Rəşad Nəbiyev startap ekosisteminin nümayəndələri ilə görüşdü

  24 İyul 2021    Oxunub :471
Rəşad Nəbiyev startap ekosisteminin nümayəndələri ilə görüşdü
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev Azərbaycanın startap ekosisteminin nümayəndələri ilə görüşüb.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, məqsəd ölkəmizdə startap ekosisteminin mövcud vəziyyəti, problemləri və perspektivləri barədə müzakirələrin aparılması, yeni prioritetlərin müəyyən edilməsi və təkliflərin dinlənilməsi olub.

Müzakirə zamanı “beyin axını”nı Azərbaycana geri döndərmək, hətta xaricdən ölkəmizə “beyin”ləri cəlb etmək üçün imkanların olduğu vurğulanıb.

Rəşad Nəbiyev çıxışında ölkədə innovativ mühitin formalaşdırılmasında startapların əhəmiyyətindən bəhs edib. Nazir qeyd edib ki, istedadlı startapçıların Azərbaycanda fəaliyyət göstərməsi, öz bilik və bacarıqlarını ölkədə tam realizə edə bilməsi iqtisadiyyatımızın inkişafına müsbət təsir göstərəcək, ölkəmizin güclənməsinə xidmət edəcək.

Rəşad Nəbiyev əlavə edib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi öz səlahiyyətləri çərçivəsində ​ startapçılara dəstək göstərməyə, onların inkişafına və rəqəmsal mühitin mühüm bir parçası olmalarına kömək etməyə hazırdır. Nazir bu istiqamətdə görüşləri mütəmadi davam etdirəcəklərini deyib.

“Hesab edirəm ki, hazırda ümumilikdə ölkəmizdə innovasiyaların inkişafı və müxtəlif sahələrə tətbiqi üçün əlverişli şərait yaradılıb. Hər birinizi innovativ mühitin formalaşdırılmasında aktiv iştiraka dəvət edirəm”, – deyə nazir vurğulayıb.

Görüş iştirakçıları startap ekosisteminin inkişaf meyilləri və bu istiqamətdə qarşılaşdıqları problemlər haqqında ətraflı məlumat veriblər.

Sonda startapçılar minnətdarlıqlarını bildirib və bu görüşün gələcək fəaliyyət üçün faydalı olacağına əminliklərini ifadə ediblər.

Azvision.az

Teqlər: Startap  






Xəbər lenti