"Təhsil xərci tələbələr üçün əngəl olmayacaq" - Ekspert yeni Fondu dəyərləndirdi

  19 İyun 2021    Oxunub :1236
 "Təhsil xərci tələbələr üçün əngəl olmayacaq" -  Ekspert yeni Fondu dəyərləndirdi
“Təhsil Tələbə Krediti Fondu”nun yaradılması təhsil sahəsində çox mütərəqqi addımlardandır. Fondun yaradılması haqqında müzakirələr 2021-ci ilə aid büdcə qanunu hazırlananda edilmiş və 80 milyon manata qədər vəsaitin təhsil krediti olaraq ayrılmasına qərar verildi. Cənab prezident İlham Əliyevin Fərmanı ilə artıq prosesə start verilmiş oldu.
Bunu Azvision.az -a təhsil eksperti Elçin Süleymanov deyib. O bildirib ki, bu sistemə qədər də müxtəlif dövlət və qeyri dövlət təşkilatlarının təhsil krediti layihəsi olub.

"Xüsusilə "Maarifçi" Tələbə Kredit Fondu buna bənzər bir layihə olsa da, onun əhatə dairəsi məhdud idi. Sadəcə bir neçə universitet tələbələrinin istifadə edəcəyi proqram idi və büdcəsi də məhdud idi. Hər il minə yaxın tələbə bu imkandan istifadə edə bilirdi. Eyni zamanda kommersiya banklarının təqdim etdikləri kreditlər də tələbələr üçün cazib şərt deyildi. Həm faiz olaraq kifayət qədər yüksək kredit xərci var idi, həm də geri qaytarılması müddəti qısa zamanlı idi".

E. Süleymanov qeyd edib ki, yeni mexanizm bu baxımından çox əhəmiyyətlidir: "Artıq bu mexanizm sonrası təhsil xərci tələbələr üçün əngəl olmaqdan çıxacaq. Onu da qeyd etmək olar ki, bu mexanizm əksər inkişaf etmiş ölkələrdə müvəffəqiyyətlə tətbiq edilir və bu mexanizmin işə düşməsi ilə əhalinin təhsil alma səviyyəsi daha da artmış olur. Bu da ölkənin iqtisadi inkişafına böyük qatqı verir.

Ümid edilir ki, eyni pozitiv təsir Azərbaycanda da olacaq. Tələbələrin təhsili üçün lazım olan maliyyələşməni kredit olaraq alıb, məzun olduqdan sonra hissə-hissə geri qaytarması gələcəkdəki istifadəcilər üçün fond formalaşdıracaq".

Xatırladaq ki, əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirmək məqsədilə Prezident İlham Əliyev “Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərman imzalayıb.

Aytən Zəhra
Azvision.az

Teqlər: Tələbə   Kredit  






Xəbər lenti