Azərbaycanın istifadə etdiyi taktika: Erməni fəal heyran qalıb

  Azərbaycanın istifadə etdiyi taktika:  Erməni fəal heyran qalıb
  25 İyul 2021    Oxunub:5125
44 günlük Vətən müharibəsindən sonra Azərbaycan Ordusunun döyüşlərin gedişində həyata keçirdiyi unikal hücum planları, taktiki gedişlər, yeni texnologiyalardan aktiv istifadə hələ də dünyada müzakirə olunmaqdadır. Hərb tarixində yeniliklərə imza atan Ordumuzun müharibəni qısa zamanda uğurla başa vurması düşmən tərəfini də heyrətləndirib.
Təsadüfi deyil ki, hələ də İrəvanda əsas müzakirə mövzularından biri Azərbaycanın müharibələr tarixinə gətirdiyi yeniliklər, tətbiq etdiyi qeyri-adi döyüş taktikalarıdır. Azvision.az xəbər verir ki, tanınmış erməni ictimai fəal Arman Arutyunyan məşhur “Kukuruznik (AN-2) əməliyyatı” barədə danışaraq hərbçilərimizi öyməyi də unutmayıb:

"Xatırlayırsınızsa, Müdafiə Nazirliyimizin rəsmi nümayəndəsi qürurla belə bir informasiyaları elan edirdi-daha bir düşmən təyyarəsi vurularaq səmadan endirildi. Ucuz "AN- 2" təyyarəsi vurulurmuş. Sevinirdik, təəccüblənirdik və təyyarənin növü, markasını isə xatırlamırdıq.

Türk nəşri olan "Clash Report" İkinci Qarabağ müharibəsi dövründə ermənilərin Zenit Raket Kompleksinin(ZRK) aşkarlanması və məhv edilməsinə dair məlumat yayıb. Burada sistemin necə məhv edilməsini addım-addım göstərən xüsusi strategiya olan bir infoqrafika var.
Hər şey sadə və dahiyanədir:
1. Pilot "AN-2" ilə havaya qalxır, onu Hava Hücumundan Müdafiənin(HHM) nəzarətində olan əraziyə yönəldir.
2. Paraşütlə təyyarəni tərk edir.
3. Təyyarə pilotsuz şəkildə uçmağa davam edir.
4. ZRK hava obyekti aşkarlayır və "AN-2"-nin onu məhv etmək üçün havaya qalxdığını düşünür. Pilotsuz təyyarəni məhv etməklə öz gizli yerini aşkar edir.
5. "Bayraktar TB-2" hava hücumundan müdafiə sisteminin yerləşdiyi məkanı görür və oranı məhv edir”.




Qeyd edək ki, təkcə “Bayraktar TB2” dronları vasitəsilə Azərbaycanın Ermənistanın bir milyard dollar dəyərində hərbi texnikasını məhv etdiyi bildirilir. Hələ də haqqında söz açılan “AN-2” təyyarələrinin döyüşlərdə “tələ yem”i kimi istifadə olunması isə unikal taktiki gediş oldu . Ordumuz “Kukuruznik” adlandırılan “AN-2”-ləri Ermənistanın hava hücumundan müdafiə sistemlərinin mövqe rayonlarını aşkarlamaq üçün fəal şəkildə tətbiq edirdi. Hərbçilərimizin bu nadir və ağıllı fəndi hazırda dünya hərb tarixində yenilik kimi qəbul edilir.

Döyüş əməliyyatlarının gedişində Ermənistan Müdafiə Nazirliyi az qala hər gün “Azərbaycan qırıcı-bombardmançılarının vurulduğu” haqda raportlar verirdi. Hərbi əməliyyatların ilk 2-3 həftəsindən sonra onların “vurduqları hərbi təyyarələrin” sayı onlarla ölçülürdü. Lakin daha sonra üzə çıxdı ki, Ermənistanın hava hücumundan müdafiə sistemləri Azərbaycanın “AN-2” təyyarələrini vurur və nəticədə çox naşı şəkildə öz mövqe rayonunu üzə çıxarırlarmış.

Onu da bildirək ki, Azərbaycanın dronlardan aktiv şəkildə istifadəsi dünya hərb tarixinə inqilabi dəyişiklik gətirdi . Azərbaycan dronları yalnız HHM-nin məhvi üçün deyil, həm düşmənin texnikasına və canlı qüvvəsinə dəqiq zərbələrin endirilməsi, həm də artilleriya atəşini korreksiya etmək və kəşfiyyat aparmaq məqsədləri ilə tətbiq etdi. Ordumuzun arsenalında olan pilotsuz aparatların üç-dörd növü döyüşlərin taleyini həll edirdi. Bunlar artilleriya atəşlərini yönləndirən, hücum PUA-ları, kamikadze dronlar və s. idi.

Artıq beynəlxalq ekspertlər gələcək döyüşlərdə əsas sözün əvvəlki tək artilleriyalar, tankların deyil, PUA-ların deyəcəyini bildirirlər. Qısası, İkinci Qarabağ müharibəsindən sonra dünyada ordu silahlanmasında dron dövrü başlayıb.

Tural Tağıyev
Azvision.az




Teqlər: Bayraktar   Ermənistan   Müharibə   PUA   Azərbaycan-Ordusu  





Xəbər lenti