üçün qazılan subartezian quyusu günəş panellərindən alınmış elektrik enerjisi ilə çalışır.



Bildirilib ki, gələcəkdə bu təcrübədən ölkəmizin çətin relyefli, elektrik enerjisi ilə təminat yerindən uzaq məsafədə yerləşən təsərrüfat sahələrində də yararlanmaq mümkün olacaq.

“Ağıllı bağ”da günəş şüalarına, dolu və şaxtaya qarşı örtük sistemi də yaradılıb. Bununla da məhsul itkisinin qarşısı alınır. Bu bağların əsas üstünlüyü ondan ibarətdir ki, məhsuldarlıq 25 faiz artacaq. Bağa cəmi 3 nəfər - su mühəndisi, mexanizator və aqronom becərilmə prosesinə nəzarət edir.

Media nümayəndələrinə Pinochio 250/5 riperinin də fəaliyyəti nümayiş etdirilib. Bildirilib ki, bu riperin ənənəvi kotandan əsas üstünlükləri onun istifadəsi zamanı dərində kipləşmiş torpaq qatları partladılması və bitkinin kök ifrastrukturunun düzgün inkişaf etməsidir.
“Kipləşmiş torpaq qatlarının partladılması suvarma zamanı torpağın dərin qatlarına suyun daxil olmasını təmin etməklə, vegetasiya dövrü ərzində bitkinin kök strukturunda nəmliyi qoruyub saxlayır. Qeyd olunan proses əlavə su sərfiyyatının da qarşısını alır. Riperlə şum zamanı torpaq çevrilmədən şumlanır, bu da öz növbəsində torpağın münbit qatında olan mikro və makro elementlərdən bitkinin faydalanmasına səbəb olur və torpağın nəmliyini daha uzun müddət saxlayır.



Əlavə olaraq, aqreqatın arxasında yerləşdirilmiş bir-birinin əksinə işləyən dişli mərdanələr vasitəsilə torpaq kəltənləri xırdalanır və torpağın relyefi düzəlir. Bu isə fermerlərə imkan verir ki, bir əməliyyatla həm şum aparılmasını, həm də və diskləmə prosesini həyata keçirərək, toxum səpininə başlasınlar.

Media nümayəndələri daha sonra biçindən sonrakı ilkin şumu izləyiblər.









Aytən Zəhra
Azvision.az




Teqlər: KTN   Qusar   Əkinçi  





Xəbər lenti