Qara qalpaq altındakı məsələ: Orta Asiyada yeni gərginlik ocağı yaranır?! - TƏHLİL

  Qara qalpaq altındakı məsələ:  Orta Asiyada yeni gərginlik ocağı yaranır?! -  TƏHLİL
  01 Avqust 2021    Oxunub:2396
Özbəkistanın tərkibində olan respublika statuslu Qaraqalpaqıstanda kütləvi etiraz aksiyaları haqda xəbərlər yayılmaqda davam edir. Artıq məsələ postsovet məkanı və Mərkəzi Asiya üzrə ixtisaslaşmış ekspertlərin diqqət mərkəzindədir.
Ümumi sahəsi 448 924 kv.km olan Özbəkistan ərazisinin təxminən 40%-ni Qaraqalpaqıstan Respublikası təşkil edir. SSRİ dövründə Özbəkistanın tərkibində muxtar respublika olan regionun sahəsi 166 600 kv.km-dir. 2 milyon nəfərə yaxın əhalisinin əksəriyyəti türkdilli xalq olan qaraqalpaqlardan ibarətdir. Qaraqalpaq dili özbək dili ilə eyni qrupdan olsa da, aralarındakı fərqə görə qaraqalpaq dili ayrıca saxlanılıb. Əsasən ekoloji fəlakət bölgəsi olan Aral sahillərini əhatə edən respublikada daxili ictimai-siyasi vəziyyət həmişə sabit olub. Daşkəndlə münasibətdə heç bir ciddi problem yaşanmayıb. Amma son baş verənlər sual doğurmaqda davam edir.

Rusiyanın aparıcı agentliklərindən olan "Rosbalt"da gedən analitik yazıda sətiraltı da olsa, bu bölgədə separatizmin baş qaldırdığına eyham vurulur. Məqalədə Qaraqalpaqıstan Abxaziya, Cənubi Osetiya, Qarabağ və Dnestryanı kimi konflikt bölgələrlə müqayisə edilir və çox qəribə olsa da, belə milli region və anklavların Moskva tərəfindən bilərəkdən gələcəkdə etnik və dini zəmində toqquşmalar və idarəolunan konfliktlər yaratmaq, bununla da bölgələri öz nəzarətində saxlamaq məqsədilə yaradıldığı deyilir.

Rusiya agentliyinin vurduğu digər eyham isə Qaraqalpaqıstanın əhatə etdiyi ərazidir. Müəllif sahəsinə görə Uruqvay və Tunisə bərabər olan Özbəkistanın bu bölgəsinin bayrağının BMT qarşısında niyə dalğalanmadığını yada salır. Tarixinə nəzər salsaq, Qaraqalpaqstanın əvvəlcə muxtar vilayət kimi Qazaxıstanın, sonra Qırğızıstanın, daha sonra RSFSR-in (Rusiya Sovet Federativ Sosialist Respublikasının) tərkibində olduğunu görərik. 1936-cı ildən isə bölgə Özbəkistanın tərkibinə keçib. SSRİ-nin dağılmasından sonra, 1993-cü ildə Daşkəndlə Qaraqalpaq Respublikası arasında regionun 20 il müddətinə Özbəkistanın tərkibinə keçməsi haqda müqavilə imzalanıb. Müqavilədə Qaraqalpaqıstanın referendum yolu ilə istənilən vaxt Özbəkistanın tərkibindən çıxa biləcəyi əksini tapıb. Amma buna Özbəkistan parlamenti icazə verməlidir.

İndi isə gəlin, baş verən iğtişaşların səbələrinə baxaq. Deməli, Qaraqalpaqıstanın Xoceyli rayon mərkəzində baş verən polis və milli qvardiya əsgərlərilə toqquşmaya səbəb yerli sakinlərin Özbəkistan dövlətinin kiril əlifbasından latına keçməsi haqdakı qərarı ilə razılaşmamaları olub. Suallar yaranır: niyə bu qərara məhz indi və həm də paytaxt Nukus şəhərinin əhalisi deyil, hansısa rayon mərkəzinin sakinləri reaksiya veriblər (latın qarfikasına keçmək haqda qərar İslam Kərimovun dövründə qəbul edilib) ? Qaraqalpaqlar üçün latın və ya kiril əlifbasının nə fərqi var ki, onlar çoxsaylı sosial problemlərin fonunda məhz əlifba dəyişikliyinə görə polislə toqquşmaya gedirlər? Kirilin latınla əvəz olunması hansı xarici qüvvələri qıcıqlandıra bilər? Ən heyrətləndirən fakt isə odur ki, rus agentliyi aksiya iştirakçılarının adından "Bu qərarla hakimiyyət ölkəni rus mədəniyyətindən uzaq salmaq məqsədi güdür" bəyanatını xüsusi vurğulayır.

Əfqanıstanda baş verənlərin fonunda həyəcan siqnalı çalan Orta Asiya ölkələrindəki proseslər artıq bölgəyə yaxın olan bütün dövlətləri narahat etməyə başlayıb. Deməli, Orta Asiyadakı total müharibəyə səbəb olacaq onlarla mübahisəli ərazi, su qaynaqları üstündəki mübahisələr, anklavlar və eksklavlar problemi həllini tapmamış daha böyük problem - Qarqalpaqıstanla Özbəkistan arasındakı anlaşılmazlıq ciddi şəkildə ortaya çıxır. Əhalisinin əksəriyyətinin özbəklərdən ibarət olsa da, nədənsə SSRİ-nin Qırğızıstanın tərkibinə qatdığı Oş viləyətində zaman-zaman baş verən qanlı hadisələr 2010-cu ildə pik həddinə çatdı və az qala Qırğızıstanla Özbəkistan arasında böyük müharibəyə səbəb olacaqdı.
Həmin qanlı qarşıdurmalar nəticəsində 2000-dən çox insanın qətlə yetirildiyi bildirilir. Öldürlənlərin çoxunun evlərdə yandırıldığı deylir. Rəsmi statistikaya görə, tapılmış ümumi cəsəd sayı 426 olub. Onlardan 381 nəfərinin şəxsiyyətini müəyyən etmək mümkün olub. Bunlardan 276 nəfəri özbək, 105 nəfəri isə qırğız olub. Yüzlərlə insanın cəsədi isə yandırılıb.

Orta Asiyadakı əhalinin xarakterik xüsusiyyətlərinə, spesifik metalitetinə diqqət yetirsək görərik ki, bu regionda etnik və ya məzhəb qarşıdurması yaratmaq çox asan bir məsələdir. Örnək olaraq 1989-ci ildə Fərqanədə Ahıska türklərinə qarşı həyata keçirilən hücumlar, Qazaxıstanda müxtəlif milli azlıqlara, habelə xarici şirkət işçilərinə qarşı həyata keçirilən kütləvi hücumlar, tacik-qırğız qarşıdurması, özbəklərlə taciklər arasındakı ərazi mübahisəsi və ondan doğan ədavət göstərilə bilər.

Kiril əlifbasının latın əlifbası ilə əvəz edilməsindən narahat olan qüvvənin neçə yüz ildir bu bölgəni işğal etdiyini və bütün bu hadisələrin harasında yer aldığını düşünsək, regionu gözləyən bəlanın miqyasını təsəvvür etmək o qədər də çətin olmaz. Bu gün Qaraqalpaqıstanda "siqnal verən" təhlükə, Mərkəzi Asiyanın hər kvadrat kilomterinə bir göz qırpımında yayıla və bütün bölgəni alovlandıra bilər.
Orta Asiyanın milli hakimiyyətləri bu təhlükələri dəf etmək üçün xarici qüvvələrin illərdir region daxilinə parazit kimi yeritdikləri şər özəklərini məhv etməlidirlər.



Şahin Ömər
Azvision.az


Teqlər: Orta-Asiya   Qaraqalpaq  





Xəbər lenti