“Rusiya sularına qəsdən girdik” – BBC-nin müxbiri hadisənin detallarını danışdı

      “Rusiya sularına qəsdən girdik”    – BBC-nin müxbiri hadisənin detallarını danışdı
  23 İyun 2021    Oxunub:4304
Bu gün Qara dənizdə, Krımdakı Fiolent burnu yaxınlığında Britaniyanın “Defender” esminesi Rusiyanın ərazi sularını pozub. Sahil mühafizəsi gəmiləri onun qarşısını kəsiblər, “Su-24M” bombardmançı təyyarəsi isə gəminin qarşısına 4 qəlpəli-fuqas bombası atıb. Bundan sonra esmines geri dönüb.
Rusiyanın Müdafiə Nazirliyi insidentlə bağlı Britaniya səfirliyinin hərbi attaşesini izahat verməyə çağırıb. İngilislər deyirlər ki, esminesə doğru heç bir atəş açılmayıb, onlar sadəcə, Ukraynanın ərazi sularından dinc şəkildə keçmək istəyiblər. Atəş səslərini eşidəndə isə Rusiya donanmasının təlim keçirdiyini zənn ediblər.

Amma Britaniyanın “Defender” esminesi Krımın ərazi sularına girərkən BBC-nin gəmidə olan müxbiri Conatan Bill insidentlə bağlı yazısında bunun əksini iddia edib.

O, öz materialında bildirib ki, Britaniya gəmisi Krımın ərazi sularına yaxınlaşanda komanda həyəcan siqnalı ilə ayağa qaldırılıb və silahlar döyüş hazırlığı vəziyyətinə gətirilib.



- “Defender” məqsədli şəkildə ərazi sularına 19 kilometr daxil olmağa hazırlaşırdı. Kapitan bunun həmin rayonda yeganə təhlükəsiz yol olduğunu iddia edirdi,- deyə jurnalist bildirib.

O yazır ki, rusların sahil mühafizəsinin iki gəmisi “Defender”in yolunu kəsməyə çalışıblar, biri hətta esminesə 100 metrə qədər yaxınlaşıb. Onlar geri dönməyi tələb edərək, əks təqdirdə, atəş açacaqları ilə hədələyiblər. Gəmi əmrə tabe olub, geri dönəndə isə onu rusların 20 hərbi təyyarəsi müşayiət edib.

Qeyd edək ki, “Defender” esminesi Qara dənizə iyunun 14-də Niderlandın “Evertsen” hava hücumundan müdafiə freqatı ilə birlikdə daxil olub. Bundan sonra Rusiyanın Qara dəniz donanması onları izləməyə başlayıb. Krım sahillərinə üzənə qədər “Defender” Odessa limanında idi.

Tariyel Həsənov
Azvision.az


Teqlər: Defender   İnsident  





Xəbər lenti