"YAŞAT" Fondunun Himayəçilik Şurasının üzvü dünyanın ən məhsuldar alimi seçildi

  24 İyul 2021    Oxunub :523
"YAŞAT" Fondunun Himayəçilik Şurasının üzvü dünyanın ən məhsuldar alimi seçildi
"YAŞAT" Fondunun Himayəçilik Şurasının üzvü , Danimarkada Azərbaycan diasporunun fəal üzvü, azərbaycanlı tibb professoru Məsud Aşina baş ağrıları sahəsində dünyanın ən məhsuldar alimi seçilib.
Fonddan Azvision.az -a verilən məlumata görə, əsas qayəsi dünyanın ən bilikli həkimlərini və sağlamlıq mütəxəssislərini tapmağa kömək etmək olan "Expertscape"in son on il ərzində dünyada baş ağrıları sahəsində ən yüksək məhsuldarlıq göstərmiş və elmi töhfə vermiş alimlərin siyahısında professor Məsud Aşina birinci yerdə qərarlaşıb.

Baş ağrıları nevrologiyanın çox vacib bir sahəsi kimi dünyada 1 milyard insanın əziyyət çəkdiyi miqren xəstəliyinin tədqiqi və müalicəsini nəzərdə tutur. Tibb sahəsində reytinqlərin hazırlanması ilə məşğul olan və Milli Tibb Kitabxanasının (MEDLINE) verilənlər bazasında indekslənmiş bütün tibbi nəşrləri araşdıran dünyanın bir nömrəli və nüfuzlu "Expertscape" nəşri 2011-ci ildən 2021-ci ilə qədər baş ağrıları sahəsində dərc olunmuş 12.525 məqalə əsasında son 10 ilin reytinqini hazırlayıb.

29 dekabr 1965-ci ildə Bakıda anadan olan Məsud Aşina Azərbaycan Tibb Universitetinin məzunudur. O, hazırda Kopenhagen Universitetinin nevrologiya üzrə professor və baş məsləhətçisi, Beynəlxalq Baş ağrıları Cəmiyyətinin rəhbəri və İnsan Miqreni Araşdırma Birliyinin direktoru vəzifələrini icra edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə Məsud Aşina "YAŞAT" Fondunun Himayəçilik Şurasının üzvü seçilib.

Azvision.az

Teqlər: YAŞATFondu  






Xəbər lenti