“Xarıbülbül” festivalı ilə dünyaya mühüm mesajlar verdik”- Ceyhun Məmmədov

 “Xarıbülbül” festivalı ilə dünyaya mühüm mesajlar verdik”-   Ceyhun Məmmədov
  16 May 2021    Oxunub:4940
“Bu günlərdə Şuşada keçirilən “Xarıbülbül” festivalı Azərbaycan xalqı üçün nəinki mədəni, siyasi baxımdan da xüsusi əhəmiyyətə malikdir”.

Bunu Azvision.az –a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
Cəbrayıldan olan deputatın sözlərinə görə, təkcə şuşalılar deyil, ümumilikdə xalqımız 30 ilə yaxın idi ki, bu günü səbirsizliklə gözləyirdi:

“Şuşa Azərbaycanın mədəniyyət mərkəzlərindən biridir. Şəhərin tariximizdə, xalqımızın qəlbində özünəməxsus yeri var. Bu mənada Şuşanın uzun illər işğalda saxlanması Azərbaycan xalqında çox böyük narahatlıq yaratmışdı. Qeyd edim ki, Şuşanın eyni zamanda Qarabağ xanlığının yaratdığı bir mərkəz, vacib strateji şəhər kimi də önəmi çox böyük olub. Yenidən bu tarixi tədbirin işğaldan azad edilmiş şəhərdə geniş şəkildə təşkil olunmasında bir sıra məqsədlər var idi. Birinci məqsəd və hədəfimiz o idi ki, Azərbaycan dünyaya Şuşanın tarixi Azərbaycan şəhəri olmasını bir daha bəyan etsin. Beynəlxalq aləmə göstərdik ki, bu məkanın xalqımız, dövlətimiz üçün böyük önəmi var. Ölkəmiz bundan sonra heç vaxt yenidən erməni işğalçılarının baş qaldırmasına, təxribatlar törətməsinə imkan verməyəcək. Birmənalı olaraq bütün dünya bunu bilməlidir”.



Ceyhun Məmmədovun fikrincə, festivalın keçirilməsi ilə cənab Prezident hər kəsə bir mesaj ünvanladı ki, ölkəmiz, xalqımız əsrlərlə olduğu kimi bu gün də öz tolerantlığını qoruyub saxlayır. Azərbaycanın multikultural ölkə olması, burada dini, milli-mənəvi dəyərlərə xüsusi önəm verilməsi incə detallarla dünyaya nümayiş etdirilmiş oldu:

“Festival zamanı Azərbaycanda yaşayan xalqların nümayəndələrinin musiqi qruplarının ifaları dünyaya bir mesaj idi ki, biz Ermənistan kimi monoetnik dövlət yaratmırıq, digər mədəniyyətlərə, din və xalqlara qarşı dözümsüz münasibət, siyasət sərgiləmirik. Təbii ki, bütün bunlar xalqımızın böyüklüyü, gələcəyə baxışının bir göstəricisi idi. Bu böyük mədəni tədbirdə nümayiş olunanlar həm də ermənilərə bir mesaj oldu. Yəni sizin də ölkəmizdə dinc şəkildə yaşayan digər xalqlarla birgə addımlamaq imkanınız, şansınız var. Bəli, ermənilərin uzun illər bizə qarşı etdikləri mədəni-mənəvi və digər terrorları, vəhşilikləri unutmamışıq, unutmarıq da. Amma, eyni zamanda biz gələcək barədə düşünməliyik. Cənab Prezident festivalda çıxışı zamanı qeyd etdi ki, ölkələrin inkişafı, tərəqqisi birbaşa birgəyaşayışla bağlıdır. Dünyada baş verən hadisələr də bunu göstərir. O ölkələr uğurla gələcəyə doğru addımlayırlar ki, onlar birgəyaşayış modelini qura biliblər. Həmin dövlətlər, xalqlar digər azsaylı xalqların nümayəndələri ilə sülh və qarşılıqlı anlaşma şəraitində yaşaya bilirlər. Azərbaycan xalqı bu faktoru “Xarıbülbül” festivalında nümayiş etdirdi”.

Deputat onu da vurğulayıb ki, Prezident İlham Əliyev Şuşada çıxış edərkən xalqımızın milli-mənəvi dəyərlərə bağlılığını da xüsusi olaraq qeyd etdi. İnsanların 44 günlük Vətən müharibəsi zamanı əldə edilən qələbəyə gedən yolda birlik, həmrəylik nümayiş etdirməsi, dini, siyasi baxışından asılı olmayaraq hər kəsin ağır günlərdə vahid mövqedən çıxış etməsi ümumi zəfərimizin təməlini qoydu:

“Bu gün artıq azad olunması ilə müharibədə həlledici rol oynamış Şuşa şəhəri nəinki tarixi mədəni tədbirlərini özünə qaytarır, burada ciddi yenidənqurma işlərinə də başlanılıb. Yeri gəlmişkən, bir məsələni də təəssüflə qeyd etmək lazımdır ki, 30 ilə yaxın müddətdə Şuşadakı dini və tarixi abidələrimiz erməni işğalçılar tərəfindən vəhşicəsinə dağıdılaraq, qarət edilib. Belə bir böyük mədəni tədbirin keçirilməsi ilə biz beynəlxalq aləmə onu da mesaj verdik ki, qısa müddətdə tarixi şəhərimizi dünyanın ən gözəl və abad yerlərindən birinə çevirəcəyik. Şuşa yenidən mədəniyyət paytaxtı, tarixi məkan kimi öz əhəmiyyətini qoruyub saxlayacaq”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Şuşa   Xarıbülbül   Festival   Ceyhun-Məmmədov   Tolerant  





Xəbər lenti