Çinin atom hədəfi qonşularını qorxudur

Çinin atom hədəfi qonşularını qorxudur
  24 İyun 2021    Oxunub:740
Qərb mediasında Çinin atom elektrik stansiyalarından birində sızıntı və radioloji təhlükənin yaranması xəbəri yayıldı. Oxşar xəbər Yaponiya mətbuatında da dərc olundu.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü açıqlama verərək, atom elektrik stansiyası ətrafında radiasiya səviyyəsində heç bir anormallıq olmadığını və təhlükəsizliyin təmin edildiyini bildirdi.

Çin ətrafında yaranmış yeni gərginliyi Azvision.az –a şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, XİN-nin açıqlaması Qərbi və Çinə qonşu ölkələri sakitləşdirməyib:

“Çünki virusla əlaqədar da Pekinin siyasəti oxşar olmuşdu. Çin virusla bağlı vəziyyəti ən azı bir ay gizlətdikdən sonra dünyaya bəyan etmək məcburiyyətində qaldı.
Ümumiyyətlə, Çinin atom enerjisinin inkişafıyla bağlı böyük planları var. Pekin 2033-cü ilə qədər 110-dan artıq atom elektrik stansiyası tikməyi planlaşdırır. Çin yeni atom elektrik stansiyalarının inşası üçün 786 milyard dollar büdcə ayırıb. Çinin 2030-cu ilə qədər Rusiya, Fransa, Yaponiya və ABŞ-ı da geridə qoyaraq, atom enerjisi istehsalında birinci yerə yüksələcəyi proqnozlaşdırılır. Halbuki, Pekin yeni nüvə reaktoru layihələrini 2011-ci ildəki Fukuşima fəlakətindən sonra dondurduğunu açıqlamışdı.



2011-ci ildə Yaponiyada sunami nəticəsində Fukusima atom elektrik stansiyasında qəza baş verdi və radioktiv sızıntı qeydə alındı. Həmin hadisə o zaman Çini də qorxutdu. Çində bir qrup fəal ölkə ərazisində yeni atom elektrik stansiyaların tikintisi əleyhinə kampaniya başladı. Ancaq hökumət dərhal bu kampaniyanın qarşısını aldı və bu mövzuda xəbərlərin yayılması qadağan edildi”.
Politoloq deyir ki, Çində atom elektrik stansiyalarının vəziyyətindən Honkonq da narahatdır. Çünki bu ölkədəki AES-lərdən birinin Honkonqdan aralıq məsafəsi cəmi 130 kilometrdir:

“Çinə qonşu olan Hindistan da atom elektrik stansiyalarının təhlükəsizlik məsələlərinə əhəmiyyət verir. Yeri gəlmişkən, düz bir il əvvəl Çin-Hindistan sərhədinin dağlıq hissəsində ciddi insident qeydə alınmışdı. Çin sərhədçiləri dağlıq ərazidə irəliləmək istədikdə, hindli həmkarlarıyla üz-üzə qalmışdılar. Toqquşmalarda Hindistan 20 sərhədçisini itirdi. Çin itkiləri barədə məlumat verməsə də, müxtəlif mənbələr Çinin də təxminən eyni sayda itki verdiyini yazmışdılar. Qalvan Vadisi adlanan bölgə Hindistanla Çin arasında 1962-ci ildən bəri mübahisəli ərazi olaraq qalmaqdadır.

Hazırda sərhəddə nisbi sakitlikdir. Tərəflər qarşıdurmadan çəkinirlər. Hər iki ölkə əsas güclərini sərhəddən uzaqlaşdırıb. Ancaq vəziyyətin yenidən gərginləşəcəyi istisna deyil. Çin Hindistanla sərhədə doğru yeni yollar çəkir, istehkamlarını gücləndirir.

Əslində sərhədəki son insidentə qədər iki ölkə arasındakı münasibətlərdə yumşalma baş vermişdi, qarşılıqlı yatırımlar və ortaq layihələr barədə razılıqlar var idi. Ancaq sərhəddəki insident bunların üstündən xətt çəkdi”.

Tural Tağıyev



Teqlər: Çin   AES   Hindistan   Təhlükə  





Xəbər lenti