"Qələbənin simvolu olan bu medal mənim üçün çox dəyərlidir"- Prezidentin təltif etdiyi jurnalist

  24 İyun 2021    Oxunub :584
  "Qələbənin simvolu olan bu medal mənim üçün çox dəyərlidir"-   Prezidentin təltif etdiyi jurnalist
Bu gün Prezident İlham Əliyevin imzaladığı sərəncamla 11 min 831 hərbi qulluqçu “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilib. Xocavənd uğrunda gedən döyüşlərdə göstərdiyi şücaətə görə medalla təltif edilənlər arasında "İki sahil” qəzetinin baş redaktorunun müavini, ehtiyatda olan kapitan Miriyev Anar Barat oğlu da var.
Müzəffər ordumuzun qələbəsində payı olmuş həmkarımız təəssüratlarını Azvision.az-la bölüşüb:

- Qalib ordunun ehtiyatda olan kapitanı kimi qürur hiss keçirdim. “Xocavəndin azad olunmasına görə” medalı mənim üçün çox dəyərlidir. Qələbənin qazanılmasında iştirak edən digər hərbçi yoldaşlarım da bu gün təltif olunublar. Cənab Ali Baş Komandan tərəfindən təltifə layiq görüldüyüm üçün Prezidentə təşəkkür edirəm. Biz müharibə dövründə “dəmir yumruğu” düşmənin başına endirə-endirə qələbə qazandıq. Ali Baş Komandanın hər çıxışı, sözü döyüşən ordu üçün böyük güc, ruh yüksəkliyi idi. Bizi qələbəyə bu güc apardı. Orduya hər zaman böyük diqqət göstərən Prezident şəhid ailələrinə, qazilərə xüsusi qayğı ilə yanaşır. Torpaqlarımızın azad olunmasında iştirak etmiş hərbçilərin təltif olunması, qələbənin simvolu olan bu medallara layiq olmaq fəxrdir.
Prezident onları “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif etdi

Anar Miriyev deyib ki, qələmini süngüyə dəyişən media nümayəndələrinin müharibədə iştirakı bir daha sübut etdi ki, kimliyindən asılı olmayaraq, hər kəs bu Vətən üçün canından keçməyə hazırdır: “Ordumuz döyüş meydanında düşməni diz çökdürdü. İndi müharibə bitib və ehtiyata buraxılmışam. Amma Azərbaycan Ordusunun şərəfli zabiti mundirini hər an geyinməyə hazıram".

Qeyd edək ki, Anar Miriyev 44 günlük Vətən müharibəsində ehtiyatdan cağırılan zabit kimi iştirak edib. O, müharibə başa çatandan sonra Azərbaycan Ordusunun sıralarından ehtiyata buraxılıb və hazırda mətbuata qayıdaraq, əvvəlki işini davam etdirir.







Tural Tağıyev
Azvision.az

Teqlər:   Ordu   Medal  






Xəbər lenti