Şuşa Bəyannaməsi ölkəmizin qlobal səviyyədə təhlükəsizliyini təmin edəcək
Məsələni Azvision.az –a şərh edən politoloq Samir Hümbətov deyib ki, əslində qardaş ölkənin rəhbəri bir səfəri ilə beynəlxalq aləmə bir neçə diplomatik mesaj vermiş oldu:
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana gələrkən Bakıda, Füzulidə və Şuşada oldu. Onun budəfəki gəlişi tarixi səfər kimi yadda qaldı. Həmçinin Türkiyə Prezidentinin bu səfəri diplomatik baxımdan da bir neçə məqamı ilə yadda qaldı.
Birincisi, Ərdoğan Bakıya Brüsseldən, daha dəqiq desək NATO dövlət başçılarının zirvə sammitindən gəldi. Bu sammitdə o həm ATƏT-in Minsk Qrupunun həmsədri olan dövlətlərdən ABŞ prezidenti Co Baydenlə, həm də Fransa prezidenti Emmanuel Makronla görüşmüş, eləcə də NATO-ya üzv olan digər ölkələrin başçıları ilə də təmaslar quraraq Dağlıq Qarabağ məsələsini ətraflı müzakirə etmişdi. Yəni, görünən odur ki, Ərdoğan Qərbdəkilərə başa sala bilib ki, Rusiyanı Cənubi Qafqazda təkbaşına qoymaq istəsəniz, bu ölkə bir müddət sonra sizi Cənubi Qafqaza buraxmayacaq. Odur ki, Ərdoğan məsuliyyəti öz üzərinə götürüb Cənubi Qafqazda Rusiyanın dominatlığına icazə vermək niyyətində olmadığını göstərməyə çalışır”.
Politoloq həmçinin qeyd edib ki, Ərdoğanın Bakıya gələn kimi buradan quru yolla Füzuliyə və Şuşaya səfər etməsi də bir diplomatik gediş sayılmalıdır:
“Bu amilin özü belə bəzi qonşular və Azərbaycanda gözü olan dövlətlər üçün diplomatik mesaj sayıla bilər. "Şuşa bəyannaməsi"nin imzalanması, bu bəyannamədə həm Azərbaycanı, həm də qardaş Türkiyəni maraqlandıran bütün detalların qeyd edilməsi isə onu göstərdi ki, Türkiyə və Azərbaycan arasında imzalanmış bu sənəd ölkəmizin həm regional, həm də qlobal səviyyədə təhlükəsizliyini təmin edəcək. Bundan sonra mövcud olmuş əlaqələrimiz daha da inkişaf edəcək, eyni zamanda Azərbaycana qarşı hər hansı təcavüz aktı və aqressiv davranış baş verərsə, Ankara birbaşa olaraq proseslərə müdaxilə edəcək.
Bu bəyannamə Türkiyənin təkcə Cənubi Qafqazda deyil, eyni zamanda Mərkəzi Asiyada mövcudluğuna da böyük imkanlar yaratdı. Bundan sonrakı mərhələdə Türkiyənin Azərbaycanla birgə Avrasiya materikində qlobal gücə çevrilmə prosesi daha da sürətlənəcək. Xüsusilə "Zəngəzur dəhlizi"nin açılması ilə bu proses xeyli sürətlənəcək”.
Tural Tağıyev
Azvision.az
Teqlər: Şuşa Ərdoğan Türkiyə Azərbaycan