Erməni redaktor ordu rəhbərliyini lağa qoydu: "Deyəsən Artsrunu işə qaytarmısınız"

  24 İyul 2021    Oxunub :1398
   Erməni redaktor ordu rəhbərliyini lağa qoydu:    "Deyəsən Artsrunu işə qaytarmısınız"
Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribatlar ölkədə qarışıqlığa səbəb olub. Azvision.az xəbər verir ki, media Müdafiə Nazirliyinin doğru-düzgün məlumat yaymamasından gileylənir.
“Yerevan Today”in baş redaktoru Sevak Akopyan Ordu rəhbərliyinə üsyan edərək onları son hadisələrlə bağlı reallıqları xalqdan gizlətməkdə günahlandırıb.

“Artsrun Müdafiə Nazirliyinə qayıdıb? Bu nazirlik yalan məlumat yaymağa davam edir. Dünən Ermənistan Müdafiə Nazirliyi bir bəyanat yaydı. Hansı ki, orada Silahlı Qüvvələrin 3 hərbçisinin yaralandığı bildirilirdi. Xüsusi olaraq qeyd edilirdi ki, onların həyatı üçün heç bir təhlükə yoxdur. Yəni yüngül yaralardı. Bu gün isə İstintaq Komitəsi onlardan birinin - Arman Atasyanın vəziyyətinin son dərəcə ağır olduğunu bildirib. Bu mesajdan nə anlamaq olar?

İşin mənfi tərəfi odur ki, Müdafiə Nazirliyi Artsrun Ovanisyan (Müdafiə nazirliyinin keçmiş rəsmisi-red.) üslubunda hərəkət etməyə davam edir․ Nədir, Ovanisyan nazirliyə işə dönüb? Hərbçi necə kiçik bir güllə yarası ala bilərdi ki, bu gün onun durumunun son dərəcə ağır olduğu üzə çıxdı? Niyə Müdafiə Nazirliyi vəziyyəti həmişə ört-basdır edir? Nə üçün əsgər həyatını ciddi qəbul etmir?”,-Akopyan bildirib.

Ermənistan fərarilərin sayını açıqladı: Hərbi Prokurorluq real rəqəmləri gizlədir?
Baş redaktor nazirliyi 44 günlük müharibə zamanı ancaq yalan danışması, məğlubiyyətlə, hərbi uğursuzluqlarla bağlı informasiyaları gizlədən “Ovanisyan stil”inə son qoyulmasına çağırıb:

“Hesab edirik ki, reallığı gizlədən, camaatın gözünə toz üfürən, həddən artıq gərgin vəziyyəti problem kimi təqdim edən Müdafiə Nazirliyinin rəsmiləri ciddi məsuliyyət daşımalıdırlar. İctimaiyyət sərhədlərimizdə baş verənlərlə bağlı həqiqəti bilmək hüququna malikdir".

Xatırladaq ki, dünən Azərbaycan Müdafiə Nazirliyi Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər sahəsində atışma olması barədə məlumat yaymışdı. Qeyd olunub ki, Azərbaycan Ordusunun bölmələri cavab atəşi ilə qarşı tərəfi susdurub. Ermənistan Müdafiə Nazirliyi isə 3 hərbçisinin yüngül xəsarətlər alması barədə məlumat yaymışdı.

Tural Tağıyev
Azvision.az

Teqlər:   Ermənistan   Ordu   Təxribat   Yaralı   Sərhəd  






Xəbər lenti