Deputatlarımız AVRO-2020-də hansı komandaya azarkeşlik edirlər?

 Deputatlarımız AVRO-2020-də hansı komandaya azarkeşlik edirlər?
  12 İyun 2021    Oxunub:1507
Bu gün Azərbaycan futbol üzrə Avropa Çempionatının (AVRO-2020) oyununa ev sahibliyi edəcək. Mötəbər turnirin ikinci günü Bakı Olimpiya Stadionunda A qrupunda yer alan Uels millisi İsveçrə yığması ilə qarşılaşacaq.
Uels və İsveçrə komandalarının azarkeşləri ilə yanaşı, dünyada milyonlarla insanın diqqəti paytaxtımıza yönəlib.

Maraqlıdır, Azərbaycanda ilk dəfə keçiriləcək AVRO-2020 oyununu deputatlarımız izləyəcəklərmi? Onlar hansı komandaya azarkeşlik edirlər?

Azvision.az-ın əməkdaşı bu suallara cavab tapmaq üçün bir neçə deputatla əlaqə saxlayıb.



Deputat Aqil Abbas Avropa Çempionatının Bakıda keçiriləcək oyununu evdə televizor qarşısında izləyəcəyini deyib:

"Stadiona getməyə həvəsim yoxdur, ona görə televizor qarşısında baxacağam. Komandalar arasında Türkiyə milli komandasına azarkeşlik edirəm".



Deputat Fazil Mustafa çempionatda Türkiyəyə azarkeşlik etdiyini söyləyib. O, həmçinin futbol yarışına televizorda baxmağa üstünlük verdiyini bildirib.



Milli Məclisin deputatı Tahir Mirkişili oyunlara həm stadionda, həm də televizordan izləyəcəyini qeyd edib.

"Türkiyənin matçları mənim üçün maraqlıdır. Türkiyənin olduğu oyunları canlı izləmək istərdim. Eyni zamanda yarımfinal oyununa bilet alıb getmək istəyirəm. Türkiyə komandasına azarkeşlik edirəm, həmçinin hansı komanda yaxşı oyun nümayiş etdirərsə, onların oyununa baxacağam".



Deputat Azər Badamov AVRO-2020-yə hələ bilet almadığını vurğulayıb: "Stadionda da izləyə bilərəm. Lakin pandemiyaya görə sıxlıq ola bilər, ona görə evdə televizorda baxacağam. İstədiyim oyuna bilet alsam, gedib canlı izləyərəm. Komandalar arasında Türkiyəyə azarkeşlik edirəm".



Milli Məclisin digər deputatı Naqif Həmzəyev hesab edir ki, Avropa Çempionatının 4 oyununun Bakıda keçirilməsi sevindirici və Azərbaycan üçün vacib hadisədir:

"İmkan olacağı təqdirdə oyunları canlı izləyəcəyik. Bu, əsl idman bayramıdır. Türkiyə milli komandasına azarkeşlik edirəm. Bununla yanaşı, İngiltərə və İtaliya komandalarına da azarkeşlik edirəm. Ümid edirəm ki, bu komandalardan biri turnirin qalibi olacaq. Azərbaycan millisi çempionatda olmadığı üçün qəlbimiz Türkiyə ilə döyünəcək".

Aytən Zəhra
Azvision.az


Teqlər: Futbol   Deputat  





Xəbər lenti