"Təşviqat dövründə təhqir və təhdid təzahürləri yaşandı"- Ermənistan prezidenti

  19 İyun 2021    Oxunub :696
   "Təşviqat dövründə təhqir və təhdid təzahürləri yaşandı"-   Ermənistan prezidenti
Xəbər verdiyimiz kimi sabah Ermənistanda növbədənkənar parlament seçkiləri keçiriləcək.
Bu gün ölkədə "sükut günü" olduğu üçün namizədlər artıq hər hansı formada seçki kampaniyası apara bilməzlər. Bu gün Ermənistan prezidenti Armen Sarkisyan seçki ilə əlaqədar xalqa müraciət edib. Onun müraciətində diqqət çəkən məqamlardan biri ölkəsindəki seçki marafonunun xaotik şəkildə başa çatmasından, təhqir və ləyaqətin alçaldılması ilə müşayiət olunan bir təşviqatın aparılmasından gileylənməsi olub.

“Seçki kampaniyası başa çatıb. Siyasi qüvvələrin 10 gündən çox vaxtda fürsəti var idi ki, öz proqram və hədəflərini təqdim edib səsi alsın.
Təəssüf ki, bu dövrdə dözümsüzlük, təhqir, təhdid təzahürləri yaşandı, demokratiya üçün mübarizə aparan və ya demokratiyadan danışan heç bir siyasi qüvvəyə və ya xadimə yaraşmayan hadisələr yaşandı.
Qanuni və mənəvi sərhədləri aşan, vəziyyəti ağırlaşdıran, nifrəti, düşmənçiliyi təhrik etmək cəhdləri qəbuledilməzdir və bunu şiddətlə qınayıram",-deyə Sarkisyan bildirib.

Prezident həmçinin seçkilərə qatılan bütün partiyaları və blokları, deputatlığa namizədləri təmkinli olmağa, ağıllı davranmağa, dözümlülük və hörmət göstərməyə, siyasi məqsədlər üçün mənəvi sərhədləri pozmamağa çağırıb:

"Hüquq-mühafizə orqanlarından hər hansı bir qanun pozuntusunun qarşısını qətiyyətlə almağı, qərəzsiz olmalarını, maksimum məsuliyyət daşımalarını və qanuna uyğun hərəkət etmələrini tələb edirəm. Bu seçkilər çətin, böhranlı bir vəziyyətdə keçirilir, dövlətimiz və xalqımız üçün həlledici əhəmiyyətə malikdir.Əziz həmvətənlər! Bu gün "sükut günü"dür və bazar günü hər kəs öz seçimini etməlidir".

Qeyd edək ki, 12 günlük aktiv təşviqat kampaniyasından sonra rəsmi olaraq Ermənistanda "sükut günü" səsvermə başlamazdan bir gün əvvəl, şənbə günü gecə yarısı başlayıb.Seçki kampaniyasının aparılması qaydalarının pozulması Ermənistan qanunlarına görə, 200-dən 600 min dram arasında cərimə şəklində inzibati məsuliyyətə səbəb olur.

Ermənistanda erkən parlament seçkilərində rekord sayda - 25 siyasi qüvvə (4 blok və 21 partiya) iştirak edir. 2008 seçki məntəqəsindən 479-u İrəvan, 1529-u isə bölgələrdə yerləşir. 2 583 milyon vətəndaşın seçkilərdə iştirak etmək hüququ var, onlardan 855 mindən çoxu paytaxtdadır. 363 nəfər elektron səs verə bilər - onlar diplomatik nümayəndəliklərin işçiləri və onların ailə üzvləridir.

Tural Tağıyev

Azvision.az

Teqlər: Seçki   Ermənistan   Təhqir   Təşviqat  






Xəbər lenti