İlham Əliyevin daha bir qələbəsi: Ağdam minalardan azaddır!

  İlham Əliyevin daha bir qələbəsi:  Ağdam minalardan azaddır!
  12 İyun 2021    Oxunub:2499
44 günlük Vətən müharibəsi ilə Ermənistanın 30 illik işğalına son qoyan və Azərbaycanın ərazi bütövlüyünü bərpa edən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev ölkəmizə qələbələr qazandırmağa davam edir. Dövlət başçısının qətiyyətli siyasəti nəticəsində Azərbaycan hərbi zəfərini diplomatiya meydanında təkrarlayır.
Bu dəfə də Azərbaycan liderinin prinsipial siyasəti öz bəhrəsini verdi və Ermənistan indiyədək gizli saxladığı mina xəritələrinin bir hissəsini üzə çıxarmağa məcbur qaldı.

Qeyd edək ki, bir qədər əvvəl Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, iyunun 12-də Ermənistan Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim edib, bunun müqabilində 15 erməni hərbçisi ölkəsinə təhvil verilib. (Ətraflı məlumatla BURADAN tanış ola bilərsiniz)

Ermənistana təhvil verilən hərbçilərin istintaq zamanı Azərbaycan vətəndaşlarına qarşı ağır cinayətlər törətmədikləri sübut olunub.

Humanitar aksiyanın həyata keçirilməsində Gürcüstanın baş naziri İrakli Qaribaşvili, ABŞ dövlət katibi Antoni Blinken, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Rikerin, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və ATƏT-in İsveç sədrliyi vasitəçilik ediblər.

Hərbi Zəfərdən diplomatik Qələbəyə

Ermənistan ötən il Qarabağ döyüşlərində ağır məğlubiyyətə uğrasa da, hərbi cinayətlərini postmüharibə dövründə davam etdirdi. 30 il ərzində Ağdam, Füzuli və digər ərazilərdə xüsusi müdafiə sədləri quran erməni silahları qüvvələri demək olar ki, bütün ərazilərimizi minalamışdılar. Ermənistan bununla maksimum insan itkisinə nail olmağı, həmçinin Azərbaycanın Qarabağda başlatdığı yenidənqurma, bərpa işlərinə, xarici şirkətlərlə birgə həyata keçiriləcək meqalayihələrə süni əngəllər törətməyi qarşısına hədəf qoymuşdu.

Regionda yeni əməkdaşlıq imkanlarının yaranmasına baxmayaraq, İrəvan kapitulyasiya aktından sonra sülhə can atmadı və bu ölkənin hərbi-siyasi rəhbərliyi geridə qalan səkkiz ay ərzində Azərbaycandan fərqli olaraq, heç bir humanistlik nümayiş etdirmədi. Bu amil daha çox mina xəritələrinin təhvil verilməməsində özünü göstərdi. Təəssüflər olsun ki, Ermənistanın mina təxribatları müharibədən sonra onlarla dinc sakin və hərbçinin həlak olmasına, ya da sağlamlığını itirməsinə səbəb oldu.

Bu mənada deyə bilərik ki, hər addımında ölüm saçan Ağdamın mina xəritələrinin əldə olunması çox böyük hadisədir. İlk növbədə ona görə ki, "mina səhrası”nı xatırladan Ağdam torpaqlarının təmizlənməsi xeyli vaxt aparacaqdı, habelə çoxsaylı insan itkiləri ilə üzləşəcəkdik. Digər tərəfdən mina xəritəsinin olmaması mayın 28-də təməli qoyulan Ağdamın bərpa və yenidən qurma prosesinin yubanmasına gətirib çıxaracaqdı, eyni zamanda minatəmizləmə prosesinə külli miqdarda vəsait sərf olunacaqdı. Əlbəttə, Cənubi Qafqaz regionunun siyasi mənzərəsini dəyişən Azərbaycan xəritə olmadan da başlatdığı Böyük Qayıdış layihəsini reallaşdırmaq iqtidarındadır. Lakin bu həm zaman, həm də böyük maliyyə itkisi deməkdir. Bu baxımdan ən əlverişli variant mümkün qədər tez vaxtda mina xəritələrini əldə etmək idi ki, Prezident İlham Əliyevin diplomatik məharəti və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan buna da nail olmağı bacardı.

Onu da diqqətə çatdıraq ki, mina xəritələrinin əldə edilməsi on minlərlə vətəndaşımızın, minatəmizləyənlərin həyatını və sağlamlığını təhlükədən xilas edəcək, Ağdamda əsası qoyulan yenidənqurma layihələrini və məcburi köçkünlərin qayıdışı prosesini sürətləndirəcək.

Ermənistan yenə "ağ bayraq" qaldırdı

Xəritələrin alınması böyük iqtisadi-sosial əhəmiyyət daşımaqla yanaşı, Azərbaycanın Ermənistan üzərində növbəti parlaq qələbəsidir. Doğrudur, kapitulyasiya aktına imza atmış Ermənistanın diplomatik cəbhədə Azərbaycanla başa-baş gələcəyi real görünmürdü. İrəvan rəhbərliyi anlayırdı ki, onların qarşısında peşəkar diplomat, Azərbaycanın qalib lideri dayanır. Qarşı tərəf onsuz da Azərbaycanın təzyiqləri qarşısında tab gətirməyəcəyini yaxşı bilirdi.

Prezident İlham Əliyev müharibədən sonrakı dövrdə təmkin, səbir nümayiş etdirir, mübarizəmizi diplomatiya arenasına daşıyaraq Ermənistanı hərbi cinayətlərdən əl çəkməyə, sülh yolunu tutmağa çağırırdı. Ölkə başçısı eyni zamanda beynəlxalq platformalarda Azərbaycan torpaqlarının minalarla çirkləndirilməsi məsələsini qaldıraraq, Ermənistan tərəfinin postmüharibə dövründə də hərbi cinayətləri davam etdirdiyini dünya ictimaiyyətinin diqqətinə çatdırır, aidiyyəti təşkilatları və dövlətləri mina xəritələrinin verilməsi üçün İrəvana təzyiqlər göstərməyə səsləyirdi. Bu istiqamətdə qətiyyətli mövqe sərgiləyən Azərbaycan lideri Ermənistanı Ağdamın mina xəritəsini verməyə məcbur etməklə, növbəti böyük qələbəyə imza atdı. Bununla Prezident İlham Əliyev Azərbaycanın döyüş meydanında olduğu kimi, diplomatik sferada da Ermənistandan üstün olduğunu nümayiş etdirdi.

Təbii ki, Azərbaycanın təzyiqləri olmasaydı, İrəvan xoşluqla bu xəritələri bizə vermək niyyətində deyildi. Azərbaycan Prezidentinin mükəmməl diplomatik gedişi və prinsipal siyasəti İrəvanı belə bir addımı atmağa vadar etdi.

Beləliklə, Ermənistanın dediyi yox, məhz Azərbaycanın istədiyi oldu.

Tural Tağıyev
Azvision.az


Teqlər: Mina   Diplomatiya   İrəvan   İlham-Əliyev   Qələbə   Ağdam  





Xəbər lenti