Səfir: "Sülhpərvər olmaq Koreya ilə Azərbaycanın ortaq cəhətidir" (Müsahibə)

  Səfir:  "Sülhpərvər olmaq Koreya ilə Azərbaycanın ortaq cəhətidir"  (Müsahibə)
  26 İyul 2021    Oxunub:6798
Cənubi Koreyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tonq Op Kim Azvision.az informasiya agentliyinə müsahibə verib. Həmin müsahibəni təqdim edirik.
- Cənab səfir, iki ilə yaxındır ki, bütün dünyada cərəyan edən pandemiya dövlətlərarası münasibətlərə də öz təsirini göstərdi. Pandemiya müddətində Azərbaycan-Koreya münasibətləri necə inkişaf etdi? Hansısa plan və layihələr təxirə salındı?

-Pandemiya təkcə dövlətlərarası əlaqələrə deyil, bütün sahələrə öz təsirini göstərmişdi. Dövlətlər arasındakı mübadilələrin həcmi aşağı düşmüş, ən əsas dəyişikliklərdən biri də bütün sahələrdə, sistemlərdə danışıqların artıq birbaşa deyil, internet üzərindən onlayn formada aparılmağdadır. Azərbaycan və Koreya arasındakı əlaqələr də əlbəttə ki, pandemiyanın təsirlərinə məruz qalıb. Bir çox layihələrin həyata keçirilməsi təxirə salınıb. Pandemiyanın təsirindən yaranmış bu vəziyyət başa çatdıqdan sonra tez bir zamanda bu layihələr həyata keçiriləcəkdir.

Lakin pandemiyaya baxmayaraq Azərbaycanla Koreya arasında həm də bir çox layihələr həyata keçirilib. Çünki hər iki ölkə qarşılıqlı şəkildə bir-biri ilə əməkdaşlıq qurmaqda maraqlıdır.

Koronavirusun çox surətlə yayıldığı bir vaxtda – 2020-ci ilin iyun ayında, pandemiyanın yayılmasının qarşısının alınması məqsədilə Koreyadan Azərbaycana qoruyucu maska dəstəyi göstərilmişdi. Dekabr ayında isə Koreya hökuməti Azərbaycana 3 ədəd Səyyar COVID – 19 Müayinə Köşkü ianə etdi, onlar Heydər Əliyev Beynəlxalq Hava Limanında quraşdırılmışdı. Həmçinin, Koreya Hökuməti tərəfindən azərbaycanlı məcburi köçkünlərə gigiyenik və tibbi ləvazimatlar və gündəlik tələbat malları təqdim olunub.



Koreya səhiyyəsi öz səviyyəsinə görə dünya ölkələri tərəfindən qəbul olunmuşdu. Pandemiya yeni yayılmağa başladığı vaxtdan etibarən Koreyanın Səhiyyə Nazirliyi başda olmaqla səhiyyə ilə əlaqəli dövlət qurumları tərəfindən İcbari Tibbi Sığorta Agentliyi ilə əməkdaşlıq aparılaraq müxtəlif vebseminarlar və təlimlər təşkil edilmişdi.
Əlbəttə ki, pandemiya yüksək rütbəli dövlət məmurların səfərlərinin də təxirə düşməsinə səbəb oldu. Bu səfərlərin pandemiya bitdikdən sonra yenidən həyata keçiriləcəyi gözlənilir.

-Ötən il Azərbaycanla-Ermənistan arasında davam edən 44 günlük müharibə Azərbaycan ərazilərinin işğaldan azad edilməsi ilə nəticələndi. Həmçinin, bu, beynəlxalq siyasətdə, bölgədə yeni reallıqlar yaratdı. Siz bu reallıqları necə qiymətləndirirsiniz?

- 44 günlük müharibənin yeni reallıqlar yaratdığı barədə cənab Prezident İlham Əliyev bir neçə dəfə vurğulamışdı. Mən onunla eyni fikirləri bölüşürəm. Arzu edirəm ki, bu yeni reallıqlar əsasında Qafqazda sülh və əmin-amanlıq bərqərar olsun. Bölgənin bütün xalqları sülh şəraitində, xoşbəxt yaşasın.

- Bildiyiniz kimi, işğaldan azad edilmiş ərazilərdə artıq bərpa işlərinə başlanılıb. “Ağıllı kənd”, “Ağıllı şəhər”, “Yaşıl enerji” tətbiq edilir. Koreyanın bu sahədə hansı təcrübəsi var və Azərbaycana nə kimi töhfələr verə bilər?

- Azərbaycan yeraltı təbii sərvətləri və enerji mənbələri ilə zəngindir. Koreyanın isə təbii sərvətləri və enerji mənbələri yoxdur. Koreya İnformasiya Texnologiyaları (İT) sahəsində güclü olan bir dövlətdir. İT sahəsində çox nümunəvi layihələr həyata keçirib. “Ağıllı şəhər” layihəsi 15 il əvvəldən artıq Koreyada həyata keçirilməkdədir. 2007-ci ildə Prezident İlham Əliyev Koreyaya rəsmi səfəri zamanı bir çox yerləri ziyarət etmişdir ki, onlardan biri də “Nəqliyyatın ağllı idarə olunma sistemi”nin həyata keçirildiyi ərazi idi. Məndə olan məlumata görə cənab Prezidentin bu layihə olduqca xoşuna gəlmişdi. Azərbaycana qayıtdıqdan sonra Bakıda da həmin layihənin həyata keçirilməsinə göstəriş vermişdi.

“Ağıllı şəhər” layihəsi şəhərin bütün xidmət və obyektlərini vahid kompüterləşdirilmiş sistemdə birləşdirib idarə edilməsi bununla da insanların həyatını daha da rahat hala gətirmək deməkdir. Mən sizə yerüstü keçidləri misal göstərə bilərəm. İşıqfordakı qırmızı, yaşıl, sarı işıqlarla yol hərəkəti tənzimlənir. Lakin gözdən əlillər o işıqları görə bilmirlər və həmin yerüstü keçidə səs sistemləri quraşdırılanda, yəni onlar da informasiya texnologiyalarına uyğunlaşdırılanda həmin gözdən əlillər üçün rahat vəziyyətə gəlir. Ümumiyyətlə, “Ağıllı şəhər” elə bir layihədir ki, təcrübəsi daha çox olan ölkədən təcrübəsi az olan ölkə öyrənib, istifadə etməlidir. Qeyd etdiyim layihələrə əsaslanıb deyə bilərəm ki, Koreya və Azərbaycan arasında bu sahədə əməkdaşlığın gələcəyi parlaqdır. Yaşıl enerjiyə gəlincə, Koreya Prezidenti keçən ilin iyul ayında elan etmişdir ki, Koreya dövlətinin qarşısında duran əsas məsələlərdən biri yaşıl enerji sahəsinin inkişaf etdirilməsidir. Eyni zamanda günəş enerjisindən də geniş şəkildə istifadə olunmağa başlayıb. Xüsusilə, bu sahədə dünyada Çin şirkətləri məşhurdur.



Dünyanın bir çox yerlərində bu işləri Çin şirkətləri həyata keçirirlər. Lakin Koreya şirkətləri də artıq onlarla rəqabət aparır. Belə ki, Avropada, ABŞ-da Koreya şirkətləri fəaliyyət göstərir. Günəş enerjisinin alınmasında əsas faktorlardan biri günəş panellərinin düzəldilməsidir ki, Koreya dünyada ən yaxşı panel düzəldən şirkətə sahibdir. Eyni zamanda külək enerjisindən istifadə olunması da Koreyada inkişaf edib. Bilirsiniz ki, külək enerjisinin alınmasında turbinlərin hazırlanması əsas rol oynayır. Bu sahədə də bizim dünyada çox tanınmış yaxşı şirkətlərimiz var. Bunu deməkdə məqsədim budur ki, əgər Azərbaycan yaşıl enerji sahəsində layihələr həyata keçirmək istəyirsə, Koreyada artıq bu sahədə dünya şöhrətli şirkətlər çoxdur. Avropaya günəş panelləri ixrac edən 10 şirkət var, onların 9-u Çin, biri Koreya şirkətidir. Amma 10 şirkətin içərisində ən yaxşısı da məhz Koreya şirkətidir.

- Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə Koreya şirkətləri fəaliyyət göstərirmi? Əgər fəaliyyət göstərmirsə, yaxın gələcəkdə belə planlar var?

-Mən də işğaldan azad edilmiş ərazilərdə, Qarabağda bir çox xarici şirkətlərin fəaliyyət göstərməsi barədə məlumatlar oxuyuram. Ümumiyyətlə, bu sistem belədir ki, Koreya şirkətləri - Qarabağda fəaliyyət göstərmək istəyirəm- deməklə gəlib işə başlaya bilməzlər. Çünki həmin layihələri dövlət həyata keçirir və Koreya şirkətlərinin verdikləri təkliflərlə Azərbaycan dövlətinin istəyi uyğun olmalıdır. Mən özüm bu yaxınlarda Energetika Nazirliyində olmuşam, orda da qeyd olundu ki, Koreya şirkətlərinin həmin bölgələrdə fəaliyyət göstərməsi arzuolunandır və dəvət edilirlər. Lakin qeyd etdiyim kimi şirkətlərin orda fəaliyyət göstərməsi təkcə şirkətlərdən də asılı deyil, çünki o şirkətlərin biznes layihələri, təklifləri olur, həmin təkliflər Azərbaycan tərəfinin tələbləri ilə üst-üstə düşməlidir. Uyğunluq, qarşılıqlı qazanc olarsa, onda fəaliyyət göstərə bilərlər. Azərbaycan dövləti həmin ərazilərdə fəaliyyət göstərmək üçün müxtəlif ölkələrin şirkətlərinin biznes layihələrini qəbul edib, Koreya şirkətləri də təkliflərini təqdim edir, çox arzu edərdim ki, uğurlu nəticələr olsun.

- Koreya şirkətləri Qarabağda hansı sahələrdə çalışa bilərlər?

-Hazırda orda infrastrukturun qurulması, dəmir yol xətlərinin salınması, tranzit yollarının çəkilməsi, “Ağıllı kənd” layihəsi, su enerjisindən istifadə üçün texnikaların quraşdırılması, yaşıl enerji, külək enerjisi layihələri həyata keçirilir. Koreyanın yaşıl enerji sahəsində dünyada rəqabətliliyi yüksək olan şirkətləri var. Əgər Koreya şirkətlərinin təqdim etdiyi biznes təklifi Azərbaycanın tələbi ilə üst-üstə düşərsə, bu sahədə yaxşı nəticələr gözlənilə bilər. Dəqiq cavab versəm, yaşıl enerji sahəsində Koreya şirkətləri həmin ərazilərdə fəaliyyət göstərə bilər və bu sahədəki əməkdaşlığın gələcəyi parlaqdır. Şirkətlərin fəaliyyət göstərməsi birbaşa özlərinin verəcəyi qərardır. Çünki şirkətlər nəzərə alırlar ki, nə qədər gəlir götürəcəklər, orda fəaliyyət onlar üçün nə dərəcədə faydalıdır, müxtəlif şərtləri nəzərə alıb, qərar verirlər. Dövlət onlara göstəriş verə, təsir göstərə bilməz. Səfirlik olaraq bizim görə biləcəyimiz iş Azərbaycanın verdiyi təkliflərin, ortaya qoyduğu layihələrin bütün detallarını dəqiqliyi ilə Koreya şirkətlərinə çatdıra bilməkdir. İşi isə sonda şirkətin özü və Azərbaycan dövləti görür.

- Cənab səfir, sizin də qeyd etdiyiniz kimi İT Koreyada yüksək səviyyədə inkişaf edib. Son illər bu sahədə ölkənizin hansı uğurları olub? Azərbaycanla bu istiqamətdə əməkdaşlıq nə yerdədir?

- Ölkəmizin İT sahəsində əldə etdiyi uğurlar məhz Koreya şirkətlərinin uğurlarıdır. Belə ki, “Samsung Electroniks”, Sk Hynix və s. kimi şirkətləri hər iki aydan bir dünyada yeni və yüksək səviyyəli müxtəlif növ yarımkeçiricilər istehsal edir. Bu kimi xəbərlər bizim xalq üçün heç də yeni xəbər sayılmır. Eyni zamanda hər gün Koreyada İT sahəsində yeni bir uğura imza atılır. Koreyada son dövrlər “hər şeyin interneti” (IoE) sistemindən də istifadə olunur. Bu, insanın əlinin dəydiyi hər şeydə İT- nin tətbiqinin və insanların həyatının daha da yaxşılaşdırılması deməkdir. Ümumiyyətlə, Koreyada İT sahəsində qazanılan uğurların və yaxud inkişaf edəcək, kəşf ediləcək şeylərin sonu yoxdur.



Google beynəlxalq səviyyədə istifadə olunan bir axtarış sisitemidir. Koreyada bunun əvəzinə “Naver” proqramından istifadə olunur, həmçinin bu proqramlar öz fəaliyyətlərini axtarışla, mesajlarla bitirmirlər, onları İnternet bankinq və s. kimi də istifadə etmək olur. Texnologiyanın, internetin bu səviyyədə inkişafının ən çox xeyir xalqa dəyir. Xalqın həyatı daha da rahatlaşır. Azərbaycanda yemək sifarişi üçün “Wolt” tətbiqindən istifadə olunur. Koreyada 24 saat fəaliyyət göstərən oxşar tətbiqlər həddən artıq çoxdur. İstədiyin saatda müxtəlif yeməklər sifariş verə bilərsən.

Ümumiyyətlə, İT-nin inkişafı dövlətin həyata keçirdiyi siyasətdən də asılıdır. İT inkişafı, həmçinin xalqın həyatının daha da yaxşılaşması və dövlətin inkişafı üçün lazımdır. Həmin texnologiyaların Koreya xalqının həyatında hansı rolu oynadığına dair bir misal söyləyim. Məsələn, Azərbaycana qonşu ölkələrdən birində iyun ayında səsvermə həyata keçirildi, həmin səsvermənin nəticələri bir az gec elan olundu. Koreyada seçki zamanı belə vəziyyət olsa, xalqın ürəyi “darıxar”. Çünki Koreyada prezident və digər seçkilər bitən kimi nəticələr açıqlanmağa başlayır. Saat 18-00-da televiziyalarda seçkilərə aid xüsusi verlişlər başlayır və orada artıq ilkin nəticələr açıqlanır. Daha sonra bütün kanallarda verlişlərin altında interaktiv şəkildə səslərin sayı əks olunur. Bunu deməkdə məqsədim odur ki, Koreyada hər şey o dərəcədə elektronlaşdırılıb ki, demək olar ki, texnologiya artıq insanların qanına hopub və gündəlik həyatımızda çox istifadə olunur.

Azərbaycanla istər dövlətlərarası, istər şirkətlərarası olsun, İT sahəsində əməkdaşlıq get-gedə inkişaf etməkdədir. Həmçinin, “Samsung” şirkətinin də Azərbaycanda da filialları var. Məndə olan məlumata görə Azərbaycanda “Samsung” smarfonlardan çox istifadə edirlər, satışı günbəgün artmaqdadır. Azərbaycanda Koreyanın həm “Ağıllı şəhər”, həm infrastruktur, həm İT üzrə inkişaf etmiş şirkətləri fəaliyyət göstərir.

- Cənab səfir, məlumdur ki, pandemiya turizm sahəsinə də öz mənfi təsirlərini göstərdi. Koreya ölkəni turistlər üçün nə zaman və hansı şərtlərlə açmağı planlaşdırır?

- Koreya öz sərhədlərini heç vaxt bağlanmayıb. Hətta pandemiyanın çox sürətlə yayıldığı bir zamanda da Koreyada sərhədlər bağlanmadı. Eləcə də təyyarələrin gəlişi-gedişi qadağan olunmadı. Düzdür, o vaxt hava şirkətləri özləri fəaliyyətini dayandırmışdı. Çünki səyahət edən insanların sayı və şirkətlərin gəlirləri azalmışdır. Koreyada hazırda belə bir şərt var ki, ölkəyə daxil olan hər kəs iki həftə karantinə alınır. Koreyada peyvəndləşdirmənin həyata keçirilməsi, pandemiyanın aradan qaldırılması üçün əsas problem kimi dövlətin qarşısında dayanır. Hazırda tələsik şəkildə qısa bir zamanda mübadilənin həyata keçirilməsi kimi dövlətin planları yoxdur. Fikirləşirəm ki, insanlar da bunu istəməz. Tələsmədən pandemiyanı ağıllı bir şəkildə həll etmək, dünya səviyyəsində pandemiyanın bitdiyi elan olunduqdan sonra turizm sahəsi də öz qaydasına düşəcək. Məsələn, hal-hazırda Koreyaya daxil olan koreyalı iş adamları əgər peyvənd olunublarsa, səfirliyin verdiyi sənəd ilə ölkəyə qayıdarkən 14 günlük karantindən azad olunurlar. Yəni biznes sahəsinin inkişafı üçün bu kimi qərarlar verilir. Düşünürəm ki, adi insanların səyahəti üçün də gələcəkdə karantin qaydaları yumşaldıla bilər. İndi çoxlu sayda ölkələrə rahat gediş-gəliş mövcud deyildir. Demək olar ki, hər bir ölkənin özünəməxsus karantin qaydaları mövcuddur, bu vəziyyətin tez bir zamanda qurtarmasına və əvvəlki duruma qayıdacağımıza ümid edirəm.

- Belə başa düşdüm ki, Koreya sərhədləri bağlamasa da, ölkəyə turistlər gəlmir?

- Səbəb karantin, eyni zamanda vəziyyətin təhlükəli olmasıdır. Çünki səfərlər həyata keçirilərkən ətrafda xəstə insanlar ola bilər və insanlar yoluxma təhlükəsi ilə qarşılaşa bilər. Həmçinin, səyahət qaydaları günbəgün dəyişir. Məsələn, Koreyadan Azərbaycana gəlmək istəyən bir şəxs mütləq peyvənd olunmalı həmçinin Azərbaycanda yaşadığı ilə bağlı müvəqqəti yaşayış izninə malik olmalıdır. Həmin şəxs Koreyaya qayıdanda da iki həftəlik karantin rejiminə əməl etməlidir. Bu kimi halları nəzərə alaraq turistlərin səviyyəsi azalmaqdadır. Qaydaların çətinliyinə görə mən də hələ Koreyaya məzuniyyətə gedə bilməmişəm. 2018-ci ilin noyabrında mən Azərbaycana gələndə Qafqaz ölkələrinə maraq Koreyada həddən çox artmışdı.

Belə ki, televiziyada da Azərbaycana aid verlişləri çox görmək olurdu və müxtəlif insanlardan Azərbaycana getmək istəməkləri ilə bağlı eşidirdim. Hətta 2019-cü ildə Koreyadan Azərbaycana gələn turistlərin sayı 9 min olmuşdu. 2019 -cu ilin sonunda fikirləşirdim ki, 2020-ci ildə bu rəqəm 10 mini keçəcək. Lakin çox təəssüf ki, pandemiya səbəbindən bu say çox aşağı düşdü. Hesab edirəm ki, pandemiya tamamilə bitdikdən sonra iki ölkə arasında yüksək sürətlə inkişaf edəcək sahə turizm olacaq. Azərbaycan Turizm Bürosunun Koreyada turizm ofisinin açacağı haqqında məlumat almışdım. Ümid edirəm ki, pandemiya bitdikdən sonra bu sahə yenidən çiçəklənəcəkdir.

- Bundan sonra iki ölkənin münasibətlərində hansı sahələr prioritet təşkil edə bilər?

- Koreya ilə əməkdaşlıq haqqında danışarkən İT-ni çox vurğulayırıq. Amma Koreyada zavod tikinti sənayesi də çox inkişaf edib. Məsələn, “Samsung Engineering” şirkəti Sumqayıtda gübrə zavodunu tikib, bildiyimə görə qeyri-neft sənayesində bu miqyasda zavod tikintisi Azərbaycanda ilk dəfə aparılıb. Azərbaycanla gələcəkdə İT, infrastruktur qurulması, xüsusilə zavod tikintisi sənayesi sahəsində böyük irəliləyişlərə nail olacağımızı düşünürük.

- Artıq bir müddətdir ki, Azərbaycanda səfir kimi fəaliyyət göstərirsiniz. Müşahidələrinizə əsaslansanız, sizcə Azərbaycanla-Koreyanı bağlayan hansı dəyərlər var?

- Azərbaycan müsəlman ölkəsidir, əsas din islam dinidir. Koreyada isə İslam dininə sitayiş edənlərin sayı çox azdır. Azərbaycan fəaliyyət göstərdiyim ilk müsəlman ölkəsidir. Bura gələndə fikirləşdim ki, heç vaxt olmadığım bir ətraf mühütdir və bir qədər çətinliklə üzləşə bilərəm. Lakin heç də elə olmadı. Azərbaycan bu cəhətdən çox rahatdır və bütün hallarda xaricilər üçün yaşamağa hər bir şərait qurulub. Aramızadakı ortaq dəyərlərə gəlincə, bu, böyüklərə hörmət göstərilməsi, ətrafdakı insanlarla sülh şəraitində yaşamaqdır.
Ümumiyyətlə, sülhpərvər olmaq Koreya və Azərbaycan arasında ortaq cəhətdir. Bizim coğrafi mövqeyimiz də bir az xüsusidir. Həmişə ətrafımzdakı ölkələrin təzyiqinə məruz qalmışıq. Lakin buna baxmayaraq hər iki ölkə sülh tərəfdarı olub, sülhə önəm verib. Tarixi cəhətdən də bir çox oxşarlıqlarımız var. Hər iki xalq adət-ənənlərə önəm verir. Eyni zamanda bu tarixi oxşarlıq, böyüklərə hörmət etmək bizim dostluğumuzu daha da gücləndirən faktorlardan biridir.



- Koreya həm də öz təhsili ilə dünyada tanınır. Azərbaycanla ölkəniz arasında təhsil əlaqələri nə yerdədir?

- Azərbaycanda gənclərin Koreyaya marağı böyükdür. Koreyanın müxtəlif inkişaf etmiş cəhətləri, Koreya musiqisi, Koreya kinosu, oyunları və s. azərbaycanlı, eləcə də dünya gənclərini cəlb edir. Buna görə də Koreyada oxumaq istəyən azərbaycanlıların sayı çoxdur. Təsadüfi deyil ki, bunun fərqində olan bir çox Koreya universitetləri bəzi proqramlar həyata keçirirlər. Ceyhun Bayramov təhsil naziri olarkən 2019-cu ilin yanvarında görüşdə bir layihə haqqında danışmışdır. Bu, Koreya ilə Azərbaycan dövlətləri arasında ikili diplom proqramlarının həyata keçirilməsi idi. Həmin söhbətdən sonra biz Koreya tərəfinə məlumat verdik, müxtəlif universitetləri araşdırdıq. Beynəlxalq əməkdaşlıqda təcrübəsi böyük olan İnha Universiteti bizim bu təklifimizə razılıq verdi. Bu əməkdaşlığı həyata keçimək üçün bura gəldilər. Bakı Mühəndislik Universitetində bakalavr pilləsi üzrə ikili diplom proqramı təsdiq olundu.

- Yuxarıda qeyd etdiniz ki, pandemiyaya görə, yüksək səviyyəli səfərlər təxirə salınıb. Bu ilin sonunadək hansısa səfər mümkündürmü?

- Pandemiya davam etdiyi bir vəziyyətdə yüksək səviyyəli səfərlərin həyata keçirilməsi karantin qaydalarını bir qədər pozmaq deməkdir. Lakin pandemiya qurtardıqdan sonra tez bir zamanda bu sahədə fəallıq artacaqdır. İki ölkənin XİN-ləri arasında siyasi məsləhətləşmələr sonuncu dəfə 2017-ci ildə keçirilib. Artıq yeni məsləhətləşmələrin vaxtı çatıb. Onun mümkün olan kimi Bakıda keçirilməsi gözlənilir. Məlumatıma görə bir çox rəsmilər Bakıya səfər etmək niyyətindədirlər. Pandemiya bitən kimi - düşünürəm ki, gələn il bu səfərlər reallaşacaq. Gələn il iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümüdür. Bu münasibətlə də bir sıra maraqlı layihələr, tədbirlər olacaq.

- Cənab səfir, Şimali Koreya ilə hazırda danışıqlar nə yerdədir, hər hansı təmaslar mövcuddur?

- Şimali Koreya çox qapalı ölkədir. Şimali Koreyanın həm bizimlə həm də digər dünya ölkələri ilə apardığı dialoqların forması da çox xüsusidir. Biz də bunun fərqində olaraq həmişə Şimali Koreya ilə dialoq aparmağa cəhd edirik. Rəsmi səviyyədə Şimali Koreya ilə hal-hazırda dialoqlar dayandırılmışdı. Lakin rəsmi dialoqların bərpası üçün qeyri-rəsmi olaraq işlər aparılmaqdadır. Biz Koreya yarımadasında təhlükəsizliyi bərpa etmək üçün Şimali və Cənubi Koreya arasında dialoqların çox vacib olduğunu düşünürük.

- Cənubi Koreya ilə Şimali Koreya arasında mina problemi var. Bu gün Azərbaycan da eyni problemi yaşayır. Bəzi xəritələr Ermənistandan alınıb, ancaq problem hələ də qalır. Cənubi Koreyanın bu məsələdə təcrübəsi nədən ibarətdir və Azərbaycanla öz təcrübəsini bölüşə, nə kimi dəstək verə bilər?

- Azərbaycana minaların təmizlənməsinə hazırda Türkiyə başda olmaqla bir çox ölkələr, həmçinin beynəlxalq təşkilatlar kömək göstərir. Qeyd etmək istəyirəm ki, Şimali Koreya ilə Cənubi Koreya arasındakı mina problemi ilə Azərbaycan və Ermənistan arasındakı mina problemi fərqlidir. 1950-53 cü illərdə iki Koreya arasındakı müharibədən sonra atəşkəs razılaşması imzalanmışdı və o indiyə qədər davam etməkdədir. Ölkələr arasında bir təmas xətti mövcuddur ki, həmin xəttin hər iki tərəfində ölkə əsgərləri dayanır. Həmin təmas xəttinə minalar səpələnib, onu Şimali Koreya, həmçinin biz tərəfdən ediblər. Minaların təmizlənməsinə gəlincə, deyə bilərəm ki, Koreyanın mina təmizlənməsində böyük təcrübəsi yoxdur.

Düzdür, bizim müəyyən təcrübəmiz var, müharibədən sonra başqa yerlərdən də minalar aşkarlanıb, biz onları təmizləmişik. Həmçinin, mina elədir ki, o, basdırdığın yerdə qalmır, zəlzələr, daşqınlar olduqca, mina 100 metr dərinliyə gedə, yaxud yerin dəyişə bilər. Ona görə də bu sahədə kömək etmək, çətinlik yaradır. Azərbaycan qısa müddət ərzində minaların aşkarlanması sahəsində daha çox təcrübə qazanıb, həmçinin Koreya mina aşkar edən maşınlar, texnika sahəsində inkişaf edib, dövlətin rəsmi müraciəti olsa, bu sahədə əməkdaşlıq aparılması məsələsi düşünülə bilər. Onu da deyim ki, bu məsələnin ən yaxşı həll yolu Ermənistanın mina xəritələrini Azərbaycana verməsidir. Lakin mina xəritələrinin verilməsi ilə də bu məsələnin həlli çətindir. Çünki xəritədə minaların bir cür basdırılması göstərilsə də, minanı basdıran şəxs onu başqa cür də yerləşdirə bilər. Yəni 100 faiz dəqiqlik mümkün olmur. Koreya məsələsinə gəlincə, həmin əraziyə heç kim daxil olmur, çünki ərazi təmizlənməyib. Nə vaxtsa iki Koreya birləşsə, qarşıdakı mühüm işlərdən biri həmin ərazini təmizləmək olacaq.



- Cənab səfir, Azərbaycan- Koreya əlaqələri bu gün sizi qane edirmi?

-İki ölkənin əlaqələrindən danışarkən həmişə qeyd edirlər ki, bu əlaqələr çox inkişaf edəcəkdir, uzun müddətlidir, bu əlaqələrin gedəcəyi yol sonsuz olacaqdır, inkişaf potensialı böyükdür. Fikirləşirəm ki, əsas odur ki, yaxşı niyyətlə əlaqələr yaradırılır və inkişafa çalışıılır. Koreya dilində belə bir ifadə var ki, nə qədər çox muncuq olsa da onları bir-birilə əlaqələndirməsən, lazımsız bir şeyə çevrilir. Azərbaycan və Koreya arasında əlaqələr də bu cürdür. Nə qədər potensial olsa da, o əlaqələri layihələr vasitəsilə həyata keçirmək lazımdır. Azərbaycanın enerjisi, yeraltı sərvəti, Koreyanın inkişaf etmiş informasiya texnologiyası, eləcə də iqtisadiyyat sahəsində qazandığı uğurlar Koreya və Azərbaycan arasındakı əlaqələri bir-birini tamamlayan əlaqələrə çevirir.

Əlbəttə, coğrafi cəhətdən bir-birimizə uzaq olmağımız mübadiləni çətinləşdirir. Lakin ikimiz də bir birimizə daha mükəmməl tərəfdaş olsaq, əlaqələrimizin inkişafı doğurdan surətlənər və yaxşı səviyyəyə qalxar. Azərbaycan neft qaz ehtiyatı ilə zəngin olsa da, Koreya əsasən öz qaz və neftini Mərkəzi Asiyadan əldə edir, çünki bizə daha yaxın istiqamətdir. Hesab edirəm ki, Azərbaycan Koreya üçün xüsusi endirimlər həyata keçirsə və Koreya şirkətlərinin Azərbaycana daxil olması asanlaşsa, və s. onda əlaqələrimiz daha da inkişaf edə bilər. Həmçinin, iki ölkənin əməkdaşlığının daha da inkişaf etməsi, ondan asılıdır ki, bizim kommunikasiya formamız bir az fərqlidir. Düşünürəm ki, diplomatik münasibətlərimizin 30-cu ildönümündə bu kommunikasiya fərqlilikləri də aradan qalxar, bir-birimizə daha da yaxınlaşarıq.

-Koreyanın Orta Asiyanı enerji baxımından Azərbaycanla əvəz etmək planı var?

- Enerji təhlükəsizliyi məsələsi var və enerjini yalnız bir ölkədən almaq düzgün deyil. Çünki həmin ölkədə hansısa bir problem yarananda bu enerji alan ölkənin də probleminə çevrilir. Müxtəlif ölkələrdən enerjini almaq və bununla enerji sabitliyini təmin etmək lazımdır. Azərbaycan Mərkəzi Asiya ölkələri ilə rəqabətə girib, onlardan daha üstün təkliflər irəli sürsə, biz enerjini Mərkəzi Asiya ölkələri ilə yanaşı Azərbaycanda da ala bilərik.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Koreya   Səfir   Müsahibə  





Xəbər lenti