“Şuşadan qayıdanda ermənilər bizə həsrətlə baxırdılar” - MÜSAHİBƏ (VİDEO)

  17 May 2021    Oxunub :12448
 “Şuşadan qayıdanda ermənilər bizə həsrətlə baxırdılar” -  MÜSAHİBƏ (VİDEO)
“Ermənilər festivaldan qayıdan azərbaycanlılara həsrət dolu gözlərlə baxırdılar”
Bunu Azvision.az -a müsahibəsində Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru Yadigar Muradov deyib. 13 nəfərlik heyətlə “Xarıbülbül” festivalına qatılan Əməkdar artist Şuşaya səfərlə bağlı təəssüratlarını bölüşüb.

- Yadigar bəy, arzularınız çin oldu. Həm festivalı canlı izlədiniz, həm də Şuşadakı evinizə baş çəkdiniz. Təəssüratlarınızı bilmək istərdik.

- Mənim bir arzum var idi, deyirdim, Ay Allah, qismət et, Şuşaya gedim və üzümü Qala qapısına sürtüb, “Sənsiz” romansını oxuyum və oradaca vəfat edim. Heç Şuşadakı evimə çatmayım. Qismət oldu, Qala qapısına üzümü sürtdüm, amma dediyimin əksini yaşadım. 1989-cu ildə “Xarıbülbül” festivalını keçirən və orada iştirak edən adamlardan biri də mən olmuşam. Bundan sonra festival hər il olacaq. Bizə də çıxış etmək qismət olar.



- Şuşadakı evinizi yaxından görə bildinizmi?

- Evimə getdim, qarşısında şəkil də çəkdirdim. Təsəvvür edin ki, o evi mən tikəndən sonra içində 1 il 8 ay yaşadım. Ermənilər illərlə evimi hərbi komissarlığa çeviriblər, balaca otaqlara bölüblər. Birinci mərtəbəsində isə erməni keşiş yaşayırdı.



- 29 ildən sonra yenidən doğma evinizə qayıtmaq necə bir hissdir?

- Məni evimə girəndə yox, Cıdır düzündə qəhər boğdu. Kollektimizin əməkdaşları ilə bir-birimizə baxdıq, gözlərimizdən yaş axdı. Aktyorumuz Teymur müəllim məni kövrəltdi. Dedim, “adam səhnəyə baxanda elə bilir ki, biz heç buradan getməmişdik”. Teymur müəllim də cavab verdi ki, “sanki yaşadıqlarımız kabus, yuxu idi”. Bu mənə çox pis təsir etdi. Orada o qədər dağıdılmış, viran qalmış evlər var ki. Mənimki də onlardan biri olsun. Məni torpağımız maraqlandırır. O evləri tikən oğlanlar sağdır, biz onu yenidən söküb bərpa edəcəyik.



- Festivalı necə qiymətləndirirsiniz? Sizi ən çox hansı ifa təsirləndirdi?

- Azərbaycanda yaşayan azsaylı xalqların yardıcılığına yer verilməsi çox gözəl addım idi. Bu Azərbaycanın tolerantlığını göstərən növbəti nümunədir. İkinci gün isə simfonik orkestrin, vokalistlərin çıxışı Qarabağ şikəstəsinin ifa edilməsi, Üzeyir bəyin əsərinin səslənməsi ürəyimdən xəbər verdi.

- Ermənilərə "Sovet pasportu" şeirində deyildiyi kimi “Alın, aa... Yana-yana qalın, aa!” dedinizmi?

- Biz mədəni millətik. Ermənin torpağını almamışıq ki, acıq verək. Öz torpağımızı azad etmişik, ortaya güc qoymuşuq. Prezident demişkən, bizim dəmir yumruğumuz var, başınıza birini də vursaq, məhv olarsınız. Biz festivaldan qayıdanda Şuşa ilə Xankəndinin arasında olan ərazilərdən keçirdik. 45-50 avtobusdan ibarət böyük karvan gedirdi. Ermənilər çöməlib, barmaqlarının arasında siqaret tutub bizə həsrətlə baxırdılar. Onu görmək hər şeyə dəyər.



- Festival zamanı ölkə başçısı ilə ünsiyyətiniz oldu.

- Bəli, Teymur müəllimlə mən cənab Prezidentə yaxınlaşdıq. Ona Teymur müəllimi təqdim etdim. Prezidentimiz onu tanıdığını dedi. Teymur müəllim əlavə etdi ki, yəqin, Şuşa teatrı üçün möhtəşəm bina olacaq. Prezident bunu təsdiqlədi.

Mən də dedim, cənab Prezident, vaxtilə Ulu öndər bildirmişdi ki, Şuşa abidələr şəhəridir. Siz isə dediniz ki, Şuşa Azərbaycan mədəniyyətinin paytaxtıdır. Eşq olsun sizlərə. Prezidentimizin çox böyük və kövrək ürəyi var. Biz onun ifalardan necə təsirləndiyini gördük.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Şuşa   Festival